Modern.az

Ukrayna cəbhəsinin cəngavəri - Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI

Ukrayna cəbhəsinin cəngavəri - Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI

Mədəni̇yyət

26 Yanvar 2018, 22:36

Müəllim olmaq arzusu ilə yaşayırdı. Elə bu arzu ilə orta məktəbi bitirdikdən sonra Zaqataladan Bakıya üz tutmuşdu. Qəbul imtahanlarını müvəffəqiyyətlə verib Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. Arzularının gerçəkləşdiyi bir vaxtda təhsilini başa vurduqdan sonra o, ömrünün ən gözəl gənc yaşlarında sinif otaqlarına deyil, konüllü olaraq cəbhəyə yola düşmüşdü.

 

Modern.az saytının  “Böyük Vətən Müharibəsinin azərbaycanlı qəhrəmanları” rubrikasının növbəti yazısı Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Həsən oğlu Kazımov haqqındadır.

 

Səlahəddin Kazımov 22 dekabr 1920-ci ildə Zaqatalada müəllim ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlananda könüllü olaraq cəbhəyə yollanıb.

 

Ali təhsilli olduğunu nəzərə alaraq onu 1941-ci ildə Tbilisi Hərbi Artilleriya məktəbinə göndəriblər. Bir il ərzində bu məktəbdə hərb elmini öyrəndikdən sonra Səlahəddin Kazımov zabit rütbəsində cəbhədə xidmətə başlayıb.

 

Qısa bir zamanda döyüşlərdə fərqlənən, peşəkar hərbçi kimi tanınan Səlahəddin Kazımova artıq 1943-cü ildə artilleriya divizionu komandiri vəzifəsi həvalə edilib. Komandanlıq tərəfindən tapşırılan döyüş əməliyyatlarını uğurla həyata keçirən baş leytenant Kazımov təkcə 1943-cü ildə bir neçə dəfə düşmənə ağır zərbələr yetirərək əhəmiyyitli mövqeləri ələ keçirməyə nail olub.

 

1943-cü ilin sentyabr ayında Səlahəddin Kazımov komandiri olduğu bölmə ilə Kiyev ətrafında gedən döyüşlərdə sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdirib. 12 gün davam edən döyüşlərdə düşmən qüvvələri ilə müqayisədə canlı qüvvə və texnika baxımından az olsalar da geri çəkilməyən bölmə Dnepr çayını keçərək sağ sahilə, Kiyevin şimalına çıxaraq düşmənin mövqelərini məhv etməklə hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin ediblər. Bu döyüşlərdə 200-dən artıq alman əsgəri və zabiti, düşmənin  16 tankı, 20-dən artıq digər zirehli texnikası məhv edilib. Bu uğurlu əməliyyatdan sonra döyüş yoldaşları ona qeyri-rəsmi ad da verib: Ukrayna cəbhələrinin cəngavəri...

 

Səlahəddin Kazımovun göstərdiyi şücaət və qəhrəmanlıqlar komandanlıq tərəfindən daima qiymətləndirilib.

 

SSRİ Ali Soveti Rəyasət heyətinin  16 oktyabr 1943-cü  il tarixli fərmanı ilə Səlahəddin Həsən oğlu Kazımov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

 

Ukrayna cəbhələrindən sonra Səlahəddin Kazımov döyüşlərini Polşada davam etdirib. Daha sonra isə Çexoslovakiyanın azadlığı uğrunda ən ağır hərbi əməliyyatlarda iştirak edib.

 

Sonuncu döyüşü də elə Çexoslovakiyada olub. Müharibənin sonuncu günü, 9 may 1945-ci ildə Səlahəddin Kazımov döyüşlərdə ağır yaralanaraq hərbi hospitala göndərilib.

 

Müharibənin acı-ağrısını görmüş Səlahəddin Kazımov cəbhədən qayıtdıqdan sonra hərbi mundirini dəyişməyib, xidmətini Azərbaycanın daxili işlər orqanlarında davam etdirib. General-mayor rütbəsində olan qəhrəman döyüşçü daxili işlər nazirinin müavini vəzifəsinə qədər yüksəlib, cinayətkarlığa qarşı amansız mübarizə aparıb.

 

Səlahəddin Kazımov 2 iyul 1978-ci ildə xidməti vəzifəsini icra edərkən həlak olub. Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü