Modern.az

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı

Hadisə

19 Yanvar 2018, 00:14

Modern.az Azərbaycan Cümhuriyyətinin yüzilliyi ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə barəsində danışacağımız şəxs Cümhuriyyət ordusunun ən güclü zabitlərindən biri, hətta ADR devrildəkdən sonra belə, onun müstəqilliyi uğrunda mübarizə aparan, bolşeviklərə təslim olmaq istəməyən Cahangir bəy Kazımbəylidir. Polkovnik Kazımbəyli həm də Gəncə üsyanının rəhbəri kimi də adını tarixə yazdırıb.

 

1920-ci ilin aprelində Rusiya sosialist quruculuğu adı altında Azərbaycanı yenidən işğal etdi. Bolşeviklər işğal etdikləri ölkənin vətəndaşlarının şərəf və ləyaqətini alçaltdığını görən bir qrup hərbiçi və mülki şəxs silahlı üsyana başladı. Bu üsyanı planlaşdıran və ona rəhbərlik edən millət qəhrəmanlarından biri də alay komandiri, polkovnik Cahangir bəy Kazımbəyli idi.

 

O zamankı Azərbaycanın azsaylı peşəkar və təhsilli hərbçilərindən olan Cahangir bəy Kazımbəyli ilk dəfə 26 yaşında Çar  ordusunun gənc zabiti kimi Birinci Dünya Savaşına qatılıb.

 

Birincı Dünya Savaşı Rusiyanın yalnız məğlubiyyəti ilə başa çatmadı. Nəhəng imperiya parçalandı. Əsarət altında olan xalqların böyük əksəriyyəti müvəqqəti də olsa, öz müstəqil dövlətlərini qurduqlarını elan etdilər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu elan ediləndə 32 yaşlı Cahangir Kazımbəyli də vətənə dönərək ordu quruculuğunda fəal iştirak etdi.

 

C.Kazımbəylinin ADR ordusundakı çoxşaxəli fəaliyyəti ilə bağlı araşdırmaçı Əli Şamil bunları deyir:

“O zaman yeni qurulan dövlətin ordsunu qurmaq o qədər də asan deyildi. Zabit heyətinin əksəriyyəti vaxtı ilə Rusiya ordusunda xidmət etdiklərindən oradakı ənənələri yaşadır, Rusiyaya bağlılıqlarından əl götürmək istəmir, necə deyərlər, çox vaxt keçmiş günlərin həsrəti ilə yaşayırdılar.

 

Cahangir Kazımbəyli açıq-aydın görürdü ki, zabit heyətinin Rusiyaya meyilliliyi əsgərlərə və gənc zabitlərə mənfi təsir göstərir. Odur ki, orduda nizam-intizama ciddi diqqət yetirməklə yanaşı, əsgər və zabitlər arasında ideoloji iş aparır, millətsevər və vətənpərvər hərbiçilərin sayının artmasına xüsusi diqqət yetirirdi”.

 

 

O, 1920-ci ilin əvvəllərində 3-cü Şəki süvari alayının komandiri təyin edilir. Lakin Cahangir Kazımbəylinin arzularının gerçəkləşdirməsinə 1920-ci il aprelin 28-də bolşeviklərin Azərbaycanı işğal etməsi əngəl oldu. Cahangir Kazımbəyli hörmət və ehtiram göstərdiyi yüksək rütbəli hərbçilərə və hakimiyyəti məcburi surətdə təhvil verən siyasi xadimlərə, hökumət rəhbərlərinə qarşı içində bir etiraz baş qaldırdı. Baxmayaraq ki, həmin rəhbər şəxslərin heç bir günahı və heç bir çıxış yolu yox idi. Kazımbəylinin özü də bunu yaxşı anlayırdı. Lakin içindəki etiraz səsini susdura bilmirdi. Sovet ordusunun əsgər və zabitlərinin Bakıda və Azərbaycanın müxtəlif bölgələrində insanların heysiyyətini alçaltması, evlərə girərək özbaşınalıqlar etməsi, xüsusən, əsilzadələrə qarşı kobud rəftarı, zorakılıqları onu daha da coşdurdu.

 

Lakin o, həqiqi peşəkar zabit idi və yeni qurulan hökumət də onun bu üstünlüyünü anlayır, Kazımbəylini əldən buraxmaq istəmirdilər. Odur ki, bolşeviklərin hərbi komissar təyin etdikləri Çingiz İldırım telefonla Cahangir bəy Kazımbəyliyə Gürcüstan cəbhəsinə komandir təyin edildiyini və təcili Qazağa getməsini əmir etdi. O, əmri yerinə yetirərək Qazağa gəldi. Burada hərbi birləşmələri Gürcüstana qarşı savaşa səfərbər etməli olduğu günlərdə də bolşeviklərin ikiüzlü siyasətinin şahidi oldu.

 

 

Araşdırmaçı Əli Şamil bu barədə Modern.az-a çox maraqlı faktları açıqlayır:

“O, bu vəzifəyə gələrkən, Anadoluya, Antanta qüvvələrinə qarşı döyüşən Mustafa Kamala köməyə getməli olan bolşevik əsgəri birliklərinin Azərbaycanda talançılıqla məşğul olduğunu, milli hökumət zamanı rəhbər vəzifə tutanların həbs edildiyini, təqiblərə məruz qaldıqlarını gördü. Bolşeviklər mayın 12-də Gürcüstana qarşı savaşda Göyçay alayının birinci taburunu önə verdilər. Poylu körpüsü uğrunda döyüşdə taburun əsgər və zabitlərinin üçdə ikisi məhv edildi. Bütün bunlar Cahangir bəyin bolşeviklərə nifrətini artırdı.

 

Cahangir Kazımbəylinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təchizat rəisi, general-mayor Məhəmməd Mirzə Qacarın, 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinskinin, süvari diviziyasının komandiri, general-mayor Teymur bəy Novruzovun, Qaçaq Qəmbərin, Sarı Ələkbərin, Qaçaq Qasımalı və b. fikir birliyi əməli işə çevrildi. Hərbçi Hüseynqulu xan Xoyskinin qızı və Cahangir bəyin xanımı olan Valiyyə də atası və əri ilə birlikdə üsyanda fəal iştirak etdi.

 

1920-ci il mayın 27-də Gəncədə hərbçilərlə partizan dəstələrinin birgə fəaliyyəti rus işğalından rahatsız olan xalqın sevincinə səbəb oldu. Üsyançılar Qarabağda yerləşmiş hərbi hissələrlə birləşərək, Gürcüstan Ordusu ilə birlikdə Qafqazı bolşeviklərdən təmizləməyi qarşılarına məqsəd qoydular. Gəncə üsyançıları rus əsgəri birliklərini mühasirəyə alaraq tərksilah etdilər”.

 

Lakin Qarabağdakı və Azərbaycanın başqa bölgələrindəki hərbi birliklərlə, xalq kütlələri ilə, eləcə də Gürcüstan hökümətilə sıx əlaqə quraraq birgə hərkət edə bilmədilər.

 

Gəncə üsyanını yatırmaq üçün bolşeviklər bütün qüvvələri səfərbərliyə aldı. Sovet hərbi qüvvələri ilə yanaşı, Azərbaycandan da sosialist və kommunistlərdən təşkil edilmiş silahlı dəstələr də Gəncəyə göndərildi. Həmid Sultanovun rəbərliyi ilə fövqəladə komissiya yaradıldı. Üsyanın ilk günlərində bitərəf mövqe tutan Gəncəbasarda yaşayan erməni silahlıları da fəallaşaraq basqınlar təşkil etdi, müsəlmanların evlərə girərək soyğunçuluq, zorakılıq, qarışıqlıq yaratdılar.

 

Cahangir Kazımbəyli və məsləkdaşları şərəf, ləyaqət uğrunda şərəflə vuruşsalar da, qarşı tərəf bunların heç birinə əməl etmədi, qarşılarına kim gəldi güllələdi, zorakılıq etdi, necə deyərlər, xalqın gözünü qorxutmaq üçün cinsindən, yaşından asılı olmayaraq müsəlmanları kütləvi cəzalandırdılar.

 

Sovet və erməni silahlı dəstələrinin zorakılığından canlarını qurtarmaq istəyən yüzlərlə qadın, uşaq və qoca isə şəhəri tərk etmək istəyərkən sel sularına qərq oldu.

 

XX-ci yüzildə Azərbaycan tarıxinə şərəflə yazılan Gəncə üsyanı iyunun 5-də məğlub oldu. Bolşeviklər yüzlərlə insanı güllələdilər və həbs etdilər. Hətta üsyanla heç bir bağlılığı olmayan Qazax seminariyasının müdiri, görkəmli pedaqoq və ədəbiyyat tarixçisi Firudin bəy Köçərlini də Gəncəyə gətirərək güllələdilər.

 

 

Lakin xoş təsadüfdən Cahangir bəy bu çatışmadan sağ çıxdı. Bolşeviklər onun əlindən zəncir çeynəsələr də , təcrübəli zabit özünü qoruya bildi. Cahangir bəyin Gəncə üsyanından sonra həyatı barəsində müsahibimiz Əli Şamil çox maraqlı detalları vurğulayır:

“Gəncə üsyanı yatırıldıqdan sonra Gürcüstana gedən Cahangir bəy bolşevik işğalından sonra oranı da tərk emək məcburiyyətində qaldı. İstanbula gedərək bir il ayrılıqdan sonra qayınatası Hüseynqulu xan Xoyskini və ailə üzvlərini tapdı.

 

Rusiya işğalından azad olaraq müstəqil dövlətini qurmuş Polşa höküməti 1922-ci ilin əvvəlində Cahangir bəy Kazımbəylini, qaynatası Hüseynqulu xan Xoyskini və b. Azərbaycan hərbçilərini orduda xidmət etməyə dəvət etdi. Onlar bu dəvəti mənmuniyyətlə qəbul etdilər.

 

Polşa ordusunda da şərəflə xidmət edən Cahangir bəy 1939-cu ildə İkinci Dünya Savaşında faşist Almaniyasına qarşı döyüşdə yaralandı və əsir düşdü. Qəribə bir təsadüf onun həyatını xilas etdi. Gəncəbasardakı alman koloniyası Yelendrofdan olan Emil Qut Cahangir bəylə rastlaşdı. Uşaqlıq dostlarının görüşü onun əsirlikdən xilas olmasına şərait yaratdı”.

 

Cahangir bəy Alman Sovet savaşında yalnız Azərbaycandan olan əsgər və zabitlərin deyil, türk və müsəlman əsirlərinin də labüd ölümdən xilas edilməsində böyük işlər gördü. 1943-cü ildə Berlində Dünya Azərbaycanlılarının I Qurultayının təşkilinə nail oldular. Elə həmin il Ceyhun Hacıbəyli, Əbdürrəhman bəy Fətəlibəyli-Düdəbginski və b. məsləkdaşları ilə birlikdə Avropada “Milli Birlik Məclisi”ni qurdular:

“Xaricdə yaşayan azərbaycanlıları bir bir yerə toplamağa, birgə antisovet təbliğatı aparmağa çalışan, Müstəqil Azərbaycan ideyasını yaşadan “Milli Birlik Məclisi” daim Sovet kəşfiyyat orqanlarının diqqətində olmuşdur. İkinci Dünya Savaşı başa çatdıqda Sovet xüsusi xidmət orqanları, eləcə də müttəfiq orduların xüsusi xidmət orqanları Cahangir bəy və məsləkdaşlarını həbs etməyə çalışdılar.

 

Misir kralı Fərruxun şəxsi köməyi sayəsində Cahangir bəy ailəsi ilə Romada yaşamaq hüququ qazandı. Türkiyə hökuməti təzyiqlərdən qorxduğu üçün ona sığınmaq istəyən mühacirləri və hərbi əsirləri Sovetlərə təhvil verdi. Bu da onların işgəncələrə məruz qalmalarına və öldürülməsinə yol açırdı. 1947-ci ildə Cahangir bəyin xanımı Valiyyə 12 azərbaycanlı hərbçini Türkiyədən Romaya apararkən təyyarə Afina yaxınlığında şübhəli bir şəkildə qəzaya uğradı. Təyyarədəkilərin hamısı həlak oldu”.

 

“Azadlıq" radiosunun Azərbaycan şöbəsinin yaradıcılarından olan Cahangir bəy Kazımbəyli 1954-cü ilin sonunda Münxendə bu radio ilə Dünya Azərbaycanlılarını mübarizəyə səslədi, Sovetlərin çökəcəyini söylədi.

 

Peşəkar hərbçi olmasına baxmayaraq, müntəzəm Parisdə və Berlində nəşr olunan "Azərbaycan" məcmuələrinə məqalələr yazan Cahangir bəyi mühacirət dövrünü və Gəncə üsyanını ən yaxşı işıqlandıran tarixçi saymaq olar.

 

Sovet kəşfiyyatının qurduğu plan ilə 1955-ci ilin yazında Berlinə dəvət edilən Cahangir bəy Kazımbəyli orada öldürüldü. Cahangir bəy Kazımbəyli və məsləkdaşları nə qədər təqib və təzyiqlərlə üzləşsələr də, öldürülsələr də onların ideyalarını məhv etmək mümkün olmadı. Azərbaycan yenidən azadlığına qovuşdu!

 

E.Nihad

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır