Modern.az

Hafiz Hacıyevin naxçıvanlılara deyiləcək sözləri var - AÇIQLAMA

Hafiz Hacıyevin naxçıvanlılara deyiləcək sözləri var - AÇIQLAMA

19 Mart 2018, 12:04

Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin təşviqatı başlayıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

Namizədlər bu mərhələdə hansı  işlərin görülməsini planlaşdırırlar?

Müasir Müsavat  Partiyasının sədri Hafiz Hacıyev Modern.az saytına açıqlamasında deyib ki, təşviqat mərhələsində günlərin bölüşdürülməsi ilə bağlı işlər görülür:

“Bu gün Mərkəzi Seçki Komissiyasında püşkatma keçiriləcək.  Onunla əlaqədar tədbirdə olacağıq. Axşam saat 7-də radioda, 10-da isə televiziyada çıxışlarımız var. Ümumiyyətlə, sonrakı günlərimizi də bölüşdürmüşük. Həftənin birinci, ikinci, üçüncü günləri televiziyada çıxışlar edəcəyik. Yerdə qalan günlərdə isə müstəqil şəkildə hansı rayonlarda, hansı formada görüşlər keçirəcəyimizi bundan sonra planlaşdıracağıq. Hər halda yaxın bir neçə saat ərzində bunların hamısını dəqiqləşdirib məlumat verəcəyik”.

H.Hacıyev qeyd edib ki,  planlarında müxtəlif rayonlarla yanaşı, xüsusilə Naxçıvanda təşviqat nəzərdə tutulub:

“Sadəcə qrafikimizə əsas vaxt məsələsini müəyyənləşdirməliyik. Bu ölçünü elə aparmalıyıq ki, bütün rayonları əhatə edə bilək, görüşlərimiz baş tutsun. Amma bu da bizdən asılı olan məsələ deyil. Hər halda çalışacağıq ki, Naxçıvanda təşviqat istiqamətində bir sıra işlər həyata keçirək. Yəqin ki, bir-iki günə bu məsələləri konkretləşdirəcəyik”.

Partiya sədrinin sözlərinə görə,  maddi cəhətdən vəziyyətləri çox ağırdır:

“Bütün bu çətinliklərə baxmayaraq çalışacağıq ki, üzvlərimizin götürdüyü öhdəlikləri yerinə yetirək. Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərə pul ayırmır. Azərbaycan xalqı da birmənalı şəkildə bunu bilir. Öz imkanlarımız daxilində nəsə edəcəyik, dostlarımızın hesabına , partiya üzvlərinin köməyi vasitəsilə biz ayaqda dura bilirik. Buna görə də təşviqata nə qədər pul ayırdığımızı konkret deyə bilmirik. Pullu efir vaxtları var, amma ona çıxa bilmirik. Pulumuz yoxdur ki, sözümüzü xalqımıza deyə bilək. Yəni biz məhdudiyyətlər çərçivəsində hərəkət edirik. Lakin bütün variantlardan istifadə edib  fikirlərimizi xalqa çatdırmağa çalışacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır