Modern.az

Laçınlılar Novruz bayramını doğma yurdlarında qeyd edir - FOTOLAR

Laçınlılar Novruz bayramını doğma yurdlarında qeyd edir - FOTOLAR

Qarabağ

19 Mart 2024, 20:20

Uzun illər sonra doğma yurdlarına qayıtmış Laçın sakinləri ilaxır çərşənbəni böyük coşqu ilə qeyd ediblər. Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası təşkil olunub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər qonaqlar da iştirak edib.

 

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Əsədov çıxış edərək laçınlıları Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.

 

“Can Laçın” yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar, həm də respublikanın müxtəlif bölgələrindən gəlmiş sənətkarların əl işləri sərgilənib. Yarmarkaya usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri ilə, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qatılıblar. Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları da sərgilənib. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, laçınlı xanımların əl işləri və şirniyyatlar, “Zerti Aqrosənaye” kompleksinin məhsulları da yarmarkada yer alıb.

 

Bayram tədbirində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Novruzun personajları olan Kosa və Keçəl “İsma Bikes”in istehsalı olan velosipedlərdə bayram tədbirinə gəliblər. Bayram tədbirində hədiyyəli müsabiqələr və yarışmalar da təşkil edilib. Kosa bayram iştirakçılarının adları yazılan kağız parçalarını öz xurcununa yığıb və müsabiqədə adları çıxan beş nəfərə “İsma Bikes”in velosipedləri hədiyyə olunub.

 

Kosa və Keçəl tapmacalar deyib, yumurta döyüşdürüblər. Bayram tədbirində respublikanın tanınmış incəsənət ustalarının, Laçın rayonundan olan aşıqların, Dövlət Mahnı Teatrının, Beynəlxalq Muğam Mərkəzinin solistlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.

 

Bayram tədbirində Novruz tonqalı alovlandırılıb, iştirakçılar “Yallı” və şən musiqi sədaları altında rəqs ediblər.

 

AZƏRTAC-ın bölgə müxbiri bayram tədbirində iştirak edən Laçın sakinlərinin təəssüratını öyrənib. Sevil Ağayeva deyib: “32 il Vətənimizdən, doğma yurdumuzdan kənarda yaşamaq məcburiyyətində qaldıq. Biz cənnətdən qovulmuşlar idik. İndi cənnətimizə qovuşmuşuq. Özümü dünyanın ən bəxtəvəri hesab edirəm ki, Laçınıma qayıtmışam. Əziz bayramımız Novruzun belə yüksək səviyyədə qeyd olunması ürəyimi dağa döndərir. Sevincimdən ürəyim sinəmə yerləşmir. Prezidentimizə cansağlığı arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin”.

 

Orxan Əhmədov isə deyib: “30 ildən artıq müddətdə Ağcabədidə məskunlaşdıq. Bu illər ərzində ən böyük diləyimiz Laçınımıza qayıtmaq, bayramlarımızı burada keçirmək olub. Bu gün arzularımız reallaşıb. Doğma yurdumuza qayıtmışıq. İlaxır çərşənbəni yüksək əhvalla qeyd edirik. Buna görə sevincimizin həddi-hüdudu yoxdur”.

 

Qeyd edək ki, “Can Laçın” yarmarkası ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunub. (Azərtac)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü