Modern.az

Pianoçu, futbolçu, iqtisadçı və prezident...  - FOTOLAR

Pianoçu, futbolçu, iqtisadçı və prezident...  - FOTOLAR

Reportaj

12 Aprel 2022, 09:15

Fransanın hazırkı prezidenti Emmanuel Makron dövlət başçısı postunu əldən vermək istəmir. O yenidən prezidentlik uğrunda mübarizə aparır. Aprelin 11-də keçirilən prezident seçkilərinin ilk turunda Makron əzəli rəqibi Marin Le Pendən üstün olsa da, onun topladığı səs qalib gəlməsi üçün yetərli olmayıb. Beləcə, hər iki namizəd ikici turda mübarizə apararaq, yenidən güclərini sınayacaqlar. 

 

Makronun prezidentliyi heç də uğurlu hesab olunmur. Onun hakimiyyəti dövründə Fransada sosial- iqtisadi durum daha da pisləşib, narazılıqlar kəskin artıb.

 

Emmanuel Makronun prezidentliyə gələn yolu...

 

Modern.az xəbər verir ki, 2017-ci ildə 39 yaşında prezident seçilən Makron Fransa tarixində ölkənin ən gənc rəhbəri olub. O, seçkilərin ikinci turunda gözlənilmədən 66%-dən çox səs toplayaraq, rəqibi Marin Le Peni xeyli fərqlə üstələyib.

 

 

Tərcümeyi-halına gəlincə, Makron Fransanın şimalındakı Amyen şəhərində həkim ailəsində anadan olub. Onun şəxsiyyətinə müəllimlik edən və fransız dilinə sevgi aşılayan nənəsi böyük təsir göstərib.

 

Məktəbdə Makron parlaq nəticələr göstərərək müəllimlərin sevimlisi olub.

 

16 yaşında fransız dili müsabiqəsinin qalibi seçilib. Məktəb illərində fortepiano ilə ciddi məşğul olub, hətta Amyen Konservatoriyasında keçirilən musiqi yarışmasında üçüncü yer qazanıb.

 

 

Emmanuel Makron həm də teatr həvəskarıdır. O tamaşaları izləməyi sevir və bunu dəfələrlə çıxışlarında etiraf edib.

 

 

Gəncliyində Makron yazıçı olmaq istəyirdi. 2016-cu ildə çıxardığı "İnqilab" kitabı onun müəllifi olduğu yeganə ədəbi əsər deyil, lakin digərləri hələ çap olunmayıb. Məlumdur ki, o, yeniyetmə ikən sevgi romanı yazıb.

 

"Mən həmişə romanlar, şeirlər yazdım. Sonra nazir, namizəd, prezident olanda yazmağım azalıb. Yazmaq, içinizdəki vacib şeylərlə qarşılaşmaq, aydınlıq və emosiya axtarmaq mənim üçün vacib olub. Çıxış, köşə əslində ideyaların kristallaşdığı məqamdır. Ona görə də hesab edirəm ki, prezident çıxışlarımı kiməsə həvalə etmək lazım deyil və mən bütün mətnlərim üzərində şəxsən işləyirəm", - Fransa prezidenti qeyd edib.

 

 

Bundan əlavə, Makron tennis və futbol pərəstişkarıdır, uzun illərdir ki, "Olimpik Marsel" klubuna azarkeşlik edir. Fransa liderinin diqqətdən kənarda qoymadığı digər idman növü boksdur. Bəzi mənbələrə  görə, Makron Yelisey sarayının idman zalında boksla məşğul olur, təhlükəsizlik xidmətinin əməkdaşlarından biri isə onun sparrinq tərəfdaşıdır.

 

O, həmçinin qırmızı şərabı, Çarlz Aznavur və Conni Hallideyin mahnılarını, eyni zamanda operanı çox sevdiyini bildirir. Fransanın hazırkı rəhbəri xarici görünüşü dü diqqətdən kənar qoymur. 2017-ci ildə mətbuatda yayılan məlumata görə, Makron üç ayda stilistlərin xidmətinə 26 min avro xərcləyib.

 

 

Makron Paris X - Nanterre Universitetinin fəlsəfə fakültəsində təhsil alıb və tələbəlik illərində məşhur fransız filosofu Pol Rikorun köməkçisi olub. Bundan əlavə, o, Elmlər-Po Siyasi Araşdırmalar İnstitutunda elmi dərəcə alıb və siyasi elitanın kadrlarının dayağı sayılan ENA Milli İdarəçilik Məktəbini bitirib.

 

Makronun siyasi yolu 2006-cı ildə Sosialist Partiyasına daxil olması ilə başlayıb. Daha sonra ona Fransua Olland rəhbərlik edib. 2012-ci ildə Makron partiyanın baş katibinin müavini vəzifəsinə yüksəlib, iki ildən sonra isə Fransanın iqtisadiyyat, sənaye və rəqəmsal texnologiyalar naziri postunu tutub. Nazir kimi Makron iqtisadiyyatın bir sıra sektorlarının liberallaşdırılmasına yönəlmiş islahatlar paketi hazırlayıb. Xüsusən də bazar günləri Fransada mağazaların işini öz üzərinə götürən “Makron qanunu” ölkədə geniş müzakirələrə səbəb olsa da, sonda qəbul olunub.

 

Zənginliyə doğru

 

Ollandın himayədarı sayılan Makronun ilk prezidentlik müddətinə namizədliyi ilə bağlı qərar 2016-cı ilin noyabrında açıqlanıb. Çoxları üçün gözlənilmədən o, ictimai rəy sorğularında lider mövqe tutub və 2017-ci il seçkilərində qalib gələ bilib.

 

Makronun ilk “beşillik planı” Fransaya sarsıntılar və böhranlar yaşadıb. Hökumətin SNCF dəmir yolu şirkətində təklif etdiyi islahatlara qarşı irimiqyaslı dəmir yolu tətilləri, sarı jiletlilər hərəkatının kütləvi etirazları, planlaşdırılan pensiya islahatına qarşı nümayişlər, qlobal təhlükəsizlik qanununa qarşı aksiyalar, Paris yaxınlığında tarix müəlliminin vəhşicəsinə öldürülməsi, Nitsa kilsəsində terror aktı, koronavirus epidemiyası fonunda sanitar böhran və digər neqativ amillər onun hakimiyyət dövrünə təsadüf edib.

 

 

Makronun imicinə dair sınaqlardan biri də onun administrasiyasının keçmiş əməkdaşı, 2018-ci ilin mayında nümayişçilərə qarşı güc tətbiq etməkdə ittiham olunan və ikisi şərti olmaqla üç il müddətinə azadlıqdan məhrum edilən Aleksandr Benalleyə qarşı cinayət işinin açılması idi. Lakin Makron reytinqini qoruyaraq bütün çətinliklərin öhdəsindən gəlmək üçün geri çəkilmədi və mübarizə apardı. 

 

Onu da bildirək ki, Fransada indiki seçki kampaniyasına Ukrayna hadisələri əhəmiyyətli dərəcədə təsir edir. Makron Ukrayna mövzusunda xüsusi həssaslıq nümayiş etdirərək, xalqın etimadını qazanmağı hədəfləyir. 

 

Makronlar kimdir?

 

Prezident Makron və həyat yoldaşı Bricitin yaş fərqini nəzərə alaraq qeyri-adi sevgi hekayəsi həmişə mətbuatın diqqətini çəkib. Bricit Makrondan 24 yaş böyükdür. Onlar 1993-cü ildə Amiens Kollecində Makronun 15, Bricitin 39 yaşı olanda tanış olublar. Bricit fransız dilini öyrədir və teatr qrupuna rəhbərlik edirdi. O vaxt üç uşaqlı evli bir xanım idi. Emmanuel valideynlərinə teatr studiyasındakı müəlliminə aşiq olduğunu söyləyəndə, onlar oğullarını Parisdə - IV Henri-IV elit liseyinə oxumağa göndəriblər.

 

 

Fransa mətbuatında yer alan məlumatlarda qeyd olunur ki, 17 yaşlı Emmanuel sevgilisinə "Nə edirsən et, səninlə evlənəcəyəm" deyib və belə də olub. 

 

2006-cı ildə Bricit birinci ərindən boşanıb. Bir müddət sonra Makron ona evlilik təklifi edib. Makron cütlüyünün ortaq uşaqları yoxdur. Bricitin ilk evliliyindən üç övladı və yeddi nəvəsi var. 2017-ci ildə hələ prezidentliyə namizəd olarkən Makron məktəblilərlə söhbət edərkən vəziyyəti belə şərh edib:

 

"Bu mənim seçimimdir. Həyat yoldaşım Bricitin üç övladı var... İnanıram ki, ən başlıcası uşaqları yaxşı böyütməkdir, onları sevirəm və yeddi nəvəm var”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü