Modern.az

İpoteka kreditləri Maliyyə Nazirliyinin ehtiyat fonduna yığılır...

İpoteka kreditləri Maliyyə Nazirliyinin ehtiyat fonduna yığılır...

14 Oktyabr 2016, 10:29

Əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin, xüsusilə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2013-cü ilə qədər sosial ipotekanın maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən 20 milyon manat ayrılırdı. 2014-cü ildə məbləğ 2 dəfə artırılaraq, 40 milyon manata çatdırıldı.

 

2015-ci il üçün hazırlanan dövlət büdcəsi layihəsində güzəştli (sosial) ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcmi 25 faiz artırılaraq ,40 min manatdan 50 min manata çatdırıldı. 


Prezident İlham Əliyevin 2015-ci ildə dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılması barədə göstəriş verməsi evsiz ailələr üçün xoş xəbərə çevrildi.

Həmin ildə dövlət büdcəsindən ayrılan 50 milyon manat vəsait sosial ipoteka kreditləşməsinin tətbiq edildiyi son 8 ildə bir ildə ayrılan ən yüksək məbləğ idi. Məbləğ 2016-cı ildə də dəyişmədi: dövət büdcəsindən 50 milyon manat vəsait əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrıldı.

Qeyd edək ki, 2007-ci ildən 2014-cü ilin iyulun 1-nədək 3216 sosial ipoteka verilib. Bu məqsədlə dövlət büdcəsindən 116 milyon manat vəsait ayrılıb.

Rəsmi məlumatlara görə, ümumilikdə indiyədək İpoteka Fondunun xətti ilə 17,5 min ailəyə ipoteka krediti verilib.


Ancaq son zamanlar ipoteka kreditləşməsi dayandırılıb.


Bundan sonra evsizlərin ümidi isə ölkə başçısının “Azərbaycan İpoteka Fondu”nun (AİF) yaradılması ilə bağlı Fərmanına dikilmişdi. Qurum yardıldı, daha sonra  “Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edildi. Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapdı.

Amma ipoteka kreditləri bərpa olunmadı.

AİF-in müvəkkil kredit təşkilatı olan banklardan bildirirlər ki, 2016-cı ildə onlara ipoteka krediti üçün vəsait (limit) ayrılmayıb. Banklar isə yenidən maliyyələşdirmənin  gecikəcəyini nəzərə alaraq, öz vəsaitləri hesabına kredit vermək istəmirlər. Təklif edilən daxili ipoteka şərtlərinin ağırlığından vətəndaş bu yükün altına girmək istəmir.

Bəs maraqlıdır, dövlət büdcəsindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan vəsait hara xərclənib?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki,  2016-cı ilin 9 ayı ərzində müəyyən qədər ipoteka kreditləri verilib:


“Hazırda əsasən kommersiya ipotekasının verilməsi davam edir. Cənab Prezidentin göstərişi ilə ayrılan 200 milyon vəsaitlə bağlı konkret addım atılmayıb. Ümumiyyətlə, ipoteka kreditlərinin verilməsilə əlaqədar müəyyən yumşalmalar da gözləyirik. Biz hökumətdən də xahiş etmişdik ki, bu məsələlərə baxılsın, ipoteka şərtlərinə müəyyən güzəştlər tətbiq edilsin. Parlamentin iclaslarında bununla bağlı müzakirələr də gözlənilir.

Amma ümumilikdə dövlətin maliyyə vəsaiti yaxşılaşdıqca, ipoteka kreditləşməsini genişləndirmək lazımdır”.

V.Əhmədov bildirib ki, dövlət büdcəsindən ipoteka kreditləri üçün ayrılan vəsait xərclənmədikcə, Maliyyə Nazirliyinin ehtiyat fonduna yığılır:

 

“Növbəti ilin büdcəsində həmin vəsaitdən istifadə edilir. Məsələn, 2015-ci ildə bu cür olmuşdu”.

Qeyd edək ki, növbəti il üçün ipoteka kreditləşməsinə ayrılan vəsaitin məbləği açıqlanıb.

Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsi layihəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi (ipoteka) xərcləri üçün Azərbaycan İpoteka Fondu və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hər birinə 50 mln. manat olmaqla cəmi 100 mln. manat vəsait ayrılması nəzərdə tutulub.
 

Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

8. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

9. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

10. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi quuqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan

11. Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

12. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü