Modern.az

Deputat etiraz etdi, ekspert təriflədi - Təhsillə bağlı qərara fərqli reaksiyalar

Deputat etiraz etdi, ekspert təriflədi - Təhsillə bağlı qərara fərqli reaksiyalar

Təhsil

6 İyun 2023, 17:32

Azərbaycan məktəblərində gələn ildən etibarən 6-cı siniflərdə biologiya və fizika ayrıca fənn kimi tədris olunmayacaq. Bunun əvəzində 5-ci siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacaq.

 

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ötən gün jurnalistlərlə görüşdə tədrislə bağlı yenilikləri diqqətə çatdırıb. “Artıq məktəblərdə fənlərin standartlarına baxılması üçün müzakirələrə başlanılıb. Yeni tədris ilindən bütün məktəblərin 6-cı siniflərində yeni məzmunlu təbiət fənninin tədrisinə başlanılacaq. Bununla da biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq”, - nazirlik rəsmisi deyib.

 

Biologiya və fizikanın ayrıca fənn kimi tədrisdən çıxarılması birmənalı qarşılanmayıb. Bir çox təhsil ekspertləri və deputatlar nazirliyin qərarını qınayıblar. Lakin yeniliyi dəstəkləyənlər də var.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov yeni qərarın düzgün olmadığını deyib. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu qərara yenidən baxmalıdır:


“Düşünürəm ki, belə qərarlar qəbul edilərkən mütləq ümumi vəziyyət ciddi şəkildə təhlil olunmalıdır. Yəni mənim baxışım nöqteyi-nəzərimdən biologiya və fizika tamamən ayrı-ayrı fənlərdir. Bunlar heç də eyni fənlər deyil. Bu səbəbdən fizika və biologiyanın ümumiləşdirilməsini düzgün qərar kimi qəbul etmirəm. Məncə, bu barədə cəmiyyətə geniş məlumat verilməlidir. Yaxşı, deyək ki, bu fənlər ümumiləşdirildi və bir fənn kimi tədris edildi. Bəs bu fənni kim tədris edəcək: biologiya, yoxsa fizika müəllimi? Ümumiyyətlə, belə bir addımın atılması nədən irəli gəlir? Nazirlik təklif edir, amma müəllim məsələsinin necə olacağı məlum deyil. Belə qərarlar qəbul etməzdən öncə bunun nəticələrini, bizə gətirəcəyi fayda və zərərlər barədər ciddi düşünməliyik. Bu fənlərin ümumiləşdirilməsi məndə təəccüb doğurur".

 

"Hesab edirəm ki, qərara yenidən baxılmalıdır və biz ciddi şəkildə düşünüb, bu fənni hansı müəllimin tədris edəcəyinə qərar verməliyik. Fikrimcə, biz belə qərarlar qəbul etdikcə, təhsilin vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da mürəkkəbləşdiririk. Hər halda bu məsələ ciddi təhlil olunmalı, araşdırılmalı və baxılmalıdır. Qərarın nəticələri, gələcəkdə bizə verəcəyi faydalar və vuracağı zərərlər barədə də ciddi düşünməliyik", - deyə deputat vurğulayıb.

 

 

Təhsil eksperti Elçin Efəndi isə hesab edir ki, ümumiləşdirmə qərarı şagirdlərin dərs yükünün azalmasına gətirib çıxaracaq:


“Əvvəlki dövrdə 5-ci siniflərdə tədris olunan təbiətşünaslıq fənni var idi. Sanki onun əvəzinə biologiya və fizika fənlərinin birləşmiş formada təbiət fənni olaraq tədrisi nəzrədə tutulur. Əgər özünü doğruldarsa, sonrakı illərdə fizika və bilogiya əvəzinə məhz təbiət fənni tədris olunacaq.Düşünürəm ki, fənlərin birləşməsi nəticəsində şagirdlərin dərs yükü azalacaq. Amma hələ ki bu fənnin imtahanlarda birabaşa tətbiq olunması nəzərdə tutulmur. 7, 8, 9, 10 və 11-ci siniflərdə fizika və biologiyanın tədrisi davam etdiriləcək. Özünü doğrultduğu halda növbəti illərdə yuxarı siniflərdə də fizika və biologiya fənlərinin ümumiləşdirilməsi mümkün ola bilər. Bu da şagirdlərin yalnız 1 vəsaitdən istifadə etməsi ilə nəticələnəcək. Hesab edirəm ki, bu addım dərs yükünün azalmasına gətirib çıxaracaq. Sonrakı illərdə isə həmin fənnin Dövlət İmtahan Mərkəzinin qəbul formatına uyğun olaraq həm dördüncü, həm də birinci qrupun proqramına salınması barədə qərar qəbul oluna bilər".


Ekspertin sözlərinə görə, gələcəkdə yeni ixtisasların yaradılması istisna edilmir:


“Müəyyən islahatların həyata keçirilməsi təhsil pilləsində öz təsirini göstərir. Bir müddət sonra təbiət fənnini tədris etmək üçün fənn müəllimlərinə ehtiyac duyularsa, ya ikisinin birləşmiş formada fənn müəllimi ola bilər, ya da fizika və biologiya müəllimliyi kimi ixtisaslar qüvvəsində saxlanılıb, konkret olaraq həmin fənn müəllimlərinin təbiət fənnini tədris etməsinə imkan yaradıla bilər. Amma bu, yaxın illər üçün nəzərdə tutulmur. Bu baxımdan yeni qərarın narahatlıq yaradacağını düşünmürəm. Növbəti mərhələdə qəbul formatı və ixtisaslarda dəyişiklik edilə bilər. Hesab edirəm ki, bu qayda təxminən 2030-cu ilə qədər tətbiq olunacaq".

 

Aytac Əsədova

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü