Modern.az

İdman müxbirlərini incidən kaprizli MÜSAHİBLƏR: “Qapıdan qovurdu, bacadan girirdim” - MARAQLI  

İdman müxbirlərini incidən kaprizli MÜSAHİBLƏR: “Qapıdan qovurdu, bacadan girirdim” - MARAQLI   

Media

25 Fevral 2018, 10:23

Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri müsahibə janrıdır. Təcrübəli jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur. Bəzən müsahibə sanki bir duelə bənzəyir. Lakin bu duel silahların deyil, intellektlərin sözlə döyüşü olur. Burada ya jurnalist qalib gəlir, ya da müsahib.

Lakin bəzən qarşı tərəf ya müsahibədən öncə, ya da sonra müəyyən problemlər yaradır. Yaxud jurnalist müsahibinin kaprizlərinə dözməli olur.

Maraqlıdır, idman sahəsində fəaliyyət göstərən müxbirlərin ən kaprizli müsahibi kim olub?

Müsahibədən boyun qaçıranlar, yaxud müsahibə verəndən sonra problem yaradanlar kimlərdir?

Modern.az saytı bu sualla bir neçə idman müxbirinə müraciət edib.


“Sport24.az” sayt
ının redaktoru Mehman Süleymanov deyib ki, 17 illik jurnalistlik fəaliyyəti dövründə ən çətin müsahibi Bakının “İnter” klubunun (hazırkı “Keşlə”) ukraynalı sabiq baş məşqçisi Anatoli Konkov olub:


“O, ümumiyyətlə, idman jurnalistlərimiz üçün müsahibə vermək sarıdan qəliz insan idi. Təsadüfi deyil ki, sonradan Ukrayna Futbol Federasiyasının prezidenti olmuş Konkov ölkəmizdə işlədiyi 2 illik dövrdə mən istisna olmaqla heç kimə müsahibə verməmişdi. Mən isə buna nail olmaq üçün  xeyli əziyyət çəkməli, o vaxt “İnter”in qaldığı “Ruslan-93” kompleksinə nə qədər gedib-gəlməli oldum...
Hər dəfə məni görəndə, əsəbi şəkildə “yenə bu gəldi, nə işi var bazamızda?” deyirdi. Bir sözlə, məni qapıdan qovurdu, bacadan girirdim. Həmin vaxt idman mediasında ilk iş yerim “Futbol+” qəzeti idi, orda işləyirdim və Konkovdan mütləq müsahibə almaqla bağlı tapşırıq almışdım. Gənc yaşlarım idi, etimadı qazanmaq üçün dəridən-qabıqdan çıxdım və inadkarlığım sonda öz sözünü dedi. Nəhayət, ukraynalı mütəxəssisi razı sala bildim və ondan ümumilikdə 10 müsahibə aldım. Bəli, bu, mənim üçün prinsipial məsələ olduğundan müsahibələri saymışdım. Konkovun o dərəcədə etibarını qazanmışdım ki, jurnalistlərə müsahibə vermək istəyəndə məni axtarırdı. Hətta bir dəfə təcili müsahibə verməli, bir qalmaqallı məsələyə aydınlıq gətirməli idi və bunun üçün arxamca evimizə maşın da göndərmişdi. Həmin geniş söhbətimizi “İnter”in o vaxt bəzən məşqlərini etdiyi, oyunlarını keçirdiyi Zabrat qəsəbə stadionunda etmişdik”.


Mehman Süleymanov deyir ki, müsahiblərinin ona tam etibar etməsi sevindirici məqamdır:


“Qalmaqalçı jurnalist sayılmıram. Müsahibələrim çıxandan sonra problemlər yaranmırdı. Yalnız bir dəfə problem olub ki, bu da “apasport.az” saytında işlədiyim dövrə təsadüf edir. Milli komandamızın sabiq baş məşqçisi, hazırda AFFA İcraiyyə Komitəsinin üvü olan futbol veteranımız Kazbek Tuayev müsahibəsində siyasi səhvə yol vermişdi. Bu, Gürcüstanla münasibətlərlə bağlı idi və açıqlamasına görə ona ciddi iradlar olmuşdu. Müsahibənin ertəsi məni telefonla axtaran, sonradan isə redaksiyamıza alovlu şəkildə gələn Kazbek Əliyeviç məni görüncə “nə yazmısan, buna görə başım ağrıdı” deyərək özünə yer tapa bilmirdi. Tuayevin diktofonda səsi yaxşı düşməsə də, kənardakıların dediklərini özümdən yazmadığıma, onun həqiqətən belə söyləməsinə əminlik vardı. Kazbek Tuayev həmin gəlişində saytımıza açıqlama verərək anlaşılmazlıq yarandığını, belə demək fikrində olmadığını qeyd etdi. Onu deyim ki, təcrübəli mütəxəssis baş verənlərə görə mənə kin saxlamadı. Tuayev həmin müsahibəyədək də mənimlə münasibəti çox yaxşı idi, elə indinin özündə də”.


Jurnalistin sözlərinə görə, 1997-ci ildə Dortmund “Borussiya”sının heyətində Çempionlar Liqasının qalibi olmuş rusiyalı futbolçu Vladimir Butla telefonla müsahibəsi  zamanı maraqlı an baş verib:


“Ona zəng etdiyim zamanı Fransanın paytaxtı Parisdə uşağı ilə birgə “Disneylend”də olduğu məlum idi. Butu karuseldə, necə deyərlər,  göyün 7-ci qatında “yaxaladım”. Bunu diqqətimə çatdıran tanınmış futbolçu sonradan danışacağını bildirdi. Belə düşünmək olardı ki, bu, söhbətdən yayınmaq üçün deyilmiş bir sözdü. Ancaq Vladimir sözünün üstündə durdu . Onu deyim ki, özü redaksiyamıza zəng vurdu və xeyli söhbətləşdik”.


“Oxu.az” sayt
ının  əməkdaşı  Səbuhi Tofiqoğlu qeyd edib ki, təxminən 10 il müddətində jurnalistika fəaliyyəti boyu istər ölkə daxilində, istərsə də ölkə xaricində çox adamdan müsahibə götürüb:


“Amma bu müddətdə mənim də müsahibə götürə bilmədiyim insanlar olub. Bunların başında voleybol millimizin baş məşqçisi Faiq Qarayev durur. Bu adam ümumiyyətlə, nəinki mənə, əksər jurnalistlərə qapalıdır. Tək-tük hallarda onun müsahibə verdiyini görmək olar. Xatırlayırsınızsa, ötən il voleybol üzrə Avropa çempionatı Bakıda keçirilirdi. Millimizin hər oyunundan sonra "miks zona"ya böyük ümidlə yaxınlaşırdım. Hər dəfə də o, jurnalistlər önünə öz köməkçisini göndərirdi. Köməkçisi də hər dəfə baş məşqçinin gəlməməsinə dair min bir bəhanə uydururdu. Gah deyirdi ki, oyuna görə əsəb gərginliyi keçirib, gah da deyirdi ki, təşkilati işlərlə məşğuldur. Bu baxımdan fikrimcə, mənim üçün ən kaprizli müsahib məhz Faiq Qarayevdir.

Bundan başqa, geniş müsahibə götürmək istədiyim insan kikboksçu Zabit Səmədovla karateçi Rafael Ağayevdir. Səmədovdan yaxınlarda ayaqüstü qısa müsahibə götürsəm də, sonradan geniş müsahibəyə razılığını aldım. Ancaq nə oldusa, sonradan onunla əlaqə yarada bilmədim və beləcə müsahibə alınmadı. "Whatsapp"dakı səsyazılarım isə cavabsız qaldı. Rafael Ağayevdən də yaxınlarda qısa müsahibə götürmüşəm. Bu ayın sonu ondan geniş müsahibə almağa dair planım var”.


S.Tofiqoğlu qeyd edib ki, müsahibə verəndən sonra problem yaradanlar az olsa da, belələri var:


“Yadıma gələn belə bir hadisə yenicə olub. Yaxınlarda belə bir məlumat yayıldı ki, 23 yaşadək qılıncoynadanlarımız apreldə İrəvanda keçiriləcək Avropa çempionatına getməyəcək. Mən də bu məlumatı jurnalistika prinsiplərinə uyğun olaraq federasiyanın daha mötəbər şəxslərindən biri ilə dəqiqləşdirmək qərarına gəldim. Bunun üçün Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalovla əlaqə saxladım. O isə mənə dedi ki, hələ dəqiq bilinmir, millimiz Ermənistana gedə də bilər, getməyə də. Ardından bir müddət keçdikdən sonra federasiyanın mətbuat xidməti millinin proqramından xəbəri olmayan Zeynalova səhv məlumat verdiyini çatdırdı. Vitse-prezident isə dərhal mənimlə əlaqə yaradaraq elə söz demədiyini vurğuladı.

Müsahibədən boyun qaçıran da az olmayıb. Sonuncu belə adam "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov olub. Həmişə telefonlarıma cavab verən adam sualımın nədən ibarət olacağını təxmin etdiyindən (klub bəyanat yayıb, sonra da silmişdi və sualım da bu yöndə idi), filan vaxtda zəng vurmağımı istədi. Həmin vaxtda isə nə qədər zəng etməyimə baxmayaraq, telefonumu açmadı”.


Jurnalistin hələ ki sonuncu müsahibi AFFA-nın Texniki direktoru Bernhard Lipert olub:


“Onun müsahibəsi artıq saytımızda yer alıb. Maraqlıdır ki, jurnalistikada ilk müsahibim də bu alman mütəxəssis olub. Yadımdadır ki, o vaxt Lipert U-17 millisinin baş məşqçisi idi və bu millinin Avropa çempionatının seçmə mərhələsi üçün püşkü atılmışdı. Mən də onda idman jurnalistlərinin əksərinin yetişdiyi "Futbol+" qəzetində işləyirdim. Püşkə münasibət öyrənmək üçün məhz Lipertlə danışmışdım. Qəzetdə ilk müsahibəmi görəndə çox sevinmişdim”.

 

 “Qafqazinfo.az”  saytının əməkdaşı Elsevər Məmmədov bildirib ki, kaprizli müsahiblər adətən çox olur:


“Yəni bunu çəkmə, onu çəkmə deyənlərlə çox qarşılaşıram. Məsələn, Rəşad Sadıqovun fotolarını çətinliklə çəkmişdik. İmkan vermirdi ki, istədiyimiz kimi fotolar çəkək. Nə qədər çalışsam da, mümkün olmadı. İlk dəfə onunla müsahibədə ən azı 5 suala “keç” dedi, cavab vermədi.

Hələ ki, müsahibədən boyun qaçıran kimsə olmayıb. Bircə, kikboksçu Zabit Səmədovla görüş təşkil edə bilməmişəm. O da üz-üzə gəlməmişik. Amma normalda kiminlə müsahibə etmək istəsəm,  problem olmur. Bir şəkildə həll edirik. Müsahibə verəndə həmişə problem ortaya çıxır. İdmançılarla müsahibələr adətən çətin olur. Çünki elə suallar var ki, onlardan qaçırlar. Dediyim kimi, ən çətin müsahib Rəşad Sadıqov olub.

Adətən işdə mən “müsahibə götürmək istəyirəm” deyəndə redaktorlar alınma ehtimalının çox az olduğunu deyirlər. Ya da ki, “bəlkə alındı”  yazırlar. Əslinsə reallıq payı var. Çünki idmançı tayfasına etibar yoxdur. Hər an yola verə bilərlər”.

“Futbol+” qəzetinin əməkdaşı  Sərxan Musalı deyib ki, tanınmış  qrossmeyster Şəhriyar Məmmədyarovdan dəfələrlə geniş müsahibə almağa çalışsa da, müsahibi heç vaxt telefonla danışmağa meyl etməyib:

“Ona görə də maksimum bir-iki dəqiqə çəkib söhbətimiz. Yəni istədiyim müsahibə alınmayıb. Bir dəfə çalışdığım "Futbol+" qəzetində Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov haqda tənqidi yazı getmişdi. Ondan sonra Faiq bəy məndən incidi. Neçə dəfə müsahibə almaq istəmişəm, amma razılaşmayıb. Bir də güləşçi Rövşən Bayramov müsahibəyə heç vaxt isti yanaşmayıb. Həmişə çalışıb ki, jurnalistlərdən qaçsın.

 İdman federasiyalarının rəhbərləri çox vaxt nüfuzlu məmurlar olur. Ona görə də onlarla ünsiyyət qurmaq, müsahibə almaq qəliz məsələdi. Məsələn, çox istərdim ki, Azad Rəhimovdan ayrıca və geniş müsahibə alım”.


“Apasport.az” portal
ının əməkdaşı Zaur Xudiyev bildirib ki, onun bir neçə uğurlu müsahibəsi  olub:


“Bəziləri çox səmimi alınıb, bəziləri çox əks-səda doğurub. Amma deyərdim ki, ən çətinliklə müsahibəyə razı saldığım adam AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov olub. Bir neçə il bundan qabaq idi. O zamanlar çempionatda intiriqa yüksək səviyyədə idi, hakimlərdən tez-tez narazılıq olurdu. Bir neçə maraqlı məqamlar var idi ki, Xəqani müəllimlə aydınlaşdırmaq lazım idi. Amma Məmmədovu heç cür tapmaq olmurdu. Ya telefona cavab vermir,  ya da bir bəhanə ilə danışmaqdan yayınırdı.

Mən idman jurnalistikası ilə yanaşı, paralel olaraq həm də mətbəədə işləyirəm. Bir gün eşitdim ki, FİFA Oyun Qaydaları kitabı bizim mətbəədə çap olunacaq. Kitabı da tərcümə edən və çapa hazırlayan Xəqani Məmmədovdu. İstehsalat Şöbəsinin rəisindən öyrəndim ki, Xəqani müəllim həmin gün son dəfə dəyişikliklər üçün mətbəəyə gələcək. Xahiş etdim ki, müsahibə üçün mənə kömək etsin. Mətbəədə şöbə rəisi ona dedi ki, “sizin kitabın tez olması və hakimlərin qış toplanışına çatması birbaşa Zaurun əlindədi (həqiqətən də çap prosesinin bəzi mərhələləri sırf mənim sahəmdən keçir). Əgər siz ona müsahibə versəniz, o da sizin işinizi sürətləndirər”. Çar-naçar razılaşdı müsahibəyə. Elə ordaca mətbəənin mətbəxində danışdıq. Geniş müsahibə alınmışdı, amma onu da deyim ki, məcburi olsa da, çox səmimi və kifayət qədər cəsarətli söhbətlər olmuşdu”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir