27 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Bəy qızı
Bəy qızı
31.08.2017, 21:58

Kənddən gələndən sonra meylimi Bakıya sala bilmirdim. Məcburən şəhərə nə qədər yaxın olmaq istəyirdimsə, sanki bir qüvvə məni doğulduğum yurd yerinə çəkirdi. Qarmaqarışıq düşüncələrin içərisində əriyirdim. 1991-ci ilin sentyabrında “7 gün”də işə başlayandan sonra vəziyyətimdə tam olmasa da, azacıq dəyişiklik yarandı, yazı-pozu adamlarının cərgəsində geridə qalmamaq üçün daha çox oxumağa, öyrənməyə və şəhəri tanımağa başladım.

Ləhcənin təsirindənmi, ya da başqa səbəbdənmi mətbuatımıza yeniliklər gətirən Emin Eminbəyli Qazaxla bağlı nə mövzular vardısa, hamısını mənə tapşırır, israrla qazaxlı şair və yazıçıların müsahibələrini “7 günün qonağı”na tələb edirdi. Və beləcə ilk müsahibim şeirlərini orta məktəb dərsliklərindən oxuduğum, çöhrəsini AzTV-nin ekranından izlədiyim Mirvarid Dilbazi oldu. Bu müsahibəyə qədər həyatda yalnız bircə dəfə Mirvarid xanımı canlı, üzbəsurət görmüşdüm. Orta məktəbi qurtarmağımızın sonuncu ili, 1986-cı ilin martında Səməd Vurğunun Qazaxda keçirilən yubiley ilində beş-altı metrlik məsafə ayırırdı bizi. O gün çox sevinirdim, çox. İsmayıl Şıxlını, Yusif Səmədoğlunu, boynunda qara qablı fotoaparat gəzdirən Vaqif Səmədoğlunu, Nəriman Həsənzadəni, Anarı, Cabir  Novruzu görmüşdüm, özü də lap yaxından, bir addım məsafədən ədəbiyyatımızın kiçik “ordusu”na tamaşa etmişdim. Nə isə... Redaksiyanın tapşırığına uyğun Mirvarid  xanımın ev telefonunu axtarıb tapdım, müsahibəyə razılıq alıb ünvanı yaddaşıma yazdım. Həmin vaxt Mirvarid xanım “Yazıçıların binası”nda ən sonuncu mərtəbədə qalırdı. Dağ cığırlarında yorulmazdım, amma indi bu mərtəbələri qalxdıqca təngnəfəs olurdum. Bəlkə də bu “çətin vəziyyətim” müsahibə öncəsi yaradıcılıq stressi idi. Nə sual verəcəm, necə yazacam, necə qarşılanacam kimi sadəlövh düşüncələr müsahibəyə razılıq alandan sonra başlamışdı. Təcrübəsizlikdən əziyyət çəkən bir yazı-pozu adamının vəziyyətidir bu.

Artıq sonuncu mərtəbədəyəm. Bu mərtəbələr məni Azərbaycan poeziyasının bəyzadəsi Mirvarid Dilbazinin yaradıcılıq dünyasına, xanım-xatınlığının sirrinə agah olmağa gətirib. Zəngə qapını açan şairənin kürəkəni sadə, zahirən sakit təbiətli bir insana bənzəyirdi. Asta-asta koridora gələn Mirvarid xanım bir anlıq nənəmi xatırlatdı. Mirvarid xanımla Avey dağının ətəklərində, yosun bağlayan iri çal daşlarında, qayalarında qayğısız uşaq illərinin dadını çıxarmışdı nənəm. Hərdən könlünə düşəndə o illəri yada salır, Mirvarid xanımı xatırlayır, ədəbiyyatda “Ağ yasəmənlər”lə əbədiləşən Yaqut xanımla bağlı xatirələrini dilə gətirir, uşaqlaşırdı.

Mirvarid xanım balaca uşaq kimi əlimdən tutub qonaq otağına aparır məni. Təsəvvürümdə canlandırdığım bərli-bəzəkli evdən əsər-əlamət yoxdur. Qədimliyə bürünən bu qonaq otağı dünyanın ən zəngin evinin qonaq otağına çevrilir nəzərimdə. Yazı masasının ətrafında əyləşirik. Gərginliyim sanki bir əsir geridə qalır, ordan-burdan sual verir mənə. Dodaqlarımın arasından çıxan hər bir sözə necə diqqət yönəltdiyinin fərqindəyəm. Əslimi-nəslimi, nəcabətimi soruşur.

Mirvarid xanımın babası Mustafa ağanın ən yaxın dostu, Türkiyədə ali dini təhsil alan Qazi Əfəndinin qardaşı nəvəsi olduğumu bilib bir az da kövrəlir. Babasından, Qazi Əfəndidən danışır. Uzun qış gecələrində evlərində qurulan şeiriyyət məclisindən, Qazi Əfəndinin Füzulinin qəzəllərini saatlarla əzbər deməsindən söhbət açır. Qazi Əfəndi də, Mustafa ağa da “37-nin” qurbanlarıdı. Qazaxıstanda sürgün həyatı yaşayıb, orda da dünyasını dəyişən babasının məzarını axtardığını, tapa bilmədiyini və bu acı hissi şeirə köçürdüyünü deyib, bir kitab göstərir mənə. Ərəb hərfləriylə çap olunan, səhifələri az qala əldə narın toza çevriləcək bu kitabda ulu babası Əbdürrəhman ağa Dilbazinin şeirlərinin çap olduğunu deyir. Əbdürrəhman ağa Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai-xadimlərindəndir. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün gözləri çıxarılıb. Qazaxın alov qülləsi deyilən həmin yerində bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyir, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşur, bədahətən şeirlər deyərmiş. Azərbaycan ədəbiyyatının Mirvaridi bu ağsaqqal, ruhani, ruslara qarşı istiqlal savaşı aparan bəylərin, xanların yanında olub, onlara mənəvi dayaq olan Əbdürrəhman ağa Dilbazinin nəvəsiydi.

Yazı masasından bir az aralıda naxışları göz oxşayan şkafın üstündə xeyli kitab vardı. Diqqətimin çəkindiyini görüb kitabların içərisindən bir neçəsini gətirib masaya yaxınlaşdı. Əlində tutduğu kitab 1880-ci ildə İstanbulda çap olunan Seyid Nigarinin qəzəlləriydi. Əlləri titrəyə-titrəyə səhifələdiyi kitabda “Qarabağ” qəzəlini tapıb oxudu. İşarə bəlliydi. Qarabağda faciələr törədilir, torpaqlar işğal olunur, yurd yerləri yağmalanırdı. Erməni məkrindən xeyli danışandan sonra Bağanıs-Ayrımda erməni terrorunun qurbanı olan Qaratelin taleyindən, bəxtinin kəmliyindən, kişi qeyrətindən aram-aram, üzücü söhbət etdi. Qaratelə şeir yazmışdı. Əl dəftərçəsindən oxuyub, ortada içilməyini “gözləyən” stəkandakı çaya işarə elədi.

İndi növbə mənimiydi. Nə suallar verim, nədən danışım. Birdən yadıma düşdü ki, dünəndən kiçik bir vərəqə bir neçə sual yazmışam, elə onları deyim, sonrasını Allah gətirər. Əvvəl yazdıqlarım sualları verib, keçdim siyasi vəziyyətə. Prezident Elçibəylə görüşündən o qədər də çox vaxt keçməmişdi. Elə bunu soruşdum və nədən danışdıqları da maraqlıydı. Demə, Elçibəy Mirvarid xanımın qızı Xatirə ilə birgə Əlyazmalar İnstitutunda çalışdığından, prezidenti də gözəl tanıyırmış. Bəs nədən danışmışdı ölkənin prezidenti və xalq şairi? Ölkə  yenidən qurulduğundan kitab çapında da bir boşluq yaranmışdı, ən çox bu mövzunu müzakirə etdiklərini deyən Mirvarid xanım prezidentdən bir xahiş də etdiyini söylədi: “Yazıçı nəşriyyatının 2 milyon rubl borcunu bağışlasın”.

Ömrünün son illərini yaşadığının fərqində olan xalq şairini ən çox narahat edən son kitabının çapı idi. Adını da ömrünün payızına bir işarə olan “Son pillələr” qoymuşdu. Bilmirəm nəşrini həsrətlə gözlədiyi bu kitab çıxdı, ya yox. Amma yaddaşımda qalan o oldu ki, bu kitabın çapını çox istəyirdi, lap çox.

Bu müsahibədən sonra Mirvarid xanımla bir neçə dəfə görüşdük, söhbət etdik, olub-keçənləri xatırlayardı. Səməd Vurğunun  başına gətirilənlərdən,  Mehdi Hüseynin ürəyinin partladılmasından, “37”nin qanlı-qadalı günlərindən, Müşfiqdən, Hüseyn Caviddən, bəy qızı kimi üzləşdiyi çətinliklərdən də danışardı.

Elçibəydən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışına çox sevinirdi Mirvarid xanım. Hərənin beş-on manat verib öz kitabını çap etdirdiyi bir dönəmin arxada qaldığını düşünür, ədəbi mühitdə də qayda-qanun yaradılacağını zənn edirdi. Axzı, onun nəzərincə Heydər Əliyev  Moskvaya gedəndə  bu cürə qayda-qanun, nizam-intizam  qoyub getmişdi. Yazıçı və  şair həmkarlarının kitablarının öz hesablarına çap olunduğunu görməmişdi. Kapitalist sisteminin gətirdiyi bu yeniliklər nə Mirvarid xanıma, nə də o dövrün qələm sahiblərinə uyğun deyildi.

Heydər Əliyev hakimiyyətə yenicə gəlmişdi. Həmin vaxt Mirvarid Dilbazinin ad günü yaxınlaşırdı. Çox keçmədi ki, 4 səhifədə çap olunan “Şərq” qəzetində və digər mətbu orqanlarda Heydər Əliyevin xalq şairi Mirvarid Dilbazini qəbul etdiyi barədə məlumat çap olundu. Bu xoş xəbərdən sonra evinə zəng etdim. Dəstəyi özü qaldırdı. Təbriklərimi çatdırdım. Ümidlə danışan Mirvarid xanıma sanki dünyaları bağışlamışdılar. Heydər Əliyev öz xidməti maşınını göndərərək Pirşağıda bağda istirahət edən Xalq şairini böyük hörmət, ehtiram və sayğıyla Prezident sarayına gətirib, ad gününü təbrik etmişdi. Həmişə maddiyyatdan, puldan, vardan uzaq olan, sadə, saf olduğu qədər də mənalı şair ömrü yaşayan Mirvarid Dilbaziyə bundan artıq nə lazım idi?

Aradan bir müddət keçmişdi. Ustad sənətkar, xalq şairi Zəlimxan Yaqub  “Şərq”ə budəfəki gəlişində Mirvarid xanımın xəstə yatdığını söylədi və qərarlaşdıq ki, bəy qızı bəyzadəni birgə ziyarət edək. Ürəyi geniş, qəlbi açıq, hamıya sevgi, xoş ovqat bəxş edən Zəlimxan Yaqub sürücü Təyyara “xəstə yanına gedirik, yolu bazardan sal” dedi. Meyvələrin ən yaxşılarını bir-bir əli ilə seçən şair sazını da götürmüşdü.

Yatağından qalxa bilmirdi. Bizi görüb, özünü toparlamağa çalışan, hətta “övladlarımın yanında bu vəziyyətdə qala bilmərəm” deyib ayağa qalxmaq istəyən bu ismətli xanım əsl Azərbaycan qadını, analar anası idi. Axı o, həm də bəy qızı idi. Şəhərin kosmopolit rəngləri və başqa dünyası bu xanımın zadəganlığını, daxili zənginliyini, qürurunu, uca Ana Dilimizin saflığını onun əlindən ala bilməmişdi. Zəlimxanın saz havalarına ağrılarını unutmuşdu, ruhu sanki səmalarda dolaşırdı. Zəlimxan Yaqubun çaldığı bilmirəm hansı havaydı, bu havanın sonunda diqqətlə hamının çöhrəsini süzdü və bir-iki cümlə dedi: “Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Mən anamsız dura bilmirəm. Anamın laylasına möhtacam”. Vəssalam.

Bu kövrək ovqatda Mirvarid xanımın evini tərk etdik. İndi Mirvarid xanım da, Zəlimxan Yaqub da haqq dünyasındadır. Tanrı ruhlarını şad etsin.

 

 Akif Aşırlı

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi
27.09.2017, 00:56

Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video
27.09.2017, 00:42

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu
27.09.2017, 00:24

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu

Bakıda sovet mənşəli küçə adları - VİDEO
27.09.2017, 00:10

Bakıda sovet mənşəli küçə adları - VİDEO

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı
26.09.2017, 23:53

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video
26.09.2017, 23:36

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu
26.09.2017, 23:24

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu

Çilidə zəlzələ oldu
26.09.2017, 23:06

Çilidə zəlzələ oldu

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video
26.09.2017, 22:50

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya
26.09.2017, 22:34

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ   
26.09.2017, 22:21

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ  

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı
26.09.2017, 22:06

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR
26.09.2017, 21:53

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR

Azərbaycan Türkiyədə traktor istehsal edəcək
26.09.2017, 21:40

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN
26.09.2017, 21:26

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi
26.09.2017, 21:12

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır
26.09.2017, 20:55

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı
26.09.2017, 20:42

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı

Rusiya İŞİD mövqelərini bombaladı
26.09.2017, 20:27

Rusiya İŞİD mövqelərini bombaladı

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş
26.09.2017, 20:16

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib
26.09.2017, 20:02

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib

Azərbaycan NATO əlaqələri müzakirə edilib
26.09.2017, 19:51

Azərbaycan NATO əlaqələri müzakirə edilib

Afrika taununa görə karantin elan olundu
26.09.2017, 18:54

Afrika taununa görə karantin elan olundu

Rusiyada təyyarə qəzası, pilot öldü
26.09.2017, 18:25

Rusiyada təyyarə qəzası, pilot öldü

İsveçdə məscid yandırıldı
26.09.2017, 18:13

İsveçdə məscid yandırıldı

Tofiq Sarıcalinskini ordenlə təltif edilib
26.09.2017, 18:09

Tofiq Sarıcalinskini ordenlə təltif edilib

Prezident onları təltif etdi - ADLAR   
26.09.2017, 17:53

Prezident onları təltif etdi - ADLAR  

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı
26.09.2017, 17:47

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir
26.09.2017, 17:31

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir

Rayon baytarlıq xidmətləri gücləndirilir   
26.09.2017, 17:26

Rayon baytarlıq xidmətləri gücləndirilir  

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı
26.09.2017, 17:18

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı

Manatın sabahkı MƏZƏNNƏSİ
26.09.2017, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Nəğmələrlə dolu ürək
26.09.2017, 16:59

Nəğmələrlə dolu ürək

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ
26.09.2017, 16:50

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq
26.09.2017, 16:47

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(37.8%)
“Qarabağ” qələbə qazanacaq(43.2%)
“Roma” qalib gələcək(18.9%)