Bu gün Azərbaycanda mərc oyunlarının yeganə qanuni elektron ünvanı olan etopaz.az saytının 5 yaşı tamam olub.
Etopaz.az 2012-ci ilin martın 1-də Bakıda təsis olunub. www.etopaz.az-ın işlətmək hüququ “Netbet” MMC-dir. “Netbet”ə isə Azərbaycanın tanınmış idman şərhçisi olan Altay Əliyev rəhbərlik edir.
Modern.az xəbər verir ki, bugünkü tədbirdə çoxdandır telekanallarda görünməyən tanınmış telejurnalist Altay Əliyev iştirak edib.
Altay Əliyev 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olub. 1994-198-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alıb. 2000-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "dünya siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsili alıb. Jurnalist fəaliyyətinə 1995-ci ildə "525-ci qəzet"də başlayıb.
1996-cı ildən AzTV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 il fəaliyyət göstərib. 2002-ci ildə isə ATV-də çalışıb.
Tamaşaçılar onu telekanallardan futbol oyunlarının şərhçisi kimi tanıyırlar. O, çox sürəli danışıq tərzi ilə yadda qalıb.
Altay Əliyevin sürətli danışığı hətta bir lətifənin yaranmasına da səbəb olub:
“AzTV-də futbol gedir: “Qarabağ” – “Xəzər-Lənkəran”. Şərhçi Altay Əliyev yenə dil-boğaza qoymadan, nəfəs dərmədən, ildırımsürətli danışığı ilə oyunu şərh edir.
Oyunun qızğın vaxtında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov qalxır şərhçilərin otağına, qapını açıb deyir:
- Ay Altay, qadan alım, bir az asta danış da, bizim uşaqlar sənə çatdıra bilmirlər axı...”.