Modern.az

  Rabitəsiz bir günümüz olmasın...

  Rabitəsiz bir günümüz olmasın...

İqtisadiyyat

23 Noyabr 2016, 11:07

Uzun illərin söhbətidir. Qonşumuzda Xeyrənsa adlı yaşlı bir qadın yaşayırdı. Oğlanları Rusiyanın müxtəlif vilayətlərində məskunlaşmışdı. Təbii ki, 90-cı illərin əvvəllərində Azərbaycanda mobil rabitə olmadığından Xeyrənsa ananın timsalında xaricdə yaşayan övladından xəbər tuta bilməyən nə qədər ana vardı. Lakin ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, rabitə sahəsində də vətəndaşların  rahatlığını təmin etdi. İlk mobil telefonla Rusiyada yaşayan oğlunun ayda 3-4 dəfə səsini eşidən ananın dediyi sözlər hələ də yadımdadır.

“Allah Heydər Əliyevin hər zaman dayağında dursun. O, hakimiyyətə gələn kimi, elə sistem qurdu ki, istədiyim vaxt övladımın səsini eşidə bilirəm”. İndi Xeyrənsa nənə də haqq dünyasındadır. Ona görə də, Azərbaycan rabitəsinin 135 illiyindən danışarkən hansısa pafoslu ifadəyə yer qalmır. Bu gün elə bir insan yoxdur ki, rabitənin faydalarından bəhrələnməsin.

                                                                

 “Müstəqil dövlətin, müstəqil rabitəsi olmalıdır”

Artıq bütün sahələrdə olduğu kimi, ölkəmizdə informasiya texnologiyaları sahəsi də güclü inkişaf edib. Təbii ki, bu inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin çox çətin şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasına baxmayaraq, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirmişdi. 1993-cü ilin avqustunda ölkəmizlə Amerika arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin,1994-cü ildə  "Bakcell" və 1996-cı ildə "Azərcell" birgə müəssisələrinin yaradılması ilə ölkəmizdə mobil rabitənin inkişafının əsası qoyulub. 1994-cü ildə ölkəmizdə ilk mobil rabitə işə düşüb. 1996-cı ildə isə “AzEvroTel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlayıb. 1995-ci ildə ilk beynəlxalq telefon stansiyası, ilk elektron ATS-in qurulması İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlər yaradılıb. Ümummilli liderin “müstəqil dövlətin, müstəqil rabitəsi olmalıdır” fikri İKT sahəsinə verilən xüsusi önəmin ifadəsi idi.

Təbii ki, ilk beynəlxalq telefon stansiyasının yaradılması istiqamətində ulu öndərin atdığı addımlar vacib idi. Yeniliklər bununla bitmir. Radio-televiziya yayımının müasir tələblərə uyğun qurulması, milli televiziya proqramının süni peyk vasitəsilə yayımlanmağa başlanılması, Avropa və Yaxın Şərq dövlətləri ilə yanaşı blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqramlarını seyr etmək imkanı qazanması ümummilli liderin adı ilə bağlıdır. Hətta, İKT elminin inkişafı istiqamətində ilkin addımların sovet dövründə başlanması Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə geniş vüsət alıb.

 

İKT-nin iqtisadiyyata təsiri

 

Ölkənin iqtisadi göstəricisi təkcə təbii sərvətlər deyil, həm də elm tutumlu məhsulların istehsal edilməsidir. Dünyada İKT-nin rolu geniş vüsət alıb. Sənaye, kənd təsərrüfatı məhsullarının istehsalında İKT-dən istifadə hər saat artmaqdadır. Ona görə də rabitəsiz nə cəmiyyət, nə də dövlətin inkişafı mümkündür. Həm də zamanın tələbidir. Rabitə sahəsindəki uğurlardan danışarkən Azərbaycanın ilk peyki olan “Azərspace-1” telekommunikasiya peykinin buraxılmasını mütləq xatırlamaq lazımdır. Hər zaman əsas prioritet məsələ informasiya mübadiləsinin xarici ölkələrdən asılılığıni aradan qaldırmaq və yeni sahələrin inkişafı olub. Ardınca “Azerspace-2” layihəsinin istifadəyə verilməsi uğurlarımızı daha da artıracaq. İkinci telekommunikasiya peykinin istifadəyə verilməsi hərbi baxımdan da əhəmiyyətlidir. Düşmənin hərbi qüvvələrinin dislokasiyasını müşahidə etmək üçün peyklərin böyük üstünlüyü var.  Azərbaycan rabitəsinin ötən 135 illiyinə nəzər salanda gələcək üçün bir çox üstünlüklərin mövcudluğunu söyləmək olar. O baxımdan ki, dövlət büdcəmizin əsas pay sahidi neft sektorudur. Gələcəkdə bu sahənin yerinin İKT tərəfindən tutulacağı da istisna deyil. O baxımdan söyləmək olar ki, İKT birinciliyə iddialıdır. Dövlət başçısının xüsusi tapşırığı da var. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb. Konsepsiyadakı əsas  istiqamətlərdən birini İKT-nin inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” təşkil edir. Artıq informasiya kommunikasiya texnologiyaları (İKT) son illərdə sürətlə inkişaf edib. Gündəlik insan həyatında sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilib. Ötən 135 ilin son illərinə nəzər salsaq, görərik ki, İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank sahələrində tətbiq edilib. Hər kəsə bəllidir ki, Azərbaycanın inkişaf tarixi ulu öndərin adı ilə bağlıdır. Ona görə də inkişaf tariximizin son 40 ilinə nəzər salsaq, ancaq xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən müdrik siyasətin təzahürünü görə bilərik. O baxımdan Azərbaycan rabitəsi uğurlu inkişaf yolu keçib.

 

135 illik rabitəmizin yaranma və inkişaf tarixi necə formalaşıb?!

 

Tarixə nəzər salanda görürük ki, lap 3-4 əsr bundan qabaq da Azərbaycanda rabitə mövcud olub. 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən poçtun dövlət səviyyəsində təşkil edilməsinin əsası qoyulub. 1881-ci ildə Bakıda telefon rabitəsi yaradılıb və həmin ilin 6 dekabrında ilk telefon xətti çəkilib. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olub. Amma ilk rabitə müəssisəmizin-poçtumuzun yaranması 19-cu əsrin əvvəllərinə aid edilir. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra oktyabrın 6-da Poçt və Teleqraf  Nazirliyi yaranıb. Ağa Aşurov nazir təyin olunub və nazirlik cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərib. 1924-cü ildən başlayaraq öncə Bakıda, sonra isə ölkənin digər şəhərlərində telefon rabitəsinin inkişaf etdirilməsinə başlanılıb. 1928-29-cu illərdə Bakı-Tiflis, Qroznı, Moskva, kimi şəhərlərlə şəhərlərarası telefon rabitəsi, respublika daxilində isə Hacıqabul, Şamaxı,Gəncə və digər rayonlarımız arasında telefon rabitəsi mövcud idi. 1946-47-ci illərdə Azərbaycanda yeni iki ATS Gəncə və Quba, 1948-ci ildə Naxçıvan və Xankəndində tutumu 200 nömrə olan ATS-lər istifadəyə verilib. Lakin 1954-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti Rabitə Nazirliyini yenidən yaradıb. 1956-cı ildə ilk televiziya mərkəzi yaradılır və ilk dəfə televiziya verilişlərinin yayımına başlanılır.

 

Azərbaycanda rabitənin inkişaf tarixi bir neçə əsr əvvələ gedib çıxsa da əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin dövrlərdə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olması rabitə sahəsinin inkişaf etdirilməsinin əsasını qoyub. Bu, rəsmi sənədlərdə də öz əksini tapıb. Belə ki, 1970-ci il iyun ayının 24-də ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarılıb və tarixi qərar qəbul edilib. Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi,texnoloji avadanlıqların inşası və digər mühüm məsələlər  öz əksini tapıb. Heydər Əliyev 70-ci illərdə bu sahəyə xüsusi diqqət göstərməklə İKT sektorunun bugünkü inkişafının bünövrəsini qoyub. Ulu öndərin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını-“BESM-6” gətirilib. Bununla da idarəetmədə ilk tətbiqlərdən  olan respublika avtomatlaşdırılmış idarəetmə sistemi-“RASU Azərbaycan”-ı yaratmağa və respublika iqtisadiyyatı üçün ciddi hesablamalar tələb edən müxtəlif məsələlərin avtomatlaşdırılması həllinə imkan verib. Elmi tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini əyani olaraq sınaqdan keçirmək üçün elmi tədqiqat institutları nəzdində “Kristal”, “Registr”, “Tellur”, “Kibernetika”, “Biotex”, “Mikroelektronika”, “Kaskad” xüsusi konstruktor büroları fəaliyyətə başlayıb. İndiki Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislər hazırlanması üçün maddi texniki baza yaradılıb.

Rabitənin radio-televiziya sahəsindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır. Radio-televiziya yayımının dünya standartlarına uyğun qurulması da Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Blokada şəraitində olan Naxçıvan əhalisinin milli televiziya proqramlarını izləməsini təmin etmək məqsədilə 1996-cı ildə “AzTv1” televiziya proqramı TÜRKSAT süni peyk vasitəsilə yayımlanmağa başlayıb. Əsası 1981-ci ildə ulu öndər tərəfindən Teleqüllənin  tikilişi də başa çatdırılıb. 1996-cı ildə isə artıq Teleqüllə istifadəyə verilib. Yeniliklər bununla bitmir. 5 oktyabr 2002-ci ildə ulu öndər teleradio sahəsində dövlət tənzimlənməsini həyata keçirən müstəqil qurumun-Milli Televiziya və Radio Şurasının yaradılması haqqında fərman imzalayıb.

Bugünkü İKT sahəsindəki fəaliyyətimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub. Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan edib.

135 illik rabitəmiz. Zamanın tələbinə uyğun inkişaf

Azərbaycanda 135 illik rabitənin daha geniş formalaşmasında Heydər Əliyevin xidmətlərini qeyd etdik. Amma rabitə sahəsində yeniliklər və inkişaf bununla bitmir. 2003-cü ildə Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi, bütün sahələrdə olduğu kimi rabitə sahəsində də aparılan islahatlar göz önündədir. Təbii ki, İKT sahəsində çox işlər görülüb. İKT sektorunun son 10 ilini 2005-ci ildə 3-cü mobil operator “Azerfon” MMC-nin fəaliyyətə başlaması, 2009-cu ildən etibarən mobil şəbəkə “3G” texnologiyasının tətbiqi, 2012-ci ildən ölkədə “4G” xidmətinin istifadəyə verilməsi kimi hadisələr təşkil edir. Son 10 ildə mobil abunəçilərinin sayı 10,1 milyonu ötüb. “ASAN xidmət” mərkəzlərinin yaradılması isə əhalinin birbaşa rahatlığını təmin edir. Bir sözlə, 135 ilik rabitəmiz 2 böyük şəxsiyyətin sayəsində şərəfli yol keçib və keçir.

Namidə BİNGÖL

Yazı “Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi-informasiya cəmiyyətinə  keçid” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü