Modern.az

İran prezidenti olmaq istəyən azərbaycanlı NAMİZƏD

İran prezidenti olmaq istəyən azərbaycanlı NAMİZƏD

Reportaj

11 İyun 2024, 10:24

İran Konstitusiyasının Mühafizə Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Modern.az saytı ötən gün ən şanslı namizəd hesab edilən Səid Cəlili haqqında yazını təqdim etmişdi.

Bu dəfə Məsud Pezeşkianın kim olduğunu diqqətə çatdırırıq.
 

Məsud Pezeşkian İranda keçiriləcək prezident seçkilərində sürpriz namizəd sayılır. Digər 5 namizəd daha çox mühafizəkarlara yaxın şəxslər olduğu halda, Məsud Pezeşkian islahatçı cinaha mənsubluğu ilə diqqət çəkir. Bu səbəbdən də bəzi ekspertlər onun gözardı edilməsilə razılaşmırlar. Üstəlik Məsud Pezeşkianın milliyətcə fars olmaması da onun digər millətlərdən olan seçicilərdən böyük səs ala biləcəyi qənaətini gücləndirir.

Məsud Pezeşkian prezident seçkilərində ilk dəfədir ki, namizəd olaraq iştirak edəcək.

Keçmiş səhiyyə naziri Məsud Pezeşkian hazırda təcrübəli deputat kimi tanınmaqdadır.


O, 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır.

Məsud Pezeşkian əvvəlcə Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb. 

1973-cü ildə hərbi xidmət keçib.

1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib.
1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisasa yiyələnib.
Sonra Təbrizin Ürək Xəstəxanasında işə başlayıb, ardınca həmin xəstəxananın rəisi olub. 

M.Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində də çalışıb və hazırda bu nüfuzlu elm ocağının akademik heyətinin üzvüdür.

Məsud Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. Təcrübəli millət vəkili olan Pezeşkian 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərə (parlament) üzv seçilib. Pezeşkian İran parlamentində təbrizliləri təmsil edib.

O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.

İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkian namizəd olduqdan sonra sosial mediadakı paylaşımında təcrübəli və bilikli insanları vəzifəyə təyin etməyin vacibliyini vurğulayıb və planlarını açıqlayıb.

Pezeşkian həmçinin İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib.

Bu xəbər ilə bağlı
İranda prezidentliyə şanslı namizəd - Ərdəbilli qadının Məşhəddə doğulan oğlu
Xəbəri oxu
Prezident seçiləcəyi təqdirdə keçmiş xarici işlər naziri Cavad Zərifi yenidən ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyinə gətirəcəyini bəyan edib.


M.Pezeşkian ölkədəki bütün siyasi qruplar arasında birlik və ardıcıllığın vacibliyini vurğulayaraq, siyasi əlaqələrdən daha çox səriştə, bacarıq və təcrübənin vacibliyini qeyd edib.

Məsud Pezeşkian həmçinin İslam İnqilabının rəhbəri və ölkə Konstitusiyasının müəyyən etdiyi “yol xəritəsi”nin izlənilməsinin vacibliyini vurğulayıb, onların effektiv şəkildə həyata keçirilməsini istəyib.

M.Pezeşkianın 4 övladı var. Həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, daha sonra evlənməyib. 


İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?