Modern.az

Dövlət büdcəsinə ya Milli Məclis yenidən baxacaq, ya da Maliyyə Nazirliyi özü korrektələr edəcək

Dövlət büdcəsinə ya Milli Məclis yenidən baxacaq, ya da Maliyyə Nazirliyi özü korrektələr edəcək

İqtisadiyyat

20 Mart 2018, 10:23

“Dövlət büdcəsinə yenidən baxılması və xərclərə sekvestr tətbiq olunması qaydası “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinin tələbləri əsasında ola bilər. Həmin maddədə deyilir ki,  “dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında dövlət büdcəsinə yenidən baxılması barədə məsələ qaldırıla bilər. Bu zaman dövlət büdcəsinin icrasının vəziyyəti barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi olmalıdır. Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az daxil olduqda funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, təşkilati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldılır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

 

Deputat bildirib ki, dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Milli Məclisin müvafiq komissiyalarında müzakirə edilir:

“Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30 faiz az olduğu halda, müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmış təklif olmadıqda müvafiq icra hakimiyyəti orqanı Milli Məclis qarşısında büdcədə dəqiqləşdirmə aparılması barədə oktyabr ayının 1-dən gec olmayaraq məsələ qaldırır. Cari ilin dəqiqləşdirilmiş dövlət büdcəsi haqqında qanun layihəsini Milli Məclis oktyabr ayının 15-dən gec olmayaraq təsdiq edir.
Fikrimizcə, 2018-ci ilin dövlət büdcəsində hələ ki “Büdcə sistemi haqqında qanunun” 23-cü maddəsin tələbləri səviyyəsində çatışmazlıq yoxdur”.



Əli Məsimli qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 dollardan götürülüb və hazırda dünya bazarında Azərbaycan nefti 60 dollardan baha satılır, onda büdcəyə əlavə gəlir daxil olacaq.

“Büdcəyə daxil olacaq əlavə gəlir əhəmiyyətli rəqəmlərlə ifadə olunsa, onda həmin əlavə gəlirin bölgüsü ilə bağlı büdcəyə yenidən baxılan bilər. Digər məqam isə əmək haqları ilə bağlıdır. 2018-ci ilin dövlət büdcəsində görünən o idi ki, diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı artırılacaq. Hələ 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ildə artırıldı. Bundan əlavə Prezidentin xüsusi sərəncamları ilə 3 milyon nəfərdən artıq insanın əmək haqqı, pensiyası, müavinəti və digər ödənişlər də artırıldı. İlin sonuna qədər həmin artımları örtmək üçün aşağı-yuxarı 600 milyon manat pul lazımdır. 2018-ci ilin dövlət büdcəsində həmin istiqamətdə tələb olunan xərclər də konkret təyinatı üzrə göstərilməklə öz əksini tapmalıdır. Bu baxımdan hər şey bu ilin birinci rübünün nəticələrindən asılı olacaq. Həmin nəticələrdən asılı olaraq, qanunvericilikdə müəyyən olunmuş və qeyd etdiyimiz qaydada 2018-ci ilin büdcəsinə yenidən baxıla da bilər, Maliyyə Nazirliyi müəyyən etdiyi qaydada özü də də bu korrektələri edə bilər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü