Modern.az

ABŞ məhkəmələrinə silahla girə bilən yeganə AZƏRBAYCANLI VƏKİL

ABŞ məhkəmələrinə silahla girə bilən yeganə AZƏRBAYCANLI VƏKİL

Ədəbi̇yyat

5 Sentyabr 2016, 08:45

Tale yazısı! Bu gözəgörünməz yazının mövcudluğuna və insanları idarə etdiyinə inananlar az deyil. Amma “seçim” adlı bir məfhum da var, insan gedəcəyi yolu özü seçirsə və bu yolda əzmlə irəliləyirsə, deməli hər bir kəs öz taleyini yazır...

Modern.az saytı bu yazıda ABŞ-da yaşayan bir azərbaycanlı haqqında söz açır.

O, 1976-ci ilin fevralın 25-də Yardımlı rayonunun Osnağaran kəndində, öz halal zəhməti ilə dolanan Eyyub kişinin ailəsində dünyaya gəlib. Uşaqlıq illəri elə də asan keçməyib. Evin təsərrüfat işlərinin bir hissəsi onun payına düşüb. Buna baxmayaraq təhsildən də yayınmayıb, məktəbin əlaçı şagirdlərindən biri olub. Doqquzuncu sinifdə oxuyanda təsadüfən televizorda eşitdiyi bir elan onun həyatını dəyişib. Həmin elanın sorağı ilə Bakıya gəlib və müsabiqədən keçərək Türkiyyədə təhsil almağa göndərilən istedadlı şagirdlərin sıralarına qəbul edilib. İki il Türkiyədə litseydə oxuyub. Sonra Ankara Universitetinin hüquq fakultəsinə daxil olub. 2000-ci ildə ali təhsilini başa vurub. 2003-cü ildə magistr təhsilini bitirərək doktoranturaya götürülüb. Doktoranturada təhsil aldığı zaman bir türk tələbə yoldaşının təklifi ilə ABŞ-ın “Yaşıl kart” lotoreyasına sənədlərini təqdim edib. Bu lotoreyanı udaraq ABŞ-da yaşamaq hüququ qazanıb və qısa müddətdə ABŞ-ın Massaçutes ştatına gəlib. ABŞ-a gələndə onun cibində cəmi iki yüz əlli dollar pulu olub. Türkiyədə yaşayarkən idmanın karate növü üzrə professonal şəkildə məşğul olması, qara kəmər qazanması ABŞ-da onun köməyinə yetişir. Bir il məşqçi kimi fəaliyyət göstərir. Sonra Massaçusets ştatında, Konnektikut Hüquq universitetinə qəbul olunur. Oranı bitirdikdən sonra vəkillik fəaliyyətinə başlayır. Hazırda ştatın ən yaxşı vəkillərindən biri kimi ad qazanıb. Söhbət ABŞ-da sayılıb-seçilən vəkillərdən biri- Vüqar Eyyub oğlu Cəfərovdan gedir…

 

ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston dünyanın ən bahalı şəhərlərindən biridir. Burada əcnəbilərin hər hansı bir nüfuzlu vəzifəyə yüksəlməsi çox çətindi…

Vüqar Cəfərov  2003-cü ildən Boston şəhərində yaşayır. Nyu York vəkillər kollegiyasının həqiqi üzvüdür. Bundan əlavə o, Amerika vəkillər kollegiyasının, eləcə də Yeni İngiltərə Müsəlman Vəkillər kollegiyasının üzvüdür. ABŞ-ın harasında olmasından asılı olmayaraq müştərilərinin hüquqlarını Federal Məhkəmələrdə və dövlət orqanlarında müdafiə etmək hüququ qazanıb. Yeganə Azərbaycanlı vəkildir ki, məhkəməyə tabel silahı ilə daxil ola bilir. ABŞ kimi bir ölkədə qısa müddətdə bu səviyyəyə çatmaq elə də asan deyil...

 Vüqar təpədən-dırnağa vətənpərvər, azərbaycançıdır. ABŞ-ın harasında yaşamasından asılı olmayaraq ona müraciət edən soydaşlarımıza yardım etməkdən usanmır. O, eyni zamanda Bostondakı həmvətənlərimizin

təşkil etdikləri toplantı və görüşlərdə də aktiv iştirak edir. Buradakı diaspora ilə daim əlaqədədir. Vüqar Cəfərov eyni öz üzərində çalışmağı, elmini artırmağı çox sevir. Hazırda hüquq üzrə doktorantura (SJD – Senior Judicial Doctor) proqramına qoşularaq doktorantura təhsilini davam etdirir…

…Bəli ucqar bir rayonun, ucqar kəndində, zəhmətkeş bir ailədə doğulub, on altı yaşından qürbət ellərdə həyatın çətinliklərinə sinə gərərək öz taleyini yazan Vüqar Cəfərov kim bilir hələ neçə-neçə uğurlara imza atacaq. Biz ona bu yolda uğurlar diləyirik.

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı