Modern.az

Düşünülmüş sərsəmlik

Düşünülmüş sərsəmlik

12 Aprel 2011, 19:52

Yaxud Cim Kerrinin oxşarının "diplomatik" missiyası

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın təyinatı ətrafında yaradılmış məqsədyönlü "fikir ayrılığı" kampaniyasının səbəbləri barədə bir neçə ay öncə yazdığım üçün bu mövzuya yenidən qayıtmağı lüzumsuz sayıram.

Digər tərəfdən, Brayzanın Azərbaycana ayaq basdığı ilk gündən atdığı addımları - keçirdiyi görüşləri, verdiyi bəyanatları və açıqlamaları sıralamaqla onun missiyasının motivlərini və sonrakı fəaliyyətinin əsas konturlarını müəyyənləşdirmək çətin deyil. Bu baxımdan, Metyu Brayzanın təyinatı və fəaliyyətilə bağlı prinsipial önəm daşıyan məqamlara ötəri nəzər salmaqla diplomatiyanı klounada ilə uzlaşdırmağı "məharətlə" bacaran bu ABŞ diplomatının obrazını müəyyən qədər gün işığına çıxarmaq istəyirəm.

Obama adminstrasiyasının Metyu Brayzanı Azərbaycana göndərməkdə əsas məqsədi barışmaz, aqressiv və narazı qrupları stimullaşdırmaqla və daxili sabitliyi pozmaqla Azərbaycan hökumətinə təzyiq göstərmək, rəsmi Bakını ABŞ prezidentinin İstanbul sammitində gerçəkləşdirə bilmədiyi təslimçilik layihəsilə barışmağa məcbur etməkdir. Prezident seçilməmişdən öncə İraq kampaniyasını dayandıracağını vəd verən, seçiləndən sonra isə "dünyanın gününü" sələfi Corc Buşdan daha çox "qaraldan", yeni və daha təhlükəli müharibə ocaqları yaradan Barak Obamanın Türkiyə-Ermənistan protokolları ilə bağlı Azərbaycanın israrlı mövqeyini və "yox" cavabını həzm edə bilmədiyini sübuta yetirməyə ehtiyac yoxdur. Vaşinqtonun son 2 ildə Azərbaycanla bağlı bütün davranışları İstanbul uğursuzluğundan qaynaqlanan qəzəbin üzərində köklənib. Bu soyuq aqressiya özünü hər addımda büruzə verir. Metyu Brayzanın - ABŞ-ın enerji strategiyasının, ATƏT-in Minsk qrupunun və Türkiyə-Ermənistan protokolları ilə bağlı aparılan danışıqların içərsindən sıyrılan bir diplomatın Obama adminstrasiyası, erməni diasporu və Konqresin birgə səyi nəticəsində reablitasiya edilərək Azərbaycana gödərilməsinin arxasında dayanan məkrli niyyət də həmçinin...

Zahiri görünüşü və hərəkətləriylə məhşur "Maska" filminin baş qəhrəmanına (aktyor Cim Kerri - red.) heyrətamiz dərəcədə bənzəyən Meytu Brayzanın diplomatik maskası, əslində yuxarıda haqqında söhbət açdığım prosesləri düzgün dəyərləndirməyi bacaran şəxslər üçün çoxdan yırtılıb. Hələ adıçəkilən şəxsin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi və məqsədyönlü şəkildə ziddiyyətli bəyanatlar verməklə Dağlıq Qarabağ münaqişəsi ətrafında qeyri-ciddi bir atmosfer yaratmağa cəhd göstərdiyi zamanlardan...

İndisə Brayzanın səfir kimi fəaliyyətə başladığı vaxtan bəri atdığı addımlar ən qabarıq məqamlarına diqqət yetirək:

Barışmaz qrupların icazəsiz aksiya keçirəcəkləri barədə bəyanatlarından sonra, Brayza İsa Qəmbər və Əli Kərimli ilə görüşür və bu görüşdən dərhal sonra razılaşdırılmamış yürüş-mitinqlə bağlı tərəddüd keçirən radikallar daha aqressiv bəyanatlarla çıxış edirlər. İcazəsiz aksiyadan sonra isə Brayza (çox güman ki, öncədən söz verdiyi kimi) diplomatik missiyaların rəhbərlərini Müsavat Partiyasınının qərargahına "göndərir" və yenə də növbəti yürüş-mitinqin keçirilməsilə bağlı qərar verə bilməyən barışmazları "hərəkətə gətirir".

Bütün bunlardan sonra Avropa Birliyinin və Dövlət Departamentinin məlum bəyanatları səslənir ki, bu da Azərbaycan tərəfinin əks reaksiyasına səbəb olur. Media müstəvisində ziddiyyətlərin dərinləşdiyi bir zamanda Azərbaycan Müdafiə Hazirliyində ABŞ-ın maliyyələşdirdiyi xəstəliklərin monitorinqi laborotoriyasının açılış mərasimi keçirilir... Maraqlı texnologiyadır, amma proseslərin ardıcıllığı və ABŞ səfirinin laborotoriyanın açılış mərasimində səsləndirdiyi "humanist bəyanatlar" daha çox maraq doğurur. Birləşmiş Ştatların siyasətində təsadüflərin olmadığını nəzərə alsaq, açılış mərasiminin təsadüf etdiyi zamanın və seçilən subyektin də "göydəndüşmə" olmadığını, eləcə də bu məsələdə ictimai rəyin həssaslığının da öncədən ölçülüb-biçildiyini təxmin etmək mümkündür.

Detallara varmaq istəmirəm.

Zənnimcə, real mənzərə siyasi daltonizm problemi olmayanlar üçün göz qabağındadır.

Sərsəm, sərsəm, sərsəm... bəyanat

Son günlər Azərbaycanda ən çox dartışılan məsələlərdən biri də ABŞ dövlət Departamentinin və hazırda səfir rolunu oynayan "Cim Kerri"nin "Azərbaycan parlamentində yalnız bir müxalifət partiyasının olduğu" barədə mülahizələridir. Məqsəd təbii ki, aydındır. Bununla Ağ ev və onun azərbaycandakı missioneri hakimiyyətin legitimliyini tanıyan parlament müxalifətinin üzərinə kölgə salmaqla idarə etdikləri barışmaz qrupları konkret və yeganə tərəf elan etmək niyyəti güdür. Çünki hakimiyyəti ölkədə siyasi və hüquqi islahatların aparılmasının vacibliyinə inandırmağa çalışan və bu istiqamətdə real addımların atılmasına maneə yarada biləcək hər hansı qıcıqlandırıcı fon yaratmayan, ritorik və aqressiv bəyanatlarla yox, qəbul oluna biləcək təkliflərlə çıxış edən parlament müxalifəti bu gün Azərbaycanda xaricdən stimullaşdırılan qütbləşmənin qarşısını ala biləcək əsas qüvvədir. Onları neytrallaşdırmaqla isə ən azı qütbləşmə görüntüsü yaratmaq mümkündür ki, bu da öz maraqlarını diqtə etməyə çalışan xarici qüvvələrin ssenarilərinə daha çox uyğun gəlir.

Brayza isə vaxtilə ATƏT-in Minsk qrupunda tətbiq etdiyi "ziddiyyətli və qıcıqlandırıcı bəyanatlar" texnologiyasından indi Azərbaycanın daxili siyasətində yararlanmağa çalışır. Ona görə ki, tərəfləri qarşı-qarşıya qoymaqla, ziddiyyətləri dərinləşdirməklə, qütbləşmə yaratmaqla arbitr roluna yiyələnmək daha asandır...

P.S. BQP sədri, millət vəkili Fazil Mustafa ABŞ Dövlət Departamentinin və Metyu Brayzanın eyni məzmunlu mülahizələrini "axmaq bəyanat" kimi səciyyələndirib. Amma mən bir az fərqli düşünürəm. Zənnimcə, Brayzanın və "onun departamenti"nin bəyanatını "düşünülmüş sərsəmlik" adlandırmaq daha doğru olardı. Əslində, Fazil bəyin fikirlərinə opponentlik etməkdə xüsusi bir maraq da güdmürəm. Sadəcə, sərsəm sözü daha çox xoşuma gəlir. El arasında əla sinonimi var... Amma heyf ki, yaza bilmirəm...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü