Modern.az

Elimizin, dilimizin MƏNTİQ müəllimi - Qəzənfər müəllim

Elimizin, dilimizin MƏNTİQ müəllimi - Qəzənfər müəllim

4 Mart 2017, 09:39

Filologiya elmləri doktoru, professor Qəzənfər Şirin oğlu Kazımov  1937-ci ilmartın 3-də   Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Atası Allahverdiyev Şirin Kazım oğlu  kənd məktəbinin  direktoru idi. O,1943-cü ildə cəbhədə həlak olmuşdu. 


Q.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsini bitirib.  1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji İnstitutun əyani aspiranturasına daxil olub.

Q.Kazımov 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildən professordur.
Namizədlik dissertasiyasının mövzusu Ə.Haqverdiyevin dramaturgiya dilinə aiddir.

Doktorluq dissertasiyasının mövzusu da dilin üslubi imkanları haqqındadır:

"Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)".

Q.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə Şurasının sədr müavini (1990-1994), Ali Attestasiya Komissiyasında ekspert Şurasının üzvü (1996-1999) olub. Uzun müddət (1979-2003) Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki Şurada fəaliyyət göstərib.

 Q.Kazımov 1999-2000-ci illərdə AMEA  Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınıb. Ədəbi tənqidlə  də məşğul olur.  Q, Respublika Yazıçılar Birliyinin və Azərbaycan  Jurnalistlər Birliyinin  üzvüdür.

Q.Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Professor Qəzənfər Kazımovun filoloji fəaliyyəti geniş, hərtərəfli və məhsuldardır.

O, Azərbaycan dilinin tarixi,müasir Azərbaycan dilinin quruluşu,bədii əsərlərin dili, üslub və üslubiyyat, ədəbiyyatşünaslıq, ədəbiyyatşünaslıq məsələlərinə aid  monoqrafiya və saysız-hesabsız elmi məqalələrin müəllifidir.
Q.Kazımov Azərbaycan dilinin metodikası də tədrisi  haqqənda da maraqlı və yüksək elmi səviyyəli  əsərlərin müəllifidir.
Onun Azərbaycan dili dərslikləri yuxarı sinif  şagirdlərinin  və dilimizin incəliklərini və gözəlliklərini öyrənən  hər bir ziyalının stolüstü kitablarıdır.

Bu kişik tanıtma qeydlərindən sonra yaxından tanıdığım Qəzənfər müəllim haqqında  təəssüratlarımı  oxuculara “Elimizin, dilimizin MƏNTİQ müəllimi - Qəzənfər müəllim”  sərlövhəsi ilə  təqdim etməyi  gərəkli bildim.


Qəzənfər Kazımov Azərbaycan dili müəllimidir. Onun professorluğa gələn yolu adi müəllimlikdən başlayıb. Bəlkə də tələbə olanda nə vaxtsa professor olacağına heç özü də inanmayıb. Oxuyub, öyrənib, öyrənib oxuyub.Yaxşı müəllimlərdən yaxşı dərs alıb.
Qəzənfər müəllimi Azərbaycana  daha çox tanıdan  işi ilk növbədə onun orta məktəb şagirdləri üçün yazdığı dərsliklərdir. 

Azərbaycan dilində onun xidmətləri ilə ilgili maraqlı  yeni bir üçüncü növ təyini söz birləşməsi yaranıb: 


Qəzənfər müəllimin dərslikləri


Qəzənfər müəllimhəm müəllimlərin, həm də şagirdlərin ən çox sevdikləri 2-3 dərsliyin birincisidir. Bunlar 8-ci və 9-u siniflərə aid Azərbaycan dili dərslikləridir.
(bütün nəşrlərini nəzərdə tuturam). Doğrudur, son illərdə bu siniflər üçün yeni dərsliklər yazılıb.

Şəxsən mən Qəzənfər müəllimin dərsliklərindən sonra həmin siniflər üşün dərslik yazmağa cəhd etməzdim. Kimlərinsə bunu  kurrikulum ifadəsi ilə bəzəməsi də inandırıcı görünmür. 

Qəzənfər müəllim bizə bildiyimiz dilin MƏNTİQİNİ öyrədib. Bu dərsliklər   dilimizin sintaktik çevikliyi, söz birləşməsi, cümlə və onun müxtəlif yanaşma üsulundan asılı olan növləri haqqında cəsarətlə danışmağa imkan verir. 

Yazımın sərlövhəni də məhz buna uyğun olaraq seçmişəm.

Mən TQDK-da Azərbaycan dili və ədəbiyyati fənni üzrə müvafiq  fənn komsiyasının sədri olanda (1994-1995) ilk işlərimdən biri dilimizin məntiqini yaxşı bilən AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşlarını və ali məktəb müəllimlərini komissiyanın işinə cəlb etmək oldu.
Hərəyə bir tapşırıq verdim. Qəzənfər müəllimin hüzuruna özüm getdim. Qəzənfər müəllim onda Pedaqoji İnstitutun dekanı idi.

Qəzənfər müəllim əməkdaşlıq  təklifini  qəbul etsə də, yəqin ki, ali məktəbdə işinin çoxluğundan  seminarlarımıza gəlmədi. Lakin hər seminarımızda biz onu gördük. Bu və ya digər məsələlərin izahında müəllimlər dilçilik ensiklopediyası olan  Qəzənfər müəllimin yazdıqlarına istinad edirdilər. Elə bu özü böyük qayğı və sayğı nümunəsi idi.

Sonralar Qəzənfər müəllimi bir bəhanə ilə TQDK-ya  dəvət edə bildik.

Seminar iştirakçıları Qəzənfər müəllimi alqışlarla qarşıladılar. Onun müəllifi olduğu dərsliyin müzakirəyə çıxarılması  yaddan çıxdı. Gündəlikdə professor Q.Kazımovun dərslilərindən birinin müzakirəsi nəzərdə tutulmuşdu.  Seminardakı müəllimlərin çoxu oxuduqları ali məktəbdə onun tələbələri idi. Onlar öz sevimli müəllimi olan Qəzənfər müəllimlə daha maraqlı dilçilik söhbətləri etdilər. Q.Kazımovun seminardakı  çıxışı  müəllimlərin gələcək inkişafı üçün çox gərəkli oldu.
Onsuz da, Qəzanfər müəllimin müzakirəyə çıxarılan dərsliyi alternaivi ilə müqayisədə birinci idi və bunu hamı bilirdi. Bu dərsliyin məziyyətlərini müəllimlərlə yanaşı, onların şagirdləri də təsdiq edirdilər.

Qəzənfər müəllim mənim dostlarımdandır. Bu yazını isə dostluq xatirinə yox, yubilyarı salamlamaq üçün yazıram.
Mən  fəxr edirəmki, Azərbaycanın hər yerində  və onun  bütün təhsil oğaqlarında  Qəzənfər müəllimin mənim kimi on minlərlə dostu var. Bu,  böyük fəxarətdir. On min, iyirmi min  dost böyük bir ordudur.

Deməli, Qəzənfər müəllim general rütbəli 3-4 dilçimizdən biridir. Qəzənfər müəllim son illərdə xalq təbabərinin maraqlı cəhətlərini Azərbaycan dilinin inşəlikləri ilə oxucularına çatdırmağa daha meyillidir. Bu cəhətdən , o həm dı böyük loğmandır.



Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq

03.03.2017

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü