Modern.az

“Bizimkilər” - “Report”un parlament müxbiri: “Zamanı çatanda, öz media layihəmi gerçəkləşdirəcəm”  

“Bizimkilər” - “Report”un parlament müxbiri: “Zamanı çatanda, öz media layihəmi gerçəkləşdirəcəm”   

Media

30 Yanvar 2018, 09:07

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı “Report” İnformasiya Agentliyinin parlament müxbiri İlkin Pirəlidir.


İlkin Pirəli 1989-cu ildə Salyan rayonunda anadan olub. 1996-2007-ci illərdə orta məktəbdə təhsil alıb. 2007-ci ildə Bakı Slayvyan Universiteyinin (BSU) Jurnalistika fakultəsinə daxil olub. 2011-ci ildə universiteti bitirib. İlkin jurnalistika fəaliyyətinə universitet illərindən başlayıb.

“Uşaqlıq illərində hüquqşünas olmaq istəyirdim”

İlkin Pirəli deyir ki, ümumiyyətlə, ailəsində dəqiq elmlərə meyillilik olmayıb. Ona görə də gənc jurnalist humanitar sahəyə maraq göstərib:“Hələ orta məktəbə getmirdim, amma xeyli ölkənin paytaxtının hara, prezidentlərinin kim olduğunu bilirdim. Hamısını anam öyrətmişdi. İbtidai sinifdə oxuyanda, artıq ölkənin aparıcı siyasət adamlarını, partiyalarını tanıyırdım. Uşaqlıq illərində hüquqşünas olmaq istəyirdim. Çünki bu peşənin populyarlığı hələ də davam edirdi. Nəinki mən, o zaman kimi dilləndirirdin, deyirdi ki, hüquqşünas olacaq. Xəyal qururdum ki, Azərbaycan Konstitusiya Məhkəməsində çalışacam. Ailədə hansısa peşəni seçməyimə məcbur edilməmişəm. Həmişə deyilib ki, oxu, cəmiyyət üçün yararlı adam ol”.


“Ya jurnalistikaya daxil oluram, ya da olmuram”

Həmkarımız7-ci sinifdə oxuyanda jurnalist olmağa qərar verib: “Bizim evdə qəzet, kitab həmişə müqəddəs hesab olunub. Adi bazarda satıcı nəyisə qəzetə büküb verəndə, anam evə gəlib həmin qəzeti açır, oxuyurdu. Yəni bu dərəcədə qəzetə marağı var idi. Evdə “Yeni Müsavat”, “Azadlıq” qəzetlərindən yer yox idi. Anamı sevindirmək istəyəndə, qəzet alıb aparırdım. Atamın belə şeylərə marağı olmayıb. Doğrusu, qapalı adam olduğundan indiyə kimi nəyə marağı olduğunu da tuta bilməmişəm. Peşə seçiminə məcbur edilməsəm də, yönləndirilmişəm. Qəbul imtahanından sonra seçdiyim ixtisasların 5-i jurnalistka idi. Düşüncəm belə idi: ya jurnalistikaya daxil  oluram, ya da olmuram.
Amma universiteti bitirib tam ştatda işləyəndən sonra o fakültəni oxuduğuma peşman oldum. Peşəni seçdiyimə görə deyil, ixtisası oxuduğuma görə. Düşündüm, nə ehtiyac var idi 4 ili xərcləməyə? Azərbaycan mətbuatında uğur qazanan, kifayət qədər peşəkar jurnalist var ki, başqa ixtisasın sahibidirlər. Jurnalist olmaq üçün məhz o ixtisası oxumağa gərək yoxdur. Yaxşı olardı ki, başqa ixtisasa yiyələnərdim, sonra da jurnalist olardım. Düzdür, BSU-da elə müəllimlər bizə dərs keçib ki... Hər dəfə xatırlayanda, “çox sağol” deyirəm. Məsələn, dostumuz yazıçı Etimad Başkeçid. O bizə yalnız dərs deyil, həm də həyat bilgisi verib. Telejurnalist Etibar Babayev də həmçinin... Belə müəllimlərimiz çox olub. Jurnalistika həyat tərzidir. Fakultəni oxumasan da olar, əsas odur, xəbər duyumun olsun”.

“Mən hər gün konstyumda və ya hansısa xidməti geyimdə ola bilmərəm”

İlkin Pirəli universiteti bitirdikdən sonra “pia.az” saytında işləməyə başlayıb:“Saytın baş redaktoru Azər Qaramanlıya həmişə “Paşam” deyirəm. O, mənə qorxmazlığı öyrətdi. Bu, çox önəmli məsələdir. Deyirdi, fakt varsa, çəkinmədən yaz, qorxmaq olmaz. Sonra tanınmış şəxslərdən birinin yaratdığı “AzNews.az” saytında çalışmışam. Orada xeyli dost qazanmışam. Saytın rəhbərliyinə dostumuz Elçin Zahiroğlu gələndə, mən çıxdım. Modern.az saytında işləmişəm. Baş redaktor Elşad Eyvazlıdan, redaktor Əfqan Qafarlıdan da çox şey öyrənmişəm. Modern.az saytı məktəbdir. Elşad müəllim saytın qapısını tələbələrin üzünə açıb. Daim dəstək verir. Elə orada işlədiyim müddətdə “Report” İnformasiya Agentliyindən iş təklifi aldım və bunu dəyərləndirdim.
Digər redaksiyalarda, eləcə də “Report”da həmişə siyasətdən yazmışam, çünki başqa sahələrdən məlumatım azdır. Ailədə həmişə siyasət adamlarının müzakirəsi gedib. Bəzən deyirlər ki, jurnalist bütün sahələrdən yazmalıdır. Bu, doğru yanaşma deyil. Elə olarsa, bir sahəni mükəmməl bilmək mümkün deyil. Hazırki iş yerimdə də vəziyyət belədir, yəni hərənin öz sahəsi var. Burada da xeyli təcrübə əldə etmişəm. Baş redaktor Murad Əliyevdən, redaktorlar Pərvin Abbasov və İmdad Əlizadədən öyrəndiyim məsələlər çoxdur. Məsələn, qanun layihələrinin yazılış formasını Pərvin Abbasovdan öyrənmişəm. Bir sözlə, müəllimlərim çoxdur. Əvvəllər daha çox radikal idim, bir qədər loyallaşmışam. Sərbəst işi sevmişəm. Məsələn, mən hər gün kostyumda və ya hansısa xidməti geyimdə ola bilmərəm. Heç vaxt televiziya sahəsinə meyil etməmişəm. Dəfələrlə təklif olub, imtina etmişəm”.


“Zamanı çatanda, öz media layihəmi gerçəkləşdirəcəm”

Gənc jurnalist düşünür ki, ölkədə fəaliyyət göstərən media orqanlarının iqtisadi durumu qənaətbəxş deyil: “Bunun üçün də reklam bazarının olması əsasdır. Media cəmiyyətin güzgüsüdür. Cəmiyyət necədirsə, media da elədir. Bəzi hallarda mediada olan “reketlər”dən şikayət edirlər. Baxın, media adından rüşvət yığan şəxs varsa, rüşvətxor məmur da var. Ona görə də cəmiyyyətin özündə ələnmə getməlidir, inkişaf olmalıdır. Rayona gedəndə, kimsə deyəndə ki, “həmkarın gəlmişdi, 20 manat verdim, getdi”. Bu, adamı üzür. Artıq səni də o tipdə görürlər. Düşünürəm, bu məsələlər həllini taparsa, yaxşı olar. Azərbaycan mediası beynəlxalq aləmdə nüfuz qazanmalıdır. Bu, həm də ölkənin uğurudur. Jurnalistikadan tramplin kimi istifadə edənlər olub. Amma mənim elə bir fikrim yoxdur. Elə mətbuatda qalmağı düşünürəm. Yəqin ki, zamanı çatanda, öz media layihəmi də gerçəkləşdirəcəm. Hələ ki tələsmirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı