Modern.az

Strateji yol xəritəsindən nə xəbər var?!

Strateji yol xəritəsindən nə xəbər var?!

İqtisadiyyat

25 İyul 2016, 10:13

 

“4 ay 10 gün öncə prezident İlham Əliyev tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq olunub. Bu istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədilə İşçi qrupu yaradılıb”.

 

Bu haqda şərh verən iqtisadçı Qubad İbadoğlu tapşırıqlar barədə məlumat verib:

 

“Onlara tapşırılıb ki, altı ay müddətində 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini; 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini; 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini hazırlayıb Prezidentinə təqdim etsin. Nəzərdə tutulmuş layihələrin hazırlanması işinə işçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər”.

Ekspert bildirib ki, işçi qrupu onların iştirakı ilə milli iqtisadiyyatın 360 dərəcəli diaqnostikası və SWOT təhlilini aparmalıdır:

“Eyni zamanda prioritet olan 8 sektorun –

1) Neft və qaz (kimya məhsulları
daxil olmaqla);

2) Kənd təsərrüfatı və kənd
təsərrüfatı məhsullarının emalı;

3) Kiçik və orta sahibkarlıq
səviyyəsində istehlak malları istehsalı və digər istehsalat;

4) Ağır sənaye və maşınqayırma;

5) İxtisaslaşmış turizm və əyləncə
6) Logistika və ticarət;

7) Uyğun qiymətə mənzillər və sair; 
8) Kompleks məsələ kimi peşə təlimləri - strateji yol xəritəsini hazırlamalıdır.

 

İşçi qrupunun son 4 ayda fəaliyyətinə dair məlumat çatışmazlığına görə onların işini dəyərləndirə bilməsək də bu prosesin qapalı aparılmasından narahatlığımı ifadə etmək istərdim.

 

Əvvəla, hesabatlığı və şəffaflığı təmin etmək üçün hazırlanacaq sənədin iqtisadiyyat sahəsində islahatlar üçün əhəmiyyətini eləcə bu işə başlanılmasından 4 aydan çox vaxt ötdüyünü nəzərə alaraq işçi qrupu bundan sonra dövrü olaraq görülən işlərə dair məlumatlarla çıxış etməlidir. 

İkincisi, hazırlanacaq sənədlərin keyfiyyətli olması üçün onun həm ümumi və həm də sektorial, eləcə də cari, orta və uzunmüddətli xarakter daşıdığını nəzərə alaraq bu prosesə xarici ekspertlərlə yanaşı yerli ekspertlər də cəlb edilməlidir. 

Üçüncüsü, işçi qrupunu fəaliyyətinə, ümumilikdə həyata keçiriləcək islahatlara ictimai inam və dəstəyin formalaşdırılması üçün işçi qrupu ona ayrılan 6 aylıq müddətin ən azı son 1 ayını hazırladığı layihə əsasında geniş və açıq ictimai müzakirələrə həsr etməlidir”.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü