Modern.az

Təhsil vacibdir, yoxsa diplom?

Təhsil vacibdir, yoxsa  diplom?

Ölkə

1 Dekabr 2011, 15:50

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Təhsil vacibdir, yoxsa  diplom? Cəmiyyətimizdə formalaşan fikirlərdən belə nəticəyə gəlmək mümkündür ki, diplom daha önəmlidir. Diplomun olanda başını dik tutub deyirsən ki, mən ali təhsilliyəm. Başqaları üçün maraqlı deyil savad baxımından onlardan fərqlənirsən ya yox? Etiraf edək ki, çoxumuz heç də ali təhsilsizlərdən fərqlənmirik. 
        
“...Yox, yox mən savadsız deyiləm.. Mənim diplomum buna sübutdur” kimi fikirlərin formalaşdığı cəmiyyətdə problemin hardan qaynaqlandığını tapmaq çətindir. Bəs, savadsızlığın kökündə nə dayanır? Başlayaq elə orta məktəbdən. Orta məktəblərdə verilən təhsildə problem var, deyənlərdə insaf yoxdur, fikrimizcə. Axı onların əməyinin nəticəsidir ki, ali məktəblərə qəbul olmuşuq. Deyəsən, fikirlərimdə yenə yanılıram. Sabah hazırlıq müəllimim gəlib etiraz etməz ki, mənim əziyyətimi niyə heç edirsən? Səni öyrədənə kimi nə qədər əziyyət çəkmişəm. Deyəcək ki, mənim səylərimin nəticəsidir ki, sən indi ali təhsil ocağında təhsilini davam etdirirsən. Hətta bunu sübut etmək üçün soruşacaq ki, kimyadan, fizikada nə bilirsən? Mən də deyəcəm ki, heç nə. Niyə? Axı 6 il fizika, 5il kimya “oxumuşam”. Heç kim də deyə bilməz ki, zəif oxumusan. Mən sinfin əlaçısıydım və dərslərimin hər birinə hazırlaşırdım. Bəs onda niyə bilmirəm? Ona görə ki, reaksiyaları əzbər öyrənib danışırdım. İndi hər şey yadımdan çıxıb. Müəllimim bunları mənə lobaratoriyada izah etsəydi hər şey yadımda qalardı.

Mən indi hazırlıq müəllimimə necə deyə bilərəm ki, sizin əməyiniz deyil?

Keçək ali təhsil müəssisələrindəki təhsilə. Min bir əziyyətlə universitetə qəbul oluruq. Yay aylarında sevincimizin həddi-hüdudu olmur ki, ali məktəb həyatımızı bütövlükdə dəyişəcək. Elə dəyişir də... Bir az səbrli olun, izah edəcəm.

Hamımıza məlumdur ki, hər müəllim bir dövr və yaxud bölmə üzrə ixtisaslaşıb. O, fənnini bizə tədris edib qurtarır və imtahana hazırlaşırıq. Hazırlaşırıq ki, savadlı olduğumuzu qrup yoldaşlarımıza da, özümüzə də sübut edək. Beləliklə, imtahan vərəqində bir nöqtəlik ağ yer belə buraxmırıq. Şəffaflıq məqsədilə imtahan vərəqlərini fənni tədris edən müəllimlər yoxlamırlr. Başqa sahədə ixtisaslaşan, tam fərqli mövzuda elmi iş üzərində işləyən, müdafiə edən və yoxlayacağı fənndən anlayışı olmayan biri adsız yazıları yoxlayır və balları o qədər aşağı yazır ki, ruh düşgünlüyü keçiririk. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra oxumağın daşını atırıq.

Problem bununla da bitmir. Mühazirələrdə imla yazmaq bizim heç birimizə lazım deyil. Çünki iş yerində bizdən soruşmayacaqlar ki,dəftərin səliqəlidir ya yox, hərf səhvi etmisən ya yox. Dəftərin naxışlarla bəzədilibmi? Bizə yenilikçilər lazımdır. O yenilikçilər ki, XXI əsrin ürəyi olan kompyuter texnologiyasını bilir. Bizlə bərabər addımlayır.  Mühazirələri imla yazdırmaqla yox, slaydlarla praktik şəkildə izah edir.

Mən jurnalistika fakültəsinin tələbəsiyəm. Amma professional, standartlara cavab verən kameranın necə olduğunu görməmişəm. Kameramız həftədə 3 dəfə təmirə aparılır. Bir tərəfi düzələndə, o biri tərəfi xarab olur. Şadlıq saraylarında belə bu kamerayla çəkilişlər aparılmır. Amma biz çəkirik. Ən azından texnologiyalar əsrində yaşadığımızı unutmağa çalışaraq nə isə öyrənməyə səy göstəririk. Amma yenə də mükəmməl təhsil ala bilmirik.

O ki qaldı iş məsələsinə? Ondan heç söz açmağa dəyməz. Özəl sektorlarda işçinin təcrübəsinə önəm verildiyindən, universitet bitirdin, ya bitirmədin, onlar üçün fərqi yoxdur. Onları da qınamıram, çünki onlar iş qurmayıblar ki, bizim təcrübəsizliyimiz nəticəsində müflis olsunlar. Deyəcəksiniz ki, sizin təcrübəsizliyinizdə təhsilin nə günahı var? Amma var. Ona görə ki, avadanlıq olsaydı, universitetdə də təcrübə qazana bilərdik. Və  hər hansı bir çəkiliş meydançasına iştirakçı kimi çağrılarkən, gözümüz avadanlıqlarda deyil, qonaqlarda olardı.

Bu kimi çətinliklərə baxmayaraq xalqımın gələcək inkişafında rolumun olması ümidi ilə öz üzərimdə səylə çalışıram.


Röya  Qarabağlı
BDU, Jurnalistika fakültəsi III kurs

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı