Modern.az

“Bəzi həkimlər xəstəliyin indiki formasını düzgün təyin edə bilmir” – MÜSAHİBƏ

“Bəzi həkimlər xəstəliyin indiki formasını düzgün təyin edə bilmir” – MÜSAHİBƏ

Mədəni̇yyət

21 Oktyabr 2016, 12:07

“MedEra Hospital”ın həkim-terapevti  Qədir Həsənovun Modern.az-a müsahibəsi:

 

- Bu gün insanları daha çox narahat edən qastritlə bağlı danışmaq istərdik. Ümumiyyətlə, qastrit nədir?

 

- Bu gün ən geniş yayılmış xəstəliklərdən biri qastritdir. Qastrit-mədənin selikli qişasının iltihabıdır. Son zamanlar müəyyən olunub ki, qastriti yaradan səbəb "Helikobakter Pilori" adlı bakteriyadır. adlanan virusdur. Bu bakteriya hələ uşaqlıq dövründə immun sistemi zəif olan insanlara keçir. Bakteriya mədə hüceyrələrinin səthində koloniya yaradaraq yaşayır. Bu, qastritin yaranmasında birbaşa rolu olan mikrobdur. Əvvəllər "Helikobakter  Pilori"ni təyin etmək çox çətin idi. Qastriti təyin etmək üçün ağızdan zondun salınması, oradan nümunə götürərək müayinə edilməsi həyata keçirilirdi. Bu virusun eyni zamanda qanda və nəbzdə müayinəsi aparılırdı. Mən bu klinikaya gələndən sonra axırıncı üsulla-virusu tənəffüs yolu ilə, acqarına müəyyən etməyi tətbiq etməyə başladıq.

 

- Xəstəliyin əlamətləri hansılardır?

 

- Ürəkbulanması və qusmalar, qarnın köp olması, eyni zamanda qarında kəskin ağrılar. Həmçinin, yeməkdən sonra mədənin yanması, hıçqırıq və s.

 

- Pasientə  bu diaqnozu qoymaq üçün hansı üsullardan istifadə edilir?

 

- Dünyada qəbul edilmiş standartlar var. Bəzi həkimlər xəstəliyin indiki formasını düzgün təyin edə bilmirlər. Mən bunu tənəffüs yolu ilə təyin etdikdən sonra 7-14 günlük müalicə təyin edirəm. Qastrit nəticədir. İlkin olaraq bu nəticəyə gətirən səbəb müalicə olunmalıdır. Mən də ilkin olaraq xəstəliyi yaradan səbəbi müalicə edirəm.

 

- Qastritin yaranmasında hansı faktorlar rol oynayır?

 

- Qastrit xəstəliklərində genetik faktorlar, həyat tərzi, stress faktorları böyük rol oynayır. Eyni zamanda spirtli içkilər, siqaret, uzun müddət güclü dərmanlardan istifadə etmək də bu xəstəliyi yaradan səbəblər sırasındadır. Bəzən deyilir ki, mədə yarası yediklərimizdən deyil, keçirdiyimiz stressdən yaranır.

Düzdür, stress dolayısı ilə və birbaşa qastritin yaranmasına təsir göstərir. Çünki, insanın immun sistemi zəifləyir, qan təzyiqi aşağı düşür. Bu baxımdan immuniteti zəif olan insanlarda hər şey baş verə bilər.

 

-Xroniki qastrit daşıyıcıları nələrə diqqət etməlidir?

 

- Xəstə siqaret çəkirsə, ilk növbədə bunu tərgitməlidir. Qastrit xəstələri sağlam qidalanma rejiminə ciddi əməl etməlidirlər. Xüsusilə, yanmış, tüstüdə bişirilmiş qidalar, yağlı qırmızı ət, qızartma və çox bişmiş ətlər risk yaradan qidalar sırasındadırlar. Hazır yeməklər, kolbasa, sosiska, konservlər kimi tərkibində kimyəvi maddələr və rəng verən fermentlərdən istifadə edilən qidalar qastrit xəstələrinin menyusundan tamamilə çıxarılmalıdır. Xroniki qastritdən əziyyət çəkən xəstələr müalicə olunmaqla yanaşı təbii vasitələrə də əl atmalıdırlar. Bol miqdarda təzə tərəvəz və meyvə yemək, sağlam qidalanmaq “Helikobakter Pilori” bakteriyasının məhv olmasını tezləşdirir.

 

- Bəzən bu xəstəlikdən əziyyət çəkən insanlar aylarla dərman içməyə vadar olur. Uzunmüddətli müalicə isə əlavə gərginlik yaradır...

 

- Qastritin müalicəsində təyin edilən “denol” uzunmüddətli müalicədir. Bu, 3-4 ay müddətinə təyin olunur. Bu həm zaman, həm də maddi durumla bağlı çətinlik yaranır. Əlbəttə 3-4 ay müddətinə dərman içməyin özü də psixoloji cəhətdən insana mənfi təsir göstərir. İnsan hara getsə, o dərmanı içmək məcburiyyətindədir. Mənim təyin etdiyim müalicədə xəstəliyin nisbətən yüngül formasında 7 gün,  ağır formada isə 14 gün müalicə gedir. 1 kursluq müalicə ilə xəstəlik tamamilə aradan qalxır.

 

- Qədir həkim, bu xəstəlik faizi kişilər və qadınlar arasında necə paylanıb?

 

- Qastritə yoluxanların arasında zərif cinsin nümayəndələri üstünlük təşkil edir. Ölkədə uşaqlar arasında yayılan göz xəstəliklərindən sonra mədə-bağırsaq xəstəlikləri ikinci yerdədir. Adətən xəstəliyə 25-50 yaşlı insanlarda daha çox rast gəlinir. Qeyd edim ki, bu xəstəlik həm də uşaqlar arasında geniş yayılıb. Müalicə metodu eynidir, sadəcə uşaqlara görə dozanı fərqli təyin edirik. Uşaqlarda bu 7-8 yaşından sonra daha qabarıq şəkildə özünü büruzə verir. Ona görə də ilkin olaraq xəstəliyin əlamətlərini hiss edən insanlar daha tez sağalmaq üçün həkimə vaxtında müraciət etməldir.

 

Modern.az

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü