Modern.az

Binəqədidə Rumıniya Mədəniyyət Günü... - FOTO

Binəqədidə Rumıniya Mədəniyyət Günü... - FOTO

Aktual

16 Yanvar 2022, 10:30

14 yanvar 2022-ci il tarixində Binəqədi rayonunda dahi rumın bəstəkarı, dirijoru və və mahir musiqiçisi Corce Eneskunun adını daşıyan parkda “Rumıniyanın Milli Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib.

 

 


Modern.az xəbər verir ki, tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, səfirin müavini, diplomatik müşavir İon Naval, diplomatik müşavir Toma-Kristian Daçika, Moldovanın müvəqqəti işlər Vəkili Nikolae Kojuhari və səfirliyin digər əməkdaşları, eləcə də RİH başçısı Aparatının məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.

 

 


Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzülmüş və xatirəsi ehtiramla yad olunub.

 

 


Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və səfirin müavini, diplomatik müşavir İon Naval ilə görüşüb.

 


Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iki ölkə arasında dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını, rayon ərazisində 2006-cı ildə dahi rumın bəstəkarının adına inşa edilən və yenidən təmir-bərpa işləri aparılaraq yalnız rayon sakinlərinin deyil, eyni zamanda respublikamıza gələn qonaqların da istirahəti üçün nəzərdə tutulan bu gözəl parkın səmimi dostluğun, dövlətlərarası mədəniyyətin bariz nümunəsi olduğunu  qeyd edib.

 


Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare iki ölkə arasında olan dostluq münasibətlərindən bəhs edərək qeyd etdi ki, Azərbaycanda “Rumıniya Milli Mədəniyyəti Günü”nün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir, o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına və kollektivə öz təşəkkürünü bildirib.

 

 


Qeyd edək ki, “Mədəniyyət Günü” Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilib. Bu tarixin “Rumıniyanın Milli Mədəniyyət Günü” kimi seçilməsində xüsusi önəmi var. Belə ki, M.Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə Rumıniya mədəniyyətinin “Dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur.
Corce Enesku - tanınmış bəstəkar, skripkaçı, pianist, dirijor və müəllim olub, Rumıniyanın ən görkəmli musiqiçisidir. Eneskunun əsərlərinin bir çoxu ilhamını rumın xalq musiqilərindən alıb. “Rumıniya Rapsodiyaları” (1901, 1902), “Oedipus” (1936) operası və orkestr üçün suitaları onun ən məşhur bəstələrindəndir. Onun karyerasının şərəfinə, eləcə də Rumıniyaya və dünya musiqisinə verdiyi töhvələrinə görə, Buxarest Avropada ən böyük müsabiqələrdən birinə “Corce Enesku Beynəlxalq Festivalı”na ev sahibliyi edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir