“Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini müəyyənləşdirdi. Azərbaycan Ordusunun bu qələbəsi xalqımızın onilliklər boyu gözlədiyi qayıdışın yolunu açdı”.
Bu fikirləri deputat Zaur Şükürov Zəfər Gününün altıncı ildönümü ilə bağlı Modern.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılan qələbənin təməlində uzun illər aparılan ordu quruculuğu, iqtisadi imkanların genişlənməsi və xalqın milli həmrəyliyi dayanırdı.
“Heydər Əliyevin iqtisadiyyatın dirçəldilməsi, xarici sərmayələrin cəlb olunması və ordu quruculuğu istiqamətində atdığı addımlar gələcək qələbənin əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş hazırlığı artırıldı, Silahlı Qüvvələr müasir texnika ilə təchiz edildi. Vətən müharibəsində bu hazırlığın nəticəsini, əsgər və zabitlərimizin peşəkarlığını, xalqımızın öz lideri ətrafında necə birləşdiyini gördük”, – deyə Şükürov vurğulayıb.
Onun sözlərinə görə, Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən yaddaqalan səhifələrindən biridir.
“Əsgər və zabitlərimiz sıldırım qayalardan, dərin dərələrdən keçərək Şuşaya çatdılar və şəhəri işğaldan azad etdilər. Noyabrın 8-də Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi ‘Əziz Şuşa, sən azadsan!’ sözləri həmin günün sevincini və qürurunu yaddaşımıza həkk etdi. Şuşanın azad olunması Ermənistanı 10 noyabr üçtərəfli Bəyanatını imzalamağa məcbur edən həlledici hadisə oldu. Noyabrın 8-nin Zəfər Günü elan edilməsi də bu tarixi qələbənin əhəmiyyətini ifadə edir”.

Zaur Şükürov bildirib ki, 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri Azərbaycanın Qarabağda suverenliyinin tam bərpası ilə nəticələnib. Deputatın fikrincə, müharibədən sonra yaranan yeni reallıq bölgədə sülh gündəliyinin irəliləməsinə də imkan yaradıb.
“2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma sülh prosesində mühüm addım idi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, illərlə köçkün həyatı yaşamış ailələr doğma yurdlarına qayıdırlar. Zəfərin nəticəsini həmin ailələrin öz evlərində yeni həyata başlamasında görürük. Bu qələbəni bizə qazandıran şəhidlərimizin xatirəsini ehtiramla anır, qazilərimizə və bütün müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk”, – deyə deputat əlavə edib.