Modern.az

Hacı Sabir Həsənli HARALARDADI...

Hacı Sabir Həsənli HARALARDADI...

Reportaj

12 Oktyabr 2023, 10:30

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat, din xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Bu dəfə çoxdandır mətbuatın haqqında yazmadığı tanınmış dinşünas alim Hacı Sabir Həsənlinin haralarda olduğunu dəqiqləşdirməyə çalışdıq.

Yeri gəlmişkən, Hacı Sabiri yada salmağımız da təsadüfi deyil. Bu gün onun doğum tarixidir, 78 yaşı tamam olur.

Hacı Sabir Həsənli hazırda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini olaraq fəaliyyətini davam etdirir.

O, eyni zamanda həm də “Heydər” Məscidi Kompleksi İdarəsinin sədridir. Bu vəzifəyə 2015-ci ildə təyinat alıb.

Hacı Sabirlə bağlı daha bir maraqlı məlumat ondan ibarətdir ki, hələ də Bakı İslam Universitetinin rektoru kimi qalır. Məsələ burasındadır ki, bu universitet 2018-ci ildə bağlansa da, sonuncu dəfə ora qəbul olunmuş tələbələr təhsillərini bu tədris ilində başa vuracaqlar. Bu səbəbdən hazırkı təhsil ili başa çatanda cənab Həsənli də rektor vəzifəsindən məhrum olacaq.

Bir ara səhhətilə bağlı problemlər yaşayan Hacı Sabirin hazırda gümrah olduğu deyilir.

Media əvvəllər bir neçə dəfə Hacı Sabir Həsənli ilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə arasında soyuq münasibətin hökm sürdüyünü iddia etsə də, tərəflər öz açıqlamalarında bunu inkar edib, iddiaları ara söz-söhbəti adlandırıblar.


Sabir Hüseyn oğlu Həsənli 1945-ci il oktyabr ayının 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini, 1982-ci ildə isə Daşkənd İslam Universitetini bitirib.

1966-1967-ci illərdə Yəmən Ərəb Respublikasında tərcüməçi işləyib. 1994-cü ildə “Ortaçağ (XII-XVI əsrlər) Azərbaycan dini-fəlsəfi fikrində iman və bilik” mövzusunda dissertasiya müdafiə edərək Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmləri üzrə alimlik dərəcəsi alıb.

Din tarixi və İslam fəlsəfəsinə dair "İman və elm", "Adəmdən Xatəmə", "Haqqa doğru", "İslam mədəniyyətində elm", "101 hədis", "Peyğəmbərlər tarixi" adlı kitabların müəllifidir.  

Uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, “Simurq” Beynəlxalq Mədəniyyət assosiasiyasının vitse-prezidentidir.

1991-ci ildən Bakı İslam Universitetinin rektoru olub. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdı. Bakı İslam Universitetində 2 fakültə vardı: İslamşünaslıq və Şəriət fakültələri.
Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunurdu.
Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra 2018-ci ildə Bakı İslam Universiteti  fəaliyyətini dayandırdı.

Hacı Sabir Həsənli Azərbaycanda dini təhsilin inkişafındakı xidmətlərinə görə, ölkə başçısının 2005-ci il 30 dekabr tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Evlidir, 2 övladı var.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok