Modern.az

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  

Mədəni̇yyət

20 Oktyabr 2017, 12:55

Bu gün xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

Unudulmaz sənətkar 1922-ci ildə Bakıda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

"Qarabağ”, "Çay”, "Bir könül sındırmışam”, "Ana”, "Axşam”, "Sənsən ürəyim”, "Tez gəl”, "Dərələr”, "Gəl, səhərim” və s. mahnıların əvəzedilməz ifaçısı olub.
Ş.Ələkbərova 1993-cü ildə 70 yaşında dünyasını dəyişib.

 Bəs bu gün Azərbaycanda hansı ifaçını Şövkət Ələkbərova səviyyəsində görmək olar?

Modern.az saytı bu sualla bir neçə məşhur bəstəkara müraciət edib.

Xalq artisti Arif Məlikov:

“Biz Şövkətlə birlikdə Moskvada, həmçinin ölkəmizdə filmlərə musiqi yazmışıq. Bizim gözəl ünsiyyətimiz olub. Həm “26-lar”, həm “Ulduzlar sönmür” filmində tanqoları mən yazdım və Şövkət xanım onları gözəl ifa etdi. Azərbaycanda Şövkət xanım kimi məlahətli səsi olan xanım tanımıram. O, çox poetik qadın olub və oxuduğu mahnılar həmişə ürəklərə yol tapıb”.

Xalq artisti Eldar Mənsurov:

“İndiki  ifaçıların heç biri Şövkət Ələkbərova səviyyəsində deyil. Çünki o başqa dövrün ifaçısı idi. Hərənin öz yeri var. Amma bu gün  keçmişdəkilərin  yeri görünür”.

Əməkdar incəsənət xadimi, xalq artisti  Faiq Sücəddinov:

“Şövkət Ələkbərova ilə yaxın idik, tez-tez onun evinə gedərdim. O, mənim Nəbi Xəzrinin sözlərinə olan bəstəmi ifa edib, yəni iş birliyimiz var idi. Ümumiyyətlə, biz onunla mütəmadi olaraq görüşürdük. Mən hələ Asəf  Zeynallı adına Musiqi Məktəbində oxuyanda, Şövkət Ələkbərova orada dərs deyirdi. 1960-cı illərin sonundan danışıram. “Bəxtiyar” kinosunda 2-ci hissədə Rəşid Behbudov oxuyur, amma 1-ci hissədə onun cavanlıq səsini Şövkət xanım  canlandırır. Yəni o, Azərbaycanın böyük sənətkarıdır. Nə qədər ki, Azərbaycan var, Şövkət xanımın adı mədəniyyətimizdə böyük hərflərlə yazılacaq.

Lakin hər insanın sənətdə öz yolu var. Mən istəməzdim, kimsə kimisə yamsılasın. Təbii, insan sənətində öz yolunu, istiqamətini tapmalıdır.  Hər bir ifaçı özünə görə bir Şövkət Ələkbərova olmalıdır, amma oxşamamalıdır. Məsələn, Üzeyir Hacıbəyov mənim üçün böyük mayakdır, amma mən onu heç vaxt yamsılamaram. İfaçılar da təbii ki, öz sənəti ilə o zirvəyə çıxmalıdır. Kim ki, general olmaq istəmir, o, əsgər deyil”.

Bəstəkar Xanım İsmayılqızı:

“Hər kəsin öz yeri var. Şövkət Ələkbərova elə bir sənətkardır ki, heç kimi onun səviyyəsində, yerində görmürəm. O, əvəzsiz bir sənətkar idi. Düzdür, sevilən müğənnilərimiz çoxdur və təbii, qeyd etdiyim kimi hərəsinin öz yeri var. Lakin heç bir ifaçını məhz Şövkət Ələkbərova kimi görə bilmirəm”.

Bəstəkar Gövhər Həsənzadə:

“Şövkət Ələkbərova qadın vokal musiqimizin banilərindəndir. O bir məktəbdir və məktəbi müqayisə etməzlər. Deyərdim ki, Şövkət Ələkbərova vokalımızın qadın simvoludur. Buna görə də  mən onu heç kimlə müqayisə edə bilmərəm. Allah ruhunu şad etsin və onun məktəbinin davamını bizə çox görməsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı