Modern.az

Yaşlılar bir yerə toplanır, kitab oxuyur, oyunlar oynayır – Veteran klubdan REPORTAJ

Yaşlılar bir yerə toplanır, kitab oxuyur, oyunlar oynayır – Veteran klubdan REPORTAJ

Reportaj

10 İyun 2017, 09:51

Xəzərin qoynunda yerləşən Dənizkənarı Bulvar uşaqdan böyüyə hamının sevdiyi məkanlardan biridir. Burada kimi attraksionlardan istifadə edərək, kimi gəzərək, kimi söhbətləşərək, kimi də müxtəlif məşğuliyyətlərlə istirahət edir. Bakı bulvarında yaşlı sakinlərin də istirahəti üçün xüsusi yer ayrılıb. Veteran klub adlanan bu məkanın 40 üzvü var. Ağsaqqallar burada müxtəlif stolüstü oyunlar oynayır, kitab oxuyur, televizor izləyir və həmsöhbət olurlar.

 

Modern.az-ın əməkdaşları yaşlı kişilərin toplaşdığı bu məkanda olub.

 

Veteran klubun inzibatçısı Xanlar Əliyev bildirib ki, klub illərdir fəaliyyət göstərir, 2009-cu ildən buraya köçüb.

 

“Klubun 40 üzvü var. Biz onlara qulluq edirik. Üzvlərimiz hər gün vaxtlarının müəyyən hissəsini burada keçirir, şahmat, domino, nərd, dama və digər stolüstü oyunlarla məşğul olur, televizor izləyirlər. Klubun üzvlərinin əksəriyyəti elmi dərəcəli insanlardır. Onlar oyunlara görə bir-biri ilə mübahisə etmirlər, sakit şəkildə oyunlarını oynayırlar. Hər il Yeni il, Novruz bayramı, Qələbə bayramı, Respublika günü qabağı oynadıqları stolüstü idman növləri üzrə öz aralarında yarışlar keçirirlər. Oyunlar üzrə qalib gələnlərə Dənizkənarı Bulvar idarəsinin hesabına müxtəlif hədiyyələr veririk”.

Klubda səmərəli vaxt keçirdiyini deyən klub üzvü Baba dayı, buranın təqaüdçülərin istrahəti üçün çox məkan olduğunu deyib.

“Buradan çox razıyıq, bizə çox yaxşı qulluq edirlər. Burda vaxtımızı keçirmək üçün müxtəlif stolüstü oyunlar oynayırıq. Mən daha çox nərd oynayıram.  Burada keçirilən nərd üzrə çempionatlarda 2 dəfə birinci yerin, 1 dəfə isə ikinci yerin qalibi olmuşam.  Qalib olduğuma görə, mənə kubok və müxtəlif hədiyyələr veriblər. Hər gün saat 1-dən 5-ə kimi vaxtımı burada keçirirəm. 20 ildən çoxdur ki, kluba gəlirəm. Təqaüdçü olaraq vaxtımızı keçirmək üçün gözəl yerdir”.

 

Digər müsahibimiz Rafiq dayı isə  kluba nəzarət etdiyini və burada həmyaşıdları ilə mənalı vaxt keçirdiyini deyib.

 

“Əvvəllər yerimiz saat qülləsinin yaxınlığında yerləşirdi. 8 ildir ki, biz buraya köçmüşük. Burada stolüstü oyunlardan şahmat, domino, nərd oynayaraq vaxtımı keçirirəm. Hər gün saat 9-dan 17-yə kimi burda oluruq. Burada bizə istədiyimiz qədər çay, su verirlər. Burda kimi maraqlı diskussiyalar edərək, kimi stolüstü oyunlar oynayaraq, kimi qəzet oxuyaraq vaxtını  səmərəli keçirir. Klubun ən yaşlı üzvünün 86 yaşı, mənim isə 80 yaşım var”.  

 

Klubun ən yaşlı üzvü olan Kamil Əliyev isə əvvəllər nazirliklərdə, komitələrdə, müxtəlif vəzifələrdə işlədiyini deyib.

 

“Əvvəllər burada şahmat oynayırdım. İndi eşitmə və görmə qabiliyyətim zəiflədiyi üçün çox oynamıram. Eşitmə qabiliyyəti şahmata mane olmur, şahmatda görmə qabiliyyəti önəmlidir. Burada müntəzəm olaraq qəzet oxuyuram. Ən çox oxuduğum qəzetlər “Kaspi” və həftədə bir dəfə çıxan “Arqumentı i faktı”, qəzetləridir, arabir “Yeni Musavat” qəzetini də oxuyuram.  İmkan tapdıqca bədii ədəbiyyat da oxuyuram. Mən ömür boyu oxumuşam, elə bu da gözlərimin zəifləməsinə təsir edib. İndiki cavanlar demək olar ki, kitab oxumur, əllərində telefon, qulağında qulaqcıqla sanki dünyadan təcrid olunublar. 

 

Kitab oxumaq dünya görüşünün artmasına səbəb olur, kitabla görmədiyin yerlər haqqında təsəvvür yaranır, o yerləri beynində canlandırırsan. Demək olar ki, bütün şərq, qərb ədəbiyyatını, onların klassiklərini oxumuşam. İndiki gənclərdən “Molla Nəsrəddin”i kimin təsis etdiyini soruşanda bilmir. Gənclərin Cəlil Məmmədquluzadəni tanımamağı rüsvayçılıqdır.  Cəlil Məmmədquluzadə şərqin Şekspiridir, onun “Ölülər”i heç də Şekspirin əsərlərindən geri qalmır. Gənclərin bunları bilməməsinin başqa səbəbi isə yaxşı müəllimin olmamasıdır.

 

Demək olar ki, hər gün buraya gəlirəm. Yasamalda qalıram, hər gün saat 11-dən sonra bura gəlməyə çalışıram”.

 

Klubun başqa bir üzvü Vaqif dayı isə, klubun üzvlərinin çox mehriban olduğunu deyib.

 

“Hamımız burda vaxt keçirməklə istirahət edirik. Burada söhbətləşirik, stolüstü oyunlar oynayaraq vaxtımızı səmərəli keçirdirik. Başqa yerlərdə bəlkə də stolüstü oyunlar zamanı mübahisələr yaşana bilər, amma burda heç bir mübahisə yaşanmır, mehribancasına oynayırıq”.

Vaqif dayı həmçinin gənclərə tövsiyə verib:

 

“Gənclərimiz kitab oxuyaraq savadlarını, dünya görüşlərini artırsınlar. Ölkəmizin gələcəyi gənclərimizin çiynindədir. Onlar ölkəmizin gələcəyini daha da parlaq edə bilərlər”.

 

Qafar AĞAYEV

FOTO: Nəcəf RUSLANOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı