Modern.az

Müəllimlərin işə qəbulu - TƏƏSSÜRATLAR

Müəllimlərin işə qəbulu - TƏƏSSÜRATLAR

Təhsil

2 Avqust 2016, 17:29

 

Məlum olduğu kimi, Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.

 

Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir. 

 

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31 779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Hazırda respublikanın ümumi təhsil müəssisələrində olan 3 346 vakansiya müsabiqəyə çıxarılıb. Vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq.

 

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçirilən imtahanlar avqustun 3-dək davam edəcək.

 

Bu il də  müəllimlərin işə qəbulu üzrə müsabiqə ictimaiyyətinin diqqət mərkəzindədir.

 

Modern.az bunu nəzərə alaraq müsabiqənin gedişini izləyərək iştirakçıların təəssüratlarını öyrənib.

 Elmira Əliyeva:

 

“Müəllimlərin işə qəbulu üzrə müsabiqə müəllim olmaq istəyənləri öz  üzərində işləməyə və vaxtında zəruri biliklərə yiyələnmək üçün çalışmağa həvəsləndirir. Müsabiqənin test mərhələsinin yüksək səviyyədə təşkili, sualların məzmunu və əhatə dairəsi məni tam olaraq qane edir.

 

Bu imtahanın ən üstün cəhətlərindən biri budur ki, topladığın bal dərhal monitorda görünür. Cavabı gözləməyə, əlavə həyəcan keçirməyə lüzum yoxdur. İnanıram ki, daha yüksək biliyə malik namizədlər uğur qazanacaq. İstəyinə çata bilməyənlər isə daha yaxşı hazırlaşmaq və yenidən məqsədinə nail olmaq üçün əlavə vaxt qazanırlar. Hər kəsə uğurlar…

 

Ülviyyə Şirinova:

 

“Bəzən imtahandan öncə həyəcan keçirirsən ki, görəsən necə olacaq?  Amma bu gün bir daha əmin oldum ki, əslində narahat olmağa heç bir əsas yoxdur.

Suallar o qədər də çətin deyildi. İmtahanın təşkili baxımından bütün incəliklərin nəzərə alındığına görə, Təhsil Nazirliyinə xüsusi təşəkkürlərimi bildirirəm. Nəzərətçilərin davranışları və obyektivlikləri də xüsusi qeyd olunmalıdır. İnanıram ki, təhsilimizin ümumi inkişafına belə həssas münasibətin göstərilməsi ən qısa zamanda nəzərəçarpan irəliləyişlərə gətirib çıxaracaqdır”.

 

Əfsanə Cəfərova:

 

“Cəmiyyətimizin hərtərəfli inkişafı üçün ən mühüm sahələrdən biri olan təhsil sektorunun səviyyəsi, sözsüz ki, müəllimlərin hazırlıq səviyyəsindən asılıdır. Bu baxımdan müəllimlərin işə qəbulu üzrə müsabiqə mühüm əhəmiyyətə malik bir prosesdir.

Bu prosesin detalları ilə bağlı aparılan izahat və maarifləndirmə işləri yetərincə zəngindir. Odur ki, mən imtahanda özümü psixoloji cəhətdən çox rahat hiss etdim. Açığı imtahanın nəticəsinin dərhal suallara cavab verdiyin kompüterin monitorunda görünməsi insanı çox razı salır. Burada heç bir subyektiv amilin rol oynamadığına bir daha əmin olursan”.

 

Kamil Ömərov:

 

“İmtahan suallarının o qədər də çətin olmaması, sırf gələcək fəaliyyət  sahəmizi və ixtisasımızı əhatə etməsi təqdirəlayiq haldır. İnanıram ki, gələcəkdə bir müəllim kimi fəxr edə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakımı xoş bir xatirə kimi xatırlaya bilərəm.

Çünki bu gün imtahan mərkəzindən xoş təəssüratlarla ayrılıram”.

 

Aysel Atakişiyeva :

 

“Müəllim peşəsinə son illərdə artan marağı və bu müqəddəs peşəyə seçilmək üçün mövcud rəqabəti bu gün öz gözlərimlə gördüm. Sevinirəm ki, peşə seçimimdə yanılmamışam. Müəllimin nüfuzu günbəgün artır və təhsil sahəsində keyfiyyətə ciddi şəkildə üstünlük verilir.

Bugünkü imtahanı həyatımın ən vacib sınaqlarından biri kimi qəbul edirəm. Sözsüz ki, yaradılmış şəffaf və obyektiv imtahan prosesi hər birimizə öz biliyini ifadə etməyə tam imkan verir.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var