Modern.az

“Fosforlu adamlar”ın SİRLƏRİ - Azərbaycanlı albinos: “Doğulanda anam məndən imtina edib”  

“Fosforlu adamlar”ın SİRLƏRİ - Azərbaycanlı albinos: “Doğulanda anam məndən imtina edib”   

Mədəni̇yyət

19 Dekabr 2017, 08:33

Bizim dünyamızı işıqlandıran Günəş albinosların gündüzünü qaranlığa qərq edir. Albinosların bəziləri uzun-uzadı Günəşi izləməyin, bəziləri də sadəcə insanlar arasında öz rəngləri ilə təhlükəsiz dolaşmağın xəyalını qururlar.

“ƏslindəTanrı bizdən yalnızca bir piqmenti deyil, bütün azadlıqlarımızı alıb. Lakin bizə bir çox insanın arzusunda olduğu dəri rəngini nəsib edib” - bu sözləri 18 yaşlı afrikalı albinos qız deyib.

Avropada hər 20000, dünyada isə hər 17000 insandan biri ağ dərili, ağ saçlı albinoslardır. Bu xəstəlik anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunur. Pinqment olmayan dəri isə Günəş şüasını asanlıqla qəbul edir. Belə insanlar dərisi, saçları, kirpikləri və qaşları ağ rəngli olduğundan, ətrafındakıların diqqətini tez çəkirlər. Bu insanların bəziləri kompleksli olmamaları üçün saçlarını, qaşlarını rəngləyirlər. Bəzi albinoslar da öz saçlarının və dərilərinin süd kimi ağappaq olmasından razı olduqlarını, hətta aşırı bəyəndiklərini qeyd edirlər. 

Onların malik olduğları fosfor isə gecə qaranlıqda heç bir işıq saçmır. Bu sadəcə cəmiyyətdə formalaşan yanlış informasiyadır.


Albinizm genetik xəstəlikdir. Albinizm 3 cür olur. Bütün bədəni əhatə edən albinizm, göz albinizmi, dəri albinizmi. 
Tam albinizm zamanı dəri, tüklər ağ, gözlər isə qırmızı rəngdə olur. 
Dəri albinizmində gözlər normal olsa, dəri və tük piqmentsiz olur. Göz albinizmində isə gözlər piqmentsiz, dəri və tük normal rəngdə olur. 

Albinosların gözləri çox pis görür, dəriləri isə Günəşə qarşı çox həssas olur. Albinoslar özlərini Günəş şüalarından çox diqqətlə qorumalıdırlar, çünki onlarda dəri xərçənginə tutulmaq riski çox yüksəkdir. Onlar xüsusi qoruyucu eynək taxmalı və bütün bədəni örtən paltar geyinməlidirlər. Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biri kimi qeyd edilir

Albinoslar tarixən bütün dünyada ayrı-seçkiliyə məruz qalıblar. İsti ölkələrdə - Afrikanın geridəqalmış dövlətlərində isə xurafat baş alıb gedir. Bəzi Afrika ölkələrində cadugərlər albinosları öldürüb onların bədən üzvlərini kəsərək uğurgətirici amulet kimi satırlar. Hər il onlarla albinos öldürülür. 

Azərbaycanda da xeyli albinos yaşayır, amma dəqiq sayları bəlli deyil. Bizim cəmiyyətdə belə insanları bəzən "fosforlu adam" da adlandırırlar.

"Albinizm xəstəlik deyil, sadəcə olaraq, patologiyadır. Ona görə albinizm xəstəliyindən əziyyət çəkənlərin Səhiyyə Nazirliyində statistikası yoxdur",-deyə adı çəkilən qurumdan Modern.az-a bildirilib.


Azərbaycanda albinosların tanınmış nümayəndəsi, gürcü əsilli şair-tərcüməçi Giya Paçxataşvili daşıdığı patologiya barədə Modern.az saytına danışıb

Giyanın sözlərinə görə, hələ balacaykən anası Keto onu “pişik balası” adlandıraraq, imtina edib.

O, dostları arasında Givi təxəllüsü ilə tanınır. Bu ağ şairin atası onun doğulmasından iki həftə əvvəl dünyasını dəyişib. Givi  ana qayğısından məhrum böyüyüb.

“Doğulanda abinos olduğumu görən anam məni boğmağa başlayıb. Bunu görən tibb bacısı kömək çağırıb, məni xilas ediblər. Belə ki, həkim Valya xanımın məsləhəti ilə mən doğum evində qalmışam, anam məndən imtina edib”.


Giya Paçxataşvili 1961-ci il yanvarın 29-da Azərbaycanın Qax rayonunda anadan olub. İlk təhsilini Bakı şəhərindəki gözdən əlillər təmayüllü məktəbində alıb. Orta məktəbi həmin internat məktəbində bitirən Giya 1981-ci ildə ali məktəbə də qəbul olunub və Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alaraq təhsilini orada başa çatdırıb. O, dostları arasında daha çox Givi təxəllüsü ilə tanınır. Givi  "Son – əvvələ gedən yol" və "Sükutun rəngləri" kitablarının müəllifidir. Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.


Albinizm sadəcə bir dəri xəstəliyi olaraq qalmır. Xalq arasında ağ adam olaraq bilinən albinizmli şəxslər, zamanla görmə itkisi yaşayırlar. Buna görə də, Azərbaycanda həmin şəxslərin hamısı 1-ci dərəcəli əlil hesab olunurlar.


Giya Paçxataşvili deyir ki, qaranlıqda onların gözləri eynən fənər kimi işıq saçaraq,  yol göstərir.


“Gecə qaranlıqda hər hansı küçə lampası olmazsa, biz çox gözəl, eynən gündüzlər olduğu kimi görə bilirik”.


Hazırda albinosların evliliyi çətin məsələdir, hətta gözdən əlil, lakin albinos olmayan şəxslər belə, onlardan uzaq qaçırlar. Bunu da onunla əsaslandırırlar ki,  uşaqlarının albinos olmağından ehtiyat edirlər. Amma Azərbaycanda ailə quran albinizm xəstələri də az deyildir.


BMT mütəmadi olaraq albinos düşərgələrinə yardım edir. Bunun üçün ən uğurlu addım isə maarifləndirmə işlərinin aparılmasıdır. İctimaiyyət arasında albinoslara qarşı münasibət əvvəlki dövrlərə nisbətən dəyişsə də, onlar yenə də cəmiyyət tərəfindən dışlanır və nəticədə kompleksi olurlar. Və bəziləri məhz bu səbəblərdən evdən çölə də çıxmaqdan çəkinirlər.



Albinizmə təkçə insanlar deyil, heyvanlar arasında da rast gəlinir. Araşdırmalara əsasən, hər 10.000 heyvandan biri albinosdur. Albinos olan heyvanların çox azı ovlanma yaşlarına qədər həyatda qala bilirlər. Çünki yırtıcılar albinos heyvanları uzaqdan çox rahat şəkildə seçə bilirlər. Albinos heyvanlarda da gözlər qırmızı olaraq nəzərə çarpır. Amma müəyyən müalicə üsulları ilə bu qırmızılığı aradan qaldırmaq olar. Və bu heyvanların gözlərində də eynən insanlarda olduğu kimi assiqmatizm vardır. Bütün bunlara görə də, albinos heyvanların təbii şəraitdə yaşaması sağlam heyvanlaar nisbətən daha çətin, bəzi vaxtdan sonra isə mümkünsüzdür.

Afrika ölkələrində, xüsusən Tanzaniya və Nigeriyada albinizm xəstəliyindən əziyyət çəkənlərin sayı çoxdur. Afrikadakə inanclara görə, albinosların sümükləri evlərə bərəkət gətirir. Tanzaniyada hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadügərliyə kömək edir. Və onların iliklərindən hazırlanan müxtəlif içkilər sonsuzluq xəstəliyinin çarəsi hesab olunur. Belə ki, Vudu cadugərləri albinosların əlləri, ayaqları, gözləri və ya başının dərisindən iksir hazırlayırlar. Afrikada bir albinosun orqanları 75 min dollara satılır. İnsan alveri ilə məşğul olan cinayətkarların daim diqqətində olan albinosların təhlükəli yaşayışı indiki dövrdə də davam edir. Onların bir çoxu  dəfələrlə oğurlanma, qaçırılma halları ilə qarşlaşıblar.

Albinosların həyatı daim təhlükə altındadır. Onların arasında oğurlanma və cinsi zorakılıq halları tez-tez baş verir. Afrikada inanırlar ki, QİÇS xəstəsi olan kimsə albinosla cinsi əlaqə yaşasa, şəfa tapa bilər. Bütün bunlar Afrikada yaşayan  insaların düşüncə tərzi, inancları ilə əlaqələndirilsə də, başqa inkişaf etmiş ölkələrdə də bu hallara kifayət qədər rast gəlmək mümkündür. Bu cinayətlərin qarşısını almaq üçün Tanzaniyada albinoslar üşün xüsusi düşərgə var ki, ora gələn albinoslar özlərini həm psixoloji baxımdan daha rahat, həm də təhlükəsiz hesab edirlər. Düşərgənin divarları hündür olduğundan ora həbsxananı xatırladır. Düşərgəyə gələnlərin bəzilərinin əli, ayağı artıq kəsilmiş olur. Cadugərlərdən xilas olmaq üçün Tanzaniyadakı bu düşərgə yeganə qurtuluş yolu hesab olunur.
Albinoslar üçün Günəş xərçəngə bərabərdir.


Albinoslar haqqında düz bilinən yanlışlar.

* Albinizmli şəxslər lazımlı tədbirləri görərək, Günəşə çıxa bilərlər.

* Albinizmli şəxslərin gözləri qırmızı deyil, mavi ya da boz rənglidir. Flaş işığında qırmızı kimi görünür.

* Albinizm bir xəstəlik deyil, genetik haldır.

* Albinizm həm ananın, həm də atanın genindən alınarsa, albinos olmaq olar. Tərəflərdən birinin daşıyıcı olması yetərli deyil.

* Albinizmli bir yetişkinlə evlənən, albinizm geni daşıyıcısı olmayan bir adamın uşaqları daşıyıcı olar, ancaq albinos olmazlar.

* Albinizmli uşaqlar, eynən digər uşaqlar kimi böyüyürlər.

* Yalnızca insanlarda deyil, bütün canlılarda albinism müşahidə olunur.

* Albinizmdə yaşanan göz problemləri, gözlük istifadə etməklə düzəlməz. Gözlərdəki oynamaya nistagmus deyilir və işığa olan həssaslıq səbəbi ilə göz kaslarında oluşan deformasiya nəticəsində oluşur.

* Hələ ki albinizmin müalicəsi tapılmayıb. Hamiləlikdə edilən testlər ilə diaqnoz qoyula bilməz.

* Düzənli olaraq dermatoloji vasitələr, xüsusilə Günəş kremi istifadə etməzlərsə, erkən yaşda dəri xərçəngi ilə xəstələnmə ehtimalları yüksəkdir.

 

Nəzrin CAVİD

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü