Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi ləğv edilib.
Modern.az xəbər verir ki, bununla bağlı qərarı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev imzalayıb. Qərar noyabrın 5-də, imzalandığı gün qüvvəyə minib.
Qərara əsasən, Naxçıvan Muxt Respublikasının İqtisadiyyat Nazirliyi beş iş günü ərzində ləğvetmə komissiyası yaratmalıdır. Komissiya nümayəndəliyin ləğvi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulan məsələləri həll edəcək.
Komissiyanın tərkibinə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin təmsilçiləri daxil ediləcək.
Xatırladaq ki, Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov sentyabrda vəzifəsindən azad edilib.