Modern.az

Yetmiş beş yaşlı fəxrimiz

Yetmiş beş yaşlı fəxrimiz

Ədəbi̇yyat

2 Fevral 2017, 17:23

Həyatda elə insanlar var ki, onlar daim müsbət enerji daşıyıcılarıdır. Hər zaman söhbət etdikdə onlardan ayrıla bilmirsən. İldə bir dəfə görüşmək şansı qazanmış olsan, deyərdim, bəlkə də bir il rahat şəkildə yaradıcılıqla məşğul ola bilərsən.

Haqqında danışdığım şəxs bizim “vizit kartımız” Rafiq Əliyevdir. AMEA-nın müxbir üzvü, professor, sadəliyi və səmimiliyi ilə daim hər birimizə örnək olan bir Azərbaycanlı.

Həqiqətən məclisdə, ya bir tədbirdə Rafiq müəllimin yanında otursan elə bir işıq saçır ki, yanından keçən şəxslər səni görə bilmir. Çünki Rafiq müəllimin tükənməyən müsbət enerjisi hər zaman göz qamaşdırır.

Rafiq Əliyev demək kifayətdir ki, söhbətin kimdən getdiyini biləsən. Onun adının yanında hər hansı elmi dərəcəni, titulu, aldığı mükafatları sıralamağa ehtiyac yoxdur.

Çox maraqlıdır ki, Rafiq Əliyevə həsr etdiyim beşinci yazıdan özünün xəbəri yoxdur.

Deyərdim ki, hörmətli ziyalımızi hər hansı hədiyyə ilə, yaxıd addımla təəcübləndirmək mümkün deyildir. Odur ki, görüb-götürən nəsildən olan həmyerlimi onun dostlarının dili ilə təbrik etmək istədim.  Hesab edirəm onun üçün bundan böyük hədiyyə ola bilməz.

İlk olaraq əziz və sınanmış dostu Musa Yaqubla və sinif yoldaşı Fərhad Paşayevlə görüşüb dostları Rafiq Əliyev haqqında fikirlərini aldım.

 
***

Fevralın qarlı şaxtalı günündə əziz ağsaqqalımgildə, otağının isti güncündə qarşı qarşıya oturub dostu haqqında söhbət salıram.

- Rafiq Əliyevi xeyli əvvəl tanımışam. Amma görüşüb indiki qədər söhbətləşməmişik. Mərkəzi Komitədə işləyəndə bizim kurator idi. Məndə doğma İsmayıllı da “Zəhmətkeş” qəzetinin redaktoru idim.

Daha yaxından isə son on ildə tanımışam. Tanımaq yox eyy. Elə bil kəşf etmişəm...

Çox qəribə insandır. Allah təala ona nəfs  verməyib. Tamah bu insanın xarakterinə yaddır. Hər kəsə ancaq kömək etmək niyyəti var. Hörmət etmək lazım gəlsə, onu da özü etmək istəyir. Təssəvür elə ki, xeyr iş edib nəmər yığmayıb. Elə bilirsən ki, imkandan irəli gəlir, yox, ürəyi imkanlıdır, ürəyi böyükdür, genişdir.  Pul sozü varsa, onu ancaq özü vermək istəyir...

O gün zəng etmişdi. Dedi “on”u unutmamısan. Elə bildim mənim “on”umu deyir. Sonradan yadıma düşdü ki, fevralın onunu  deyirmiş. Onda hiss etdim ki, deyəsən qocalıram... 

Dostu üçün özünü içində  yandıran adamdır Rafiq müəllim.

Yadında olar sənin, kənddə böyümüsən, bilməmiş olmazsan. Pambıq tayasına  yaş pambıq yığsan dərhal yaş pambıq alovlanır. Bu da həyatın bir qəribəliyidir. Qurunun hesabına yaş yandığı halda, yaş pambığın hesabına qurusu yanır. Bax Rafiq müəllimin daxilində yaş  pambıq kimi alovlanır, amma büruzə vermir.

Allah təalanın ona verdiyi ikinci xöşbəxtlik böyük azərbaycanlı Lütf Zadənin onun elmi rəhbəri olmasıdr. Elə bir dahinin məsləhətlərinə qulaq vermək, təhlillərini elmi araşdırmalarda istifadə etmək, nəticədə xalqının, Azərbaycanın adını zirvələrə qaldırmaq hər adama qismət olası hal deyil...

Bizi birləşdirən bir məqamda var. Onu da qoy deyim. Tale elə gətirib ki, hər ikimiz həyat yoldaşımızı çox tez itirdik. Və hər ikimiz o ağrını, o acını  bölüşməklə sanki yüngülləmiş oluruq. Həyat yoldaşıma həsr etdiyim  şeirlərimlə, Rafiq müəllim isə bir sıra yazılarıyla xanımlarımızı yad edirik. Açığı bu yaşda həyat yoldaşını itirmək çox ağırdır. O ağrını, bayaq dediyim kimi, dostum daxilində qəlbində çəkir, hiss etdirmir...   

Dost oldunsa gərək etdiyin hörmət barəsində düşünməyəsən. Düşündünsə artıq dostluq arxa plana keçir. Dost arasında ərk olmasa, o dostluq uzun çəkməz, biləsən. Bizim bir-birimizə, həm də ərkimiz var.

Mələklər təki təmiz  bir insan olan Rafiq Əliyev kimi dosta arzum nə ola  bilər- 80-i doğma Ağdamda, oxuduğu bir nömrəli məktəbin həyətində keçirmək qismət olsun...

Musa Yaqubla xeyli söhbət etdik. Söhbətimizdə digər maraqlı mövzulara-manatımızı diriltməkdən tutmuş, tut arağının çəkilməsinədək məsələlərə toxunduq. Digər həmsöhbətimlə görüşə tələsdiyimdən ləngimədən əziz ağsaqqalımdan ayrılıram.

 

***

Fərhad Paşayev Rafiq müəllimin sinif yoldaşıdır. İndiyə kimi dostluq edirlər. Özü də necə. Söhbətə Fərhad müəllim hazır gəlmişdi. Söhbət edə-edə məhz onun dostu haqqında yazıdqlarını vərəqləyirəm. Əməkdar mədəniyyət işçisi, gözəl tar ifaçısı olan Fərhad Paşayev dostuna ən böyük arzusunu da çatdırmağı unutmamışdı.

Maraqlı faktlarla zəngin dostluğun inkişaf yolunu olduğu kimi təqdim edirəm:

- Xatirələr məni Ağdam şəhər 1№ orta məktəbin 7-ci sinfində oxuduğumuz 1954-cü ilə aparır. O vaxtlar oğlan və qızlar ayrı-ayrı məktəblərdə oxuyardılar. Həmin ildən isə biz qızlarla birgə təhsil almağa başladıq. İkimizdə 7-illik musiqi məktəbində tar ixtisası üzrə musiqi təhsili almışıq. İkimizin də dəqiq elmlərə meyilli olmağımıza baxmayaraq, Rafiq Əliyev daha çox şeirə, poeziyaya, mən isə musiqiyə həvəs göstərirdim. 9-cu sinifdə onun təkidi ilə mən də şer dərnəyinə yazıldım. Dərnək rəhbərimiz ədəbiyyat müəlliməmiz Süsən Abdullayeva idi. Məşğələlərdə təzə yazdığı şeirləri oxuyur, dərnək rəhbərimiz isə öz məsləhətlərini verirdi.

Yadımda qalan odur ki, Rafiq Əliyevin  onlarca şeiri  “Lenin yolu”  rayon qəzetində çap olunmuşdu. Hətta yadımdadı ki,  mənzum pyesi məktəbin dram dərnəyində tamaşaya qoyulmuşdu...   

1958-ci ildə orta məktəbi bitirəndən sonra yollarımız müvəqqəti olaraq ayrıldı. R.Əliyev Azərbaycan Neft və Kimya İnstitutuna, mən isə yenicə açılmış Ağdam  Orta İxtisas Musiqi məktəbinə qəbul olundum.

1962-ci ildə musiqi məkətbini bitirəndən sonra mən də Bakıya gələrək, Politexnik İnstituta qəbul olundum.

Maraqlıdır ki, hər ikimiz Bakıda “Yasamal bazarı”nın yaxınlığında kirayələdiyimiz evdə yaşamışıq.

1967-ci ildə namizədlik dissertasiysını müdafiə elədi. Müdafiədən sonra qardaşı Həsən müəllimin (ruhu şad olsun) evindəki ziyafətdə mən öz tarımla, R.Əliyevin Moskvadan gələn elmi rəhbəri, iş yoldaşları və müəllimləri üçün musiqi ziyafəti verdim.

İş elə gətirdi ki,1968-ci ildə mən institutu bitirərkən diplom rəhbərim sinif yoldaşım oldu. Vaxtı ilə mən onun tar müllimi olmuşdum, indi isə o mənim diplom rəhbərim və müəllimim oldu.

Rafiq Əliyevə, əziz dostuma nə arzu edərdim?

İkimizində qəlbində sağalmaz bir yara, bir dərd, bir acı var. Uşaqlığımızın, gəncliyimizin, keçdiyi o torpaqda bir daha birlikdə addımlamaq, Pənahəli xanın, İbrahim xanın, Xan qızının ruhlarının dolaşdığı “İmarət” də yüz illərin şahidi olan Xan Çinarın qocaman gövdəsinə kürəyimizi söykəyib birlikdə xəyallara dalmaq, Ağdam məscidinin minarəsindən gələn əzan səsinin ecazkar sədaları altında Allaha səninlə bir daha yaxınlaşmaq, Xan əminin “Qarabağ şikəstəsi”nə, Arif Babayevin “Yetim seygahı”na, Qədir Rüstəmovun “Sona bülbülləri”nə qulaq asa-asa bir daha bu xalqın, bu Vətənin, bu torpağın ululuğuna, ilahiliyinə, ülviliyinə, müqəddəsliyinə inanmaq istərdim...

Sonda Fərhad müəllim bir arzusunu da dilə gətirdi: “Ən çox sevdiyi “Zəminxarə” muğamını və həsrətli göz yaşları ilə dinlədiyi “Həkim qız” mahnısını tarı bağrıma basıb ifa edərək sinif yoldaşıma ərməğan edirəm...”

Bəli, 75 yaşlı Rafiq Əliyevə həsr etdiyim bu yazını burdaca yekunlaşdırmaq istərdim. Onu da əlavə etməliyəm ki, hörmətli ziyalımız haqqında nə qədər yazsaq da, nə qədər desəkdə azdır.

Arzularımızı hər birmiz müxtəlif forma və məzmunda çatdırırıq və deyəcəyik. Amma deyiləsi sözün, arzunun fövqündə Azərbaycan dayanır, Rafiq Əliyevi yetişdirən Qarabağ dayanır. Odur ki, Azərbaycanı Qarabağsız, Qarabağı isə Rafiq Əliyevsiz təssəvvür etmək olmaz. 

75 yaşınız  mübarək əziz insan!



Vüqar Tofiqli

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü