Bu gün kompüter və smartfonlar üçün nəzərdə tutulan minlərlə oyuna rast gəlmək olar. Təbii ki, bu oyunların auditoriyasında uşaqlar əksəriyyət təşkil edir. Düzdür, gənclər və yuxarı yaşlı insanlar da müxtəlif oyunlara maraq göstərirər. Ancaq uşaqlar və yeniyetmələr baxdıqları, maraq göstərikləri oyunlardan daha çox təsirlənirlər.
Bəs, mobil oyunlar və bəzi seriallar yeniyetmələrə necə təsir göstərir?
Bu barədə Modern.az-a danışan psixoloq Elnarə Ceray bildirib ki, ümumiyyətlə kompüterdə oynanan oyunlar həmişə uşaqların əqli inkişafında müsbət rol oynamır:
“Baxır uşaqlar hansı oyunlardan yararlanırlar, nə kimi oyunları oynayırlar. Yeniyetməlik dövründə uşaqlara daha çox diqqət göstərmək lazımdır ki, kompyüter qarşısında otururlarsa, nə kimi oyunlarla məşğul olurlar. Çünki oynadıqları oyunlar onların emosiyalarına müsbət və ya mənfi təsirini göstərir. Çox zaman şiddətli oyunlar oynayırlarsa, kriminal hadisələrdən ibarət oyunlara baxırlarsa, bu, onların xarakterlərinə və gündəlik həyat tərzlərinə öz mənfi təsirini göstərir. Çünki uşaq məktəbə gedəndə, uşaqlarla bir araya gələndə valideyn onları görmür ki, onlar nə tip oyunlarla məşğuldurlar. Valideyn ancaq evdə nəzarət edə bilir. Təbii ki, evdən kənarda nəzarət mümkün olmur”.

Onun sözlərinə görə, bu baxımdan internet klubları idarə edənlərin də üzərinə məsuliyyət düşür:
“İnternet klublarında uşaqların oynadığı oyunlara kənardakılar, yəni klub sahibləri nəzarət etməlidirlər ki, oynanan oyun uşağın yaşına uyğundur, yoxsa yox.
Belə olmayan halda, təbii ki, orada müəyyən mənfi hadisələr baş verir. Adicə elə türk serialları olur ki, onlarda kriminal səhnələr olur, yaxud savaşı göstərən dizi və filmlər olur. Buna baxan yeniyetmə uşaqlar həmin serialların qəhrəmanlarına oxşamağa, onun kimi davranmağa çalışırlar. Orada kimisə öldürürlərsə, buna baxan yeniyetmələr başqalarını öldürəcəkmiş kimi davranır. Evdə bacı-qardaşları varsa, bunu onların üzərində tətbiq etməyə çalışırlar. Yəni izlədikləri görüntülər onların əqli inkişafına təsir edir. Özlərini həmin baş qəhrəmana bənzətməyə çalışırlar”.
Psixoloq qeyd edib ki, məktəbdə və ya başqa kənar bir yerdə bu nəzarət olmadığı üçün xoşagəlməyən hadisələr yaşa bilər:
“Ona görə də, evdə uşaqları daha maraqlı oyunlara sövq etmək lazımdır. Xüsusilə evdə oğlan uşağı böyüyürsə, ata faktoru onunla daha çox məşğul olmalı və maraqlı oyunlar oynamalıdır ki, digər mənfi oyunlara maraq göstərməsin. Onlara daha artıq vaxt ayrılmalıdır. İstər-istəməz yeniyetməlik dövrü elədir ki, bu zaman uşaqlar həyəcanını nəyləsə göstərməyə çalışır. Adrenalin çoxalır və sonra hər hansı bir mühitdə cavabdeh ola bilmirlər. Çünki gənclər də həyacanlarını öldürmək üçün müəyyən məkanlara üz tuturalar.
Ona görə də, daha maraqlı, daha əyləncəli oyunların təşkil edildiyi məkanlar olsa, bu daha yaxşı olar. Düzdür, belə məkanlar var. Ancaq belə yerlərin sayı daha da artsa, gənclərin emosiyalarını idarə etməsi üçün yaxşı olar. Bu zaman onlar digər fikirlərə qapılmazlar. Adi gənclərin geyimində belə oynadıqları oyunların qəhramanları kimi geyinməyə çalışdıqlarının şahidi oluruq. Xatırlanırsa, bir zaman Kurtlar Vadisi serialı gedirdi və balacadan-böyüyə uşaqlar baş qəhrəman kimi geyinməyə, onun kimi davranmağa çalışırdı. Çünki onlara izah edən yoxdur ki, bu müsbət qəhrəmandı, yoxsa mənfi qəhrəmandır. Nəticədə, uşaq nəyi görürsə, onu təlqin edir”.
Turqay Musayev