Modern.az

İçərişəhərin restavrasiya olunan abidələri - REPORTAJ

İçərişəhərin restavrasiya olunan abidələri - REPORTAJ

Reportaj

18 Aprel 2022, 18:08

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu münasibətlə İçərişəhər ərazisində ziyarət üçün qapalı olan abidələr media nümayəndələrinə təqdim edilib.

 

Modern.az xəbər verir ki, restavrasiya prosesində olan tarixi məscid və hamamların bəzilərinin bərpa prosesi başa çatıb. Yaxın zamanda yerli və xarici turistlər üçün xüsusi turlar təşkil ediləcək və onların bu abidələrlə yaxından tanışlığı təmin olunacaq.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu gün təşkil etdiyi mediatur çərçivəsində ziyarətə qapalı olan abidələrə jurnalistlərin ilk ziyarəti baş tutub.

 

Mediatur zamanı İçərişəhər Qoruq İdarəsinin mətbuat katibi Səfayə Əhmədova, İdarənin Elm və mədəni irsin tədqiqi-təşviqi sektorunun müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva və İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova abidələr haqqında məlumat verib, jurnalistlərin suallarını cavablandırıblar.

 

Vəfa Quliyeva qeyd edib ki, İçərişəhər orta əsr şəhərsalma nümunəsi kimi 28 məhəllədən ibarətdir və hər məhəllənin özünün məscidi, hamamı olub:

 

“İçərişəhərdə şəhərsalmanın əsas prinsipi bu idi ki, əvvəl məscid və hamamlar tikilir, sonradan bunun ətrafında yaşayış yerləri salınardı. Restavrasiyadan sonra bir sıra mədəniyyət abidələri ictimaiyyətə, turistlərə açıq elan edilib. Aprelin 18-dən etibarən ziyarət üçün açıq olacaq abidələr Molla Əhməd Məscidi, Məhəmməd Məscidi, Çin məscidi və Cümə məscidinin digər hissəsidir".

 

 

“Molla Əhməd” məscidinin üzərindəki yazıda ibadət ocağının tarixi qeyd olunub. Bu, XIV əsrin abidəsidir və orta əsrlərə aid digər abidələr kimi birmərtəbəlidir. Məscidin azan səsləndirmək üçün minarəsi, eyni zamanda daxildə səsin yüksək çıxması üçün istifadə edilən xüsusi oyuqları mövcuddur.

 

“Məhəmməd” məscidi 1078-79-cu illərə aid memarlıq nümunəsidir. Ötən əsrin 60-cı illərində burada qazıntılar aparılıb. Məscidin özülündə antik dövrə aid sütun və atəşpərəstlik məbədinin qalıqları aşkarlanıb.

 

“Məhəmməd” məscidi Şirvanşahlar dövrünə aiddir. Abidənin üzərinə qazılan yazıda deyilir ki, məscid əl-Ustad, əl-Rəis Məhəmməd ibn Əbubəkr tərəfindən inşa olunub. Əl-Ustad əl-Rəis həmin dövrdə şəhər rəhbəri funksiyasını daşıyırdı.

 

 

Yazıda Şirvanşahın adı qeyd edilməyib. Bu ondan xəbər verir ki, həmin dövrdə şirvanşahların hakimiyyəti çox zəif olub. Şəhər rəhbərliyi isə əksinə, böyük nüfuza malik idi. Bu qüvvələr Şirvanşahlar hakimiyyətinə müxalif mövqeyi ilə seçilsələr də, bütün şəhəri onlar idarə edirdilər. Məscidlərin üzərindəki yazıları tarixçi-epiqrafist və şərqşünas, tarix elmləri doktoru Məşədixanım Nemətova işləyib”, - qurum rəsmisi bildirib.

 

Vəfa Quliyevanın sözlərinə görə, ümumilikdə İçərişəhər və qədim Bakı mədəniyyətlər qovşağının mərkəzində yerləşirdi:

 

“Burada atəşpərəstlik, xristianlıq, həmçinin, İslam dininə inananlar yaşayıb. Müxtəlif mədəniyyətlərin bir arada yaşaya bildiyi bu şəhər ona görə, hələ qədim dövrdən tolerantlığın mərkəzi hesab oluna bilər. Orta əsrlərdə islam dövlət ideologiyası idi, onun daşıyıcıları olan ruhanilər dövlətdə böyük vəzifələr tutublar. Cümə məscidi isə orta əsrlərdə xüsusilə ictimai-siyasi mərkəz rolunu oynayırdı. Həmin dövrdə kütləvi informasiya vasitələri yox idi. Hökmdarların, dövlətin qəbul etdiyi bütün qərarlar xalqa cameələrin minarələri vasitəsilə çatdırılırdı. Cümə məscidinin minarəsinin kürsülüyündə çoxlu fərmanlar var. Şah Abbasın, I Təhmasibin və digər Səfəvi şahlarının fərmanları, sərkərdələrin başdaşılarının yazıları minarənin kürsülüyünə hörülüb. İçərişəhərdə abidələrin qorunmasına, bərpasına, təbliği və tədqiqinə ciddi diqqət edilir. Çoxsaylı qonaqlar Azərbaycan xalqının nadir incisi olan bu tarixi ərazini ziyarət edirlər”.

 

 

Ziyarətimiz sırasında diqqətimizi çəkən məqamlardan biri də restavrasiyası hazırda davam edən binalar idi. Məsələn, Azərbaycanın məşhur soylarından olan Mansurovların yaşadığı, qəzalı vəziyyətdə olan binanın restavrasiyası artıq yekunlaşmaq üzrədir.

 

Qoruq İdarəsinin rəsmisi Vəfa Quliyeva deyib ki, bərpa işləri tam yekunlaşandan sonra binanın sakinləri yenidən evlərinə köçürüləcək və bəzi otaqlar tarzən kimi məşhur olan Mansurovların ev muzeyi kimi fəaliyyət göstərəcək.

 

Media nümayəndələri hələlik restavrasiya planına daxil edilməyən Qasımbəy hamamını da ziyarət ediblər. Ziyarət üçün qapalı olan tarixi hamamın gələcəkdə restavrasiya planına salınacağı ehtimal edilir.

 

 

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, Qasımbəy hamamı qədim zamanlarda el arasında “şirin hamam” kimi tanınıb:

 

“Hamamın belə adlanması barədə iki versiya səsləndirilir. Bir versiyaya görə, Azərbaycanda ilk dəfə bu hamamda ziyarətçilərə çay və şirniyyat təqdim edilib. İkinci versiyaya görə, suyu şirin olduğundan “şirin hamam” adını alıb”

 

 

“Azərbaycanda XX əsrin ortalarına qədər hamam biznesi ən inkişaf etmiş iş idi. “Şirin hamam”ın tarixi əslində Şirvanşah I Xəlilullah dövrünə dayanır. XV əsrə aid olan hamam Xəlilullahın əmri ilə inşa edilib. Lakin 1876-cı ildə İçərişəhər sakini Qasım bəy adlı şəxs tərəfindən bu hamam əsaslı bərpa etdirilib və istifadəyə verilib. Bundan sonra hamam Qasımbəy hamamı adlanıb. Sovet dövründə isə uzun müddət “Bənövşə” adlı aptek-muzey kimi də fəaliyyət göstərib”, - Əminə Məlikova jurnalistlərlə söhbətində deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü