Modern.az

"Azərbaycan gənci olaraq özümə borc bildim" - Qarabağ Universitetinin ilk tələbəsi

Təhsil

15 İyun 2024, 11:14

Xəbər verdiyimiz kimi, Qarabağ Universitetinin ilk tələbəsi Əli Rüstəmzadədir.

 

O, Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur və III qrup üzrə 654 bal toplayıb.

 

Abituriyent Qarabağ Universitetində hüquqşünaslıq ixtisasını seçəcək.

 

Modern.az Qarabağ Universitetinin ilk tələbəsi ilə həmsöhbət olub.

 

Əli bildirib ki, Qarabağ Universiteti gənclərə bu regionun yenidən dirçəldilməsində yaxından iştirak etmək imkanı yaradır:

 

"Mən də yaradılan bu imkanlardan faydalanmağı bir Azərbaycan gənci olaraq özümə borc bildim".

 

Onun sözlərinə görə, Qarabağ Universitetinin gənclərə nələr vəd etdiyinə maarifləndirici görüşlərdə şahid olub:

 

"Gələcəkdə də təhsilimi elə Qarabağda davam etdirməyi düşünürəm. Qarabağın dirçəldilməsində yaxından iştirak etmək mənim üçün iftixardır".

 

Gənc tələbə qeyd edib ki, özünü dərk edən vaxtdan onda hüquqşünaslıq ixtisasına simpatiya yaranıb:

 

"Əlimdən gəldiyi qədər insanların haqqını müdafiə etmək hər bir şəxsin borcudur. Mən də üzərimə düşən vəzifəni yerinə yetirmək üçün bu peşəni seçdim. Hədəfim gələcəkdə prokurorluq orqanlarında fəaliyyət göstərməkdir. İşğaldan azad edilmiş torpaqlarda ilk tələbə olmaq qürurverici hissdir. Cənab Prezident İlham Əliyevə bu imkanı bizlərə yaratdığı üçün minnətdarlığımı bildirirəm. İştirak etdiyim görüşlərdə gördüklərimə əsasən deyə bilərəm ki, bu universitetə maraq ölkəmizin hər regionunda yüksək səviyyədədir. Hazırda özünü inkişaf etdirmək istəyən hər bir şagirdin seçimi Qarabağ Universitetidir".

 

Ə.Rüstəmzadə abituriyentləri Qarabağ Universitetini seçməyə çağırıb:

 

"Ali Baş Komandanımızın başçılığı altında ordumuz düşmənə elə bir zərbə endirib ki, mənfur düşmən bir daha bizim olanı bizdən almağa çalışa bilməz. Əziz valideynlər, övladlarınızın istəkləri qarşısında sədd çəkməyin və onlara öz gələcəklərini qurmaları üçün imkan yaradın". 

 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı