Modern.az

Sumqayıtın keçmiş icra başçısı: “Erməniləri maksimum qoruyurduq ki...”  

Sumqayıtın keçmiş icra başçısı: “Erməniləri maksimum qoruyurduq ki...”   

Hadisə

28 Fevral 2018, 11:26

Bu gün Sumqayıt hadisələrindən 30  il ötür.  1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özlərilə birgə təşkil etdiyi və həyata keçirdiyi təxribat  ssenarisinin tərkib hissəsi idi. 

 
1988-ci ildə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, daha sonra isə şəhərin icra başçısı vəzifəsində işləmiş Təvəkkül Məmmədov hadisə ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.
 

Təvəkkül Məmmədov Sumqayıt hadisələrinin 1988-ci il fevralın 27-si  günün ikinci yarısında başladığını bildirib. Onun sözlərinə görə, hadisələr başlayanda məzuniyyətdə olub və xəbəri eşidən kimi dərhal işə qayıdıb.

“Ermənilərdən ibarət xüsusi təyinatlı qüvvələr Sumqayıta gəlmişdi. Onlara xüsusi tapşırıqlar verilmişdi. O zaman şəhərin birinci katibi də məzuniyyətdəydi. Mənə dedilər ki, camaat dəniz kənarına yığışıb. Getdim dəniz kənarına, orada heç kimi görmədim. Daha sonra gördüm ki, Ordu Klubunun qarşısına yığılıblar. Fevralın 28-də klubun qabağına ermənilər daha çox yığışdı. Bundan sonra isə şəhərdə hay-küy qalxdı. Sumqayıt hadisələrinə Qriqoryan və bir neçə xüsusi olaraq hazırlanmış ermənilər rəhbərlik edirdi. Qriqoryanın birbaşa  iştirakı ilə Sumqayıtda 7 nəfər erməni öldürülmüşdü. O, iki dəfə xuliqanlıq üstündə məhkum olunmuşdu”. 

 

Təvəkkül Məmmədov deyib ki, Sumqayıt hadisələri planlı şəkildə həyata keçirilib.

“Belə hadisələri törətmək üçün aylarla kəşfiyyat orqanları məşğul olur, lazımi qüvvələri cəlb edir, maddi vəsait ayırır, xüsusi təxribatçı qruplar hazırlayır və sair. Qriqoryan icraçı idi, təşkilatçı yox. Bir fakti da qeyd edim ki, təxribatçı ermənilərdə Sumqayıtda yaşayan ermənilərin konkret siyahısı vardı.  Bu, Sumqayıtda yaşayan və “Krunk” cəmiyyətinə aylıq üzvlük haqqını ödəməkdən imtina edən ermənilərin siyahısı idi. Həmin evlərə də hücum oldu, insanlar qətlə yetirildi, evlər yandırıldı, mənzillər qarət olundu. Təşkilatçılar isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları idi. Onlar hadisələrdə iştirak edən ekstremist qrupunu məharətlə idarə edirdilər. Hadisələrdə iştirak edən  yetkinləşmiş gənclərə narkotik və spirtli içkilər paylanılırdı. Bununla da həmin gənclərin ağlı başından alınırdı. Beləliklə də ermənilər öz məqsədlərinə çatmaqda davam edirdilər”.

Müsahibimiz bildirib ki, Sumqayıt hadisələrində ermənilərin özləri də çox əziyyətlər çəkiblər. 

“Onlar qorxu içindəydilər. Onları qorumaq üçün bütün şəhər ayağa qalxmışdı.  Şəhər əhalisi onların bir hissəsini qorumaq üçün evlərinə aparırdı. Özləri isə binanın girişində ağaclarla durudular. Əgər belə olmasaydı daha böyük faciələr baş verərdi. Biz isə şəhərdən erməniləri toplayırdıq. Topladığımız erməniləri Ordu Klubunun birinci mərtəbəsindəki zala yığırdıq. Onları maksimum qoruyurduq. Burada onlara yemək verilirdi.  Nazirlər Sovetinin sədri ermənilərə bir maşın şokolad göndərmişdi.  Mən bunu biləndə isə həmin şokaladları geri qaytardım. Dedim ki, onlara şokalad yox, yemək vermək lazımdı”.

 

Təvəkkül Məmmədov həmçinin qeyd edib ki, artıq martın 1-də xarici ölkələrdə Sumqayıt hadisələri barədə videolar göstərilirdi. 

“Amma biz hələ təyin edə bilmirdik ki, bu nədir, Sumqayıtda nələr baş verir... Bizim əlimizdə heç nə yox idi. Deməli bu hadisələrin olacağı əvvəldən hazırlanmışdı. Həmin dövrdə videoları da artırmaq asan məsələ deyildi. Amma bunlar hazırlıqlar görüb, çəkilişlər aparmışdılar. Həmin videoları kino formasında  xarici ölkələrdə göstərirdilər. Bununla da sübut etmək istəyirdilər ki, Sumqayıtda azərbayacanlılar erməniləri kütləvi şəkildə öldürüb. Amma həqiqət isə göz qarşısındadır. Sonda onu da qeyd edim ki, Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində ermənilər tərəfindən 32 nəfər öldürülüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır