Modern.az

Referendumdan sonra vətəndaş-məmur münasibətləri necə olacaq? - DETALLAR

Referendumdan sonra vətəndaş-məmur münasibətləri necə olacaq? - DETALLAR

20 Sentyabr 2016, 13:38

Vaxtaşırı vətəndaş-məmur münasibətlərin gərginlik həddinə çatdığının şahidi oluruq. Bəzi məmurlar vəzifələrindən sui-istifadə edərək, vətəndaşların haqqına girməyi bir növ özlərinin vəzifə borcu hesab edir. Sanki, əyləşdikləri kreslo onlara əbədi olaraq həvalə olunub. Bu üzdən də vətəndaşın ya haqqına girməlisən, ya müraciətlərini bir kənara tullamalısan, ya da ən yaxşı halda “gözlə” deyib aylarla süründürməlisən.Təbii ki, bu cür hallar vətəndaşların haqlı narazılıqlarına səbəb olur.

 

Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək.

 

Maraqlıdır ki, referendumdan sonra vətəndaş-məmur münasibətləri necə olacaq?!

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında məmur-vətəndaş münasibətlərindəki problemlərə aydınlıq gətirib. Deputat deyib ki, referendumdan sonra bu sahədəki boşluqlar aradan qaldırılacaq.

 

“Vətəndaş-məmur münasibətlərindəki  boşluqların doldurulması konstitusion hüquqlarla təmin ediləcək. Hesab edirəm ki, hər bir məmur  üzərinə düşən hüquq  və vəzifələri qavrayacaq və bundan çıxış edəcək. Konstitusiyanın yeni 68-ci  maddəsinin adı dəyişdirilərək “zərərin ödənilməsini tələb etmək hüququ” adlanır.

 

Bu maddəyə bir və dördüncü hissələr əlavə olunub. Bu hissələrin tətbiqindən sonra vətəndaş-məmur münasibətlərindəki problem öz həllini tapacaq. Birinci hissədə göstərilir ki, hər kəsin-dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranış hüququ var. Yəni, dövlət orqanları hər bir şəxsə münasibətdə vicdanlı davranış nümayiş etdirməlidir və hər hansı bir özbaşınalığı istisna edən halları rədd etməlidir. Dördüncü bənd isə daha maraqlıdır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə  ikinci tərəfin qanunazidd hərəkətləri nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və  onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bu, verdiyiniz sualın bir növ cavabıdır.

 

Deputat bildirib ki, ayrı-ayrı dövlət qurumları əməkdaşları vətəndaşa hər hansı formada zərər vurarsa, o zaman dövlət özü mülki məsuliyyət daşıyacaq.

 

“Tutaq ki, qanunsuz saxlama, qanunsuz həbslər, sərhəd-keçid məntəqələrində dövlət orqanları əməkdaşlarının sənə qarşı laqeyd münasibəti olub. Öz vəzifələrinin öhdəsindən gəlməməklə etdikləri hərəkətlərə, eyni zamanda, digər hallara görə dövlətin bütün mexanizmlərində dövlət qulluqçuları tərəfindən hər hansı bir vətəndaşa zərər dəyib. Bu dəymiş zərərə görə dövlətin özü mülki məsuliyyət daşıyacaq. Yəni, sən hansısa bir müstəntiqi, hansısa bir miqrasiya xidmətinin əməkdaşını, ya da  gömrükçünü deyil, məhz, dövlət orqanını təmsil edən qurumun rəhbərliyini məhkəməyə verməklə dəymiş zərərin ödənilməsini tələb edə biləcəksən. Belə olan halda dövlətin adından çıxış edən məmurun hərəkətlərinə görə dövlət məsuliyyət daşıyacaq.

Bu məsuliyyəti təmin etdikdən sonra, vəzifəli şəxslər haqqında da müəyyən tədbirlər görəcək. Bu insanlar ya vəzifədən azad olunacaqlar, ya da dəymiş zərərin sonradan geri alınması üçün onlara qarşı iddia qaldırılacaq. Ona görə də hər bir məmur öz vəzifəsində ona etibar olunmuş sahədə hər bir vətəndaşa qarşı olduqca qanunauyğun şəkildə davranış nümayiş etdirəcək”.

 

Deputat, həmçinin, məhkəmə sistemində  yaxşılığa doğru dəyişikliklərin olacağını da deyib.

 

“Həmçinin, Konstitusiyaya əlavə və dəyişikliklərdə başqa məsələlər də qeyd olunur. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı artıq qanunla müəyyən olunur. Bu təminatlar adı və mətni dəyişdirilərək  yeni Konstitusiyada “Hüquq və azadlıqların inzibati məhkəmə təminatı” kimi qeyd olunur. Birincisi, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

 

Yəni, dövlət artıq Konstitusiya dili ilə  hər bir vətəndaşa onun qaldırdığı məsələlərlə bağlı məhkəmədə onun işinə baxılmasına təminat verir. İkinci halda isə hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati instansiya məhkəmə prosedurunda ağlabatan müddətdə baxılsın. Bu o deməkdir ki, heç bir səbəb və əsas olmadan  xüsusilə, mülki işlərdə məhkəmə prosesi aylarla, bəzən illərlə uzadılır. Hakim hər hansı bir bəhanə gətirə, ya da hansısa bir tərəfin xahişi və istəyi ilə bilərəkdən prosesi lazımsız müddətlərə uzatmaqla digər tərəflərə şərait yaratmış olur. Konstitusiyanın yeni maddəsində bu ağlabatan müddətdə baxılması tələb olunur. Belə hesab edirəm ki, bu orqanda çalışan şəxslərin məsuliyyətini artırmış olacaq.

 

Dördüncü bənddə isə göstərilir ki,  dövlət orqanlarının, hüquqi şəxslərin, siyasi partiyaların, bələdiyyələrin, vəzifəli şəxslərin hərəkətlərindən  və hərəkətsizliyindən  inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Əvvəllər belə müraciətlər olsa da bəzən məhkəmələr icraata götürmürdü. İndi birbaşa Konstitusiyanın 60-cı maddəsinin 4-cü bəndində hər kəsin  dövlət, siyasi partiya,  hüquqi şəxslər, bələdiyyə üzvlərinin hərəkət və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququ təsbit olunur. Belə hesab edirəm ki, vətəndaş öz hüquqlarından istifadə etmək üçün meydana çıxmış olur.

 

Eyni zamanda, qeyd etdiyim dövlət orqanları, siyasi partiyalar, hüquqi şəxslər, bələdiyyələr  artıq qanunla onlara həvalə olunmuş hər hansı bir hərəkəti vaxtında icra etmədikdə, hərəkətsizlik nümayiş etdirdikdə, onlar məhkəmə qarşısına çıxa biləcəklərini dərk edəcək. Vətəndaşların qaldırdığı məsələlərə, etdikləri müraciətlərə vaxtında və obyektiv yanaşmağa borclu olacaqlar”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü