Modern.az

Zəngilanın SEYİD OCAQLARI: Onlar əvvəlki nüfuzu qoruya bilirlərmi...

Zəngilanın SEYİD OCAQLARI: Onlar əvvəlki nüfuzu qoruya bilirlərmi...

9 Mart 2017, 16:21

"Seyid" sözünün ərəb dilindən tərcüməçi "ağa" deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. Dini termin kimi Həzrət Məhəmməd Peyğəmbərin (s) ulu babası Haşimin nəslindən olanları seyid adlandırırlar.
Xalq ənənəsində isə Peyğəmbərin nəslindən olanlar seyid sayılırlar. Məhəmməd Peyğəmbərin (s) nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) və Zeynəb vasitəsilə davam edib. Bu gün dünyanın müxtəlif ölkələrində yüz milyonlarla seyid yaşayır.

İslam dinində seyidlərə ehtiram göstərmək çox təkid olunur. Məclislərdə seyidi yuxarı başda əyləşdirmək, onun qulluğunda durmaq ənənəyə çevrilib.


Azərbaycanın müxtəlif rayonlarında da seyidlər yaşayıb və indi də yaşayır. Onlardan bəziləri yaşadıqları bölgələrdə kifayət qədər tanınımış, yüksək hörmət-izzət sahib olublar.


Digər bölgələr kimi, indi işğal altında olan rayonlarımızda da vaxtilə sayılıb-seçilən, ağır seyidlər yaşayıblar.  Torpaqların işğal olunmasından sonra o seyidlər, onların övadları da məcburi köçkün kimi müxtəlif rayonlara səpələniblər. Və nəticədə məskunlaşdıqları yerlərdə yerli sakinlərlə qaynayıb-qarışmaları onları bir qədər unutdurub, yaddan çıxarıb, əvvəlki nüfuzlarını müəyyən qədər itiriblər. Nəticə də həm də öz rayonlarının sonradan doğulan insanlarında da həmin seyidlərə inam möhkəmlənə bilməyib.


Seyid Həsən Ağa Zəngilanda sayılıb- seçilən şəxsiyyətlərdən biri olub. Atası Hacı Mirməhəmməd Ağa XİX əsrin ikinci yarısında Həzrət Əlinin uyuduğu Nəcəfül – Əşrəf şəhərində ali ruhani təhsili alıb. Dərin biliklərə malik olması haqqında məlumat alan dövrünün tanınmış görkəmli ziyalısı Əbdüsəməd bəy Zəngilaninin dəvəti ilə Zəngilana gəlmiş və ömrünün sonunadək burada yaşayıb fəaliyyət göstərib.
Anası Lalə xanım Zəngilan yaxınlığında - Arazın o tayında yerləşən Süceyli kəndindəndir. Hacı Mirməhəmməd Ağa həmin kənddə olarkən Lalə xanımı görür və onunla evlənir. Ailə qurduqdan sonra Zəngilanın Məlikli kəndində yaşayırlar. Birgə nikahdan beş övladları - Seyid Həsən Ağa, Seyid Hüseyn Ağa, Zeynalabdin Ağa, Fatma xanım, Xədicə xanım doğulur.

Ailənin böyük övladı olan Seyid Həsən Ağa Kəlbə Məhəmməd qızı Suqra xanımla ailə həyatı qurub. Birgə nikahdan altı övladları dünyaya gəlib.

Seyid Həsən Ağa 1984-cü ildə 96 yaşında vəfat edib.


Bu gün Seyifd Həsən Ağanın nəsli haradadır, övladları atalarının nüfuznu qoruyub saxlaya bilirlərmi?


Zəngilan rayonunun ağsaqqallarından olan Hidayət Ağayev bu haqda Modern.az saytına danışıb.


“Zəngilanda ağır seyidlər vardı. Buna misal olaraq, Seyid Həsən Ağanı, Seyid Ələsgər Ağanı, Mirmahmud Ağanı (Miman ağa deyirdilər), Seyid Rzanı göstərmək olar. Onlar  sınanmış seyidlər idi. Hərəsinin də özünəməxsus möcüzələri vardı.  
Ümumiyyətlə isə seyidlər Allahın yerdəki möcüzələrindən biridir. Sadaladığım  seyidləri istər öz rayonumuzda, istərsə də qonşu rayonlarda, yaxın şəhərlərdə böyük nüfuz sahibləri kimi tanıyırdılar. Uşaqdan-böyüyə hamı onlara çox böyük hörmət bəsləyirdi. Zəngilandan və qonşu rayonlardan onların evlərinə gəlib, yad edirdilər. Oturub onlarla söhbətləşirdilər. Bir növ bununla insanlar rahatlıq tapırdılar.
Sovet dövründə insanlar pirlərə, məscidlərə gedə bilmirdilər. Bunun əvəzində isə seyidlərin evlərinə gedirdilər. Seyidlərə nəzirlər, müəyyən hədiyyələr verirdilər. Onlardan hanısısa bir iş üçün xeyir-dua alırdılar. Həmin iş baş tutduqda isə seyidlərə inam birə-beş artırdı.
Xəstəsi olan, işi dara düşən adamlar seyidlərin ocaqlarına gedib, onlardan kömək diləyirdilər.

Mən belə bir şeyin də şahidi olmuşam ki, rayonda adını çəkmək istəmədiyim bir şəxs seyidin yanına xəstə qızını gətirmişdi ki, onun xəstəliyi düzəlsin. Qız yeriyə, danışa bilmirdi. Qız seyidin yanına gəldikdən sonra müəyyən dərəcədə düzəlmişdi. Tam da olmasa, danışa və gəzə bilirdi. O, bütün rayonda demişdi ki, qızımı seyidə nəzir etmişəm. Amma adını çəkmək istəmədiyim həmin seyid bu kimi şeyləri qəbul etmirdi. Allaha bağlı adam idi. Rayonda hər hansı bir toy və ya xeyir iş olan zaman mütləq həmin seyidlər və onların övladları orada iştirak edir, yuxarı başda əyləşirdilər. Hörmət əlaməti olaraq, xeyir işin açılışın etməyi onlara həvalə edirdilər”.


Müsahibimiz deyir ki, Zəngilan ermənilər tərəfindən işğal olunanda isə həmin seyidlərin hərəsi respublikanın bir neçə rayon və şəhərlərində məskunlaşmalı oldu.

“Mən neçə dəfələrlə onların evlərinə gedib, ziyarət etmişəm. Rayon adamlarından da onlara getmək istəyən olduqda, icra nümayəndəliyindən və yaxud da rayonun ağsaqqallarından həmin seyidlərin qaldıqları yerin ünvanını öyrənirik. Həmin seyidlər rəhmətə getdiyindən, onların övladlarını ziyarət edirik. Toylara, müəyyən mərasimlərə çağırırıq, xeyir-dualarını alırıq.
İşğaldan sonra onların məskunlaşdıqları yerləri tapmaqda çətinliklər çəkirdik. Ondan bundan, soruşa-soruşa bitəhər tapırdıq. İndi isə demək olar ki, hamı onların qaldıqları yeri bilir. Ailələri ilə əlaqə saxlayırıq.
Mən yuxarıda adlarını sadaladığım seyidlər, hazırda bəzilərinin tanıdığı dırnaqarası seyidlərdən deyillər. Onlar və ailələri çox imanlı və ədəbli şəxslərdir”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü