Modern.az

İranda prezidentliyə şanslı namizəd: kürd-fars qarışığı olan Qalibaf KİMDİR...

İranda prezidentliyə şanslı namizəd: kürd-fars qarışığı olan Qalibaf KİMDİR...

Reportaj

12 İyun 2024, 10:54

İranda 12 üzvdən ibarət olan seçkilərə nəzarət orqanı Konstitusiya Keşikçiləri Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Modern.az saytı ötən günlərdə Səid Cəlili və Məsud Pezeşkian haqqında yazılar təqdim etmişdi.

Bu dəfə Məhəmməd Baqir Qalibafın kim olduğunu diqqətə çatdırırıq.

O, müxtəlif siyasi və hərbi vəzifələrdə çalışmış şəxs kimi seçkilərdə önəmli namizəd olaraq önə çıxır. Məhəmməd Baqir Qalibaf mühafizəkarların nümayəndəsi kimi tanınır və budəfəki seçkilərdə şansı çox yüksək qiymətləndirilir. Bəzi siyasi ekspertlər hətta onun Səid Cəlili ilə birgə seçkilərin ikinci turuna keçə biləcəyini proqnozlaşdırılar.

Məhəmməd Baqir Qalibaf prezidentliyə namizədliyini iyunun 3-də irəli sürüb.

Namizədliyi qeydə alındıqdan sonra mətbuata müraciət edən Qalibaf helikopter qəzasında həlak olan mərhum prezident İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin yarımçıq işini davam etdirmək istədiyini bildirib.

Xalqın üzləşdiyi problemlərin həlli üçün səy göstərəcəyini vəd edən
Məhəmməd Baqir Qalibaf insanların dolanışıq problemlərinin həll oluna biləcəyinə əminliyini ifadə edib.
 
Bəs Qalibaf kimdir, harada doğulub, milliyəti nədir?

Məhəmməd Baqir Qalibaf 1961-ci ildə Məşhədin yaxınlığındakı Torkebe şəhərində tacir ailəsinin övladı olaraq dünyaya gəlib. Onun atası Hüseyn Qalibafın milliyətcə kürd, anası Xeyir al-Nasanın isə fars olduğu bildirilir.
 
Məhəmməd Baqir hələ orta təhsil alarkən həm də işləməyə başlayıb.

Qalibaf gənclik illərində İslam İnqilabının sübh çağında Məşhəddəki Kəramət, İmam Həsən Müctəba və Musa ər-Rza məscidlərindəki mühazirələrdə iştirak edib. Bu da onun siyasi və əqli yönümünün formalaşmasına təsir göstərib.
Qalibaf hələ orta məktəbdə ikən sinif yoldaşları ilə birlikdə İslam Tələbələri Dərnəyini qurub və bu qurum sonradan milli təşkilata çevrilib.

1980-ci illərin əvvəllərində İrana qarşı müharibə başlayandan (İran-İraq müharibəsi) sonra 18 yaşlı Məhəmməd Baqir Qalibaf İnqilab Keşikçiləri Korpusuna qoşulub və döyüş meydanında fəal rol oynayıb.

O, 1982-ci ildə İmam Rza briqadasına, bir il sonra isə 5-ci Nəsr Xorasan diviziyasına komandir təyin edilib. Qalibaf general Qasım Süleymani ilə müharibə zamanı tanış olub və onlar arasında inqilaba sadiqliklə bağlı sıx əlaqə qurulub.

Qalibaf 1982-ci ildə sosioloq və İslami Azad Universitetinin müəllimi Zehra Moşiri ilə evlənib. Qalibafın bu evlilikdən 3 övladı var: İlyas, İshaq və Məryəm.

Məhəmməd Baqir Qalibaf İrana qarşı Qərbin dəstəklədiyi müharibədən sonra İnqilab Keşikçilərinin 25-ci Kərbəla Diviziyasına komandanlıq edib. Bu diviziya onun rəhbərliyi altında 1990-cı ildə Mencil-Rudbar zəlzələsində zədələnmiş nəqliyyat yollarını təmir etməklə məşhurlaşıb.

Qalibaf 1990-cı ildə İslami Azad Universitetində ali təhsilini davam etdirib, 1994-cü ildə siyasi coğrafiya üzrə bakalavr dərəcəsi alıb. 1994-cü ildə o, Məşhəd-Sarahs dəmir yolunun tikintisinə, 5 mərkəzi və qərb əyalətinin qaz təchizatına, Fars körfəzindəki limana və Kərxa bəndinə nəzarət edəcək Hatəm əl-Ənbiya Tikinti Qərargahının rəhbəri təyin edilib.

Bu xəbər ilə bağlı
İran prezidenti olmaq istəyən azərbaycanlı NAMİZƏD
Xəbəri oxu

Qalibaf ali təhsilini davam etdirərək 1996-cı ildə magistr dərəcəsinə yiyələnib.  2001-ci ildə Terbiyet-i Müderris Universitetində "İranda yerli qurumların təkamülünün müasir dövrdə araşdırılması" adlı doktorluq dissertasiyası müdafiə edib.

Daha sonra Tehran Universitetinin Coğrafiya fakültəsində dosent vəzifəsində çalışıb, eyni zamanda Tərbiyət-i Müderris Universitetində dərs deyib.

1997-ci ildə İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı təyin olunan Məhəmməd Baqir Qalibaf daha sonra İran və Fransada intensiv pilot kurslarını bitirərək Airbus təyyarələrini idarə etmək üçün lisenziya alıb.

Qalibaf 2000-ci ildə İran polis qüvvələrinin rəisi təyin edilib və əsas diqqəti avadanlığın modernləşdirilməsinə və əhalinin hüquq-mühafizə orqanlarına inamının gücləndirilməsinə yönəldib.

Məhəmməd Baqir Qalibaf 2005-ci ildə siyasətə qoşulmaq üçün hərbi və polis vəzifələrindən istefa verib və həmin il keçirilən prezident seçkilərində 4-cü yeri tutub. Elə həmin il Tehranın meri seçilib və 12 il bu vəzifədə çalışıb. Bu müddət ərzində onun inzibati bacarıqları çox yüksək qiymətləndirilib.

Qalibaf 2013 və 2017-ci illərdə daha iki dəfə prezidentliyə namizəd olub, 2013-cü ildə ikinci yeri tutub, 2017-ci ildə İbrahim Rəisinin lehinə geri çəkilib.

Məhəmməd Baqir Qalibaf 2020-ci ildə parlamentin sədri seçilib. Bu ilin mayında yenidən parlamentə rəhbərlik etməyə başlayıb.

Budəfəki prezident seçkilərində namizədliyini irəli sürən Qalibaf, xalqın onu yarışa qoşulmağa çağırdığını, təcrübə və bacarığı çətinliyin öhdəsindən gəlməyin açarı olduğunu bildirib.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır