Modern.az

“Yeni Müsavat”ın GƏNCLƏRI: “Kimlər üçünsə “Yeni Müsavat” məktəbdir, bizə görə isə...” - FOTOLAR

“Yeni Müsavat”ın GƏNCLƏRI: “Kimlər üçünsə “Yeni Müsavat” məktəbdir, bizə görə isə...” - FOTOLAR

Media

17 May 2018, 12:00

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...

“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Yeni Müsavat”ın redaksiyasında çalışan gənc jurnalistlərdən bəhs edir.

“Əgər qərarını dəyişməsən, attestatını verməyəcəm”

Xalidə Gəray  uşaqlıqda həmişə diktor olmağı arzulayıb:


“Qəbələ rayonunda anadan olmuşam. Orta və musiqi təhsilimi Gəncə şəhərində almışam. Daha sonra isə Bakı Musiqi Akademiyasının fortepiano ifaçılığı fakültəsini bitirmişəm.

Hər gün AzTV-dəki diktorları, onların davranışlarını izləyir, gələcəkdə həmin diktorlar kimi olmağı xəyal edirdim. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Müəllimlərim mənim jurnalist olmağımı istəyirdi. Hətta Gəncədə çox məşhur olan tarix müəllimimiz Bəhram Nəsirov bir dəfə mənə dedi ki, “sən çox yaxşı jurnalist ola bilərsən, Qənirə Paşayeva kimi. Sənədlərini jurnalistikaya ver”. Musiqini də çox sevirdim və bu sahədə nailiyyətlərim var idi. Ona görə iki yol ayrıcında qalmışdım. Nəhayət qərar verdim ki, Gəncə Musiqi Kollecinə sənəd verim. Məktəb direktorum bu qərarım ilə razılaşmırdı. Demişdi ki, “əgər qərarını dəyişməsən, attestatını verməyəcəm”. Məktəbi əla qiymətlərlə bitirən şagirdin sənədlərini kollecə verməsini heç kəs qəbul edə bilmirdi. Mən isə bildirdim ki, musiqi təhsilimi davam etdikdən sonra, mütləq jurnalistika sahəsini də seçəcəm. Beləliklə, Gəncə Musiqi Kollecini 3 ilə, əla qiymətlərlə bitirdim. Elə həmin il mənim kollecə müəllim-konsertmeytr kimi işə dəvət etdilər (Qeyd edim ki, həmin kollecdə 10 il müəllim kimi çalışmışam). Daha sonra isə sənədlərimi Bakı Musiqi Akademiyasına verdim”.


“Kollektivimizin komanda ruhu çox şən və mehribandır”

2010-cu ildə Xalidə Gəraya Tovuzun “Türkel TV” kanalından musiqili verilişinin aparıcısı olmaqla bağlı təklif gəlib:


“Bu təklifə çox sevindim və təxminən 1 il ərzində adı çəkilən kanalda “Bəstəkarlıq” verilişin aparıcısı və müəllifi oldum. Sonra isə  Kəpəz TV, ATV-də (Gəncənin ATV kanalı) musiqi redaktoru vəzifəsində çalışdım. Daha sonra Bakıya köçdüm, burada bir sıra sayt və internet televiziyasında çalışdım.

Yadımdadır ki, uşaqlıqda atam mütləq hər axşam “Yeni Müsavat”, ya da “Azadlıq” qəzetlərini alıb gətirirdi. Atamla birgə qəzetləri oxuyur, bəzən müzakirə edərdik. “Yeni Müsavat” hər zaman bir məktəb olub. Bu qəzetdə çalışmaq çoxlarının arzusudur. 2014-cü ilin oktyabr ayında qəzetin redaksiyasına gəldim və burada çalışmaq istədiyimi dedim. Məni qəbul etdilər və səhəri gün işə başladım”.

Müsahibimiz deyir ki, digər redaksiyalardan fərqli olaraq, “Yeni Müsavat”da çalışmaq çətin deyil, amma çox məsuliyyətlidir:


“Hər kəs bir-birinə köməklik göstərməyə çalışır. Kollektiv bir ailədir. Kiminsə sevinci hər birimizin uğuru, kiminsə çətinliyi hər birimizin problemidir. Düşünürəm ki, kollektivdəki ümumi mühit baş redaktordan, onun xarakterindən, dünyagörünüşündən çox aslıdır. Baş redaktorumuz Rauf Arifoğlu nəhəng media kapitanı olmaqla yanaşı, həm də humanist insan, kollektivini öz ailəsi kimi sevən şəxsdir. Kollektivimizin komanda ruhu çox şən və mehribandır”.

“Hə... deməli mən qoca kişiyəm”

Gələcəkdə çox populyar televiziya verilişinin, populyar aparıcısı olmaq istəyən Xalidə Gəray redaksiyada  yaşadığı maraqlı hadisəni də bizimlə bölüşüb:


“İki il bundan əvvəl redaksiyada çalışdığım zaman stolumun üstündəki iş telefonuma zəng gəldi. Telefona cavab verəndə niyəsə elə sandım ki, qarşı tərəfdəki yaşlı bir kişidir. Mənə dedi ki, “Röya lazımdır” (Qəzetimizin keçmiş əməkdaşı Röya Rəfiyevanı nəzərdə tuturdu). Mən də zarafatla “ay Röya xanım, sizi bir qoca kişi çağırır” dedim. Röya da “qoca kişi kimdir görəsən?” deyib dəstəyi götürdü. Bircə onu gördüm ki, Röya cavab verəndən sonra dərhal ciddiləşdi. Dəstəyi yerinə qoyduqdan sonra dedi ki, “nə qoca kişi, Rauf bəy idi”.  Rauf bəy məni sonra görəndə gülərək dedi  “hə... deməli mən qoca kişiyəm””.

“Elə imzam olan "Rais" də müəllimimin adıdır”

Əli Hüseynov 1990-cı il iyulun 28-də Sabirabad rayonunda anadan olub. Uşaqlıq illərində ən sevmədiyi şey yazı yazmaq olub. Dəftər-qələmi heç sevməyib. Ancaq sonradan kompüterin həyatımıza daxil olması onu həm dəftərdən, həm də qələmdən xilas edib və yazmağı da sevməyə başlayıb:

“Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavr təhsili almışam. Deyim ki, tələbəlik illərim "ev-universitet-əyləncə" prinsipindən uzaq olub. Həmin illərdə özümü inkişaf etdirməyə çalışmışam. Birinci kursa yeni başlayan ərəfədə "Tələbə dünyası" adlanan bir qəzetdə reportyor kimi çalışdım. Məktəblərə gedib reportaj hazırlayırdıq. Daha sonra yenə də birinci kursda "Olimpiya dünyası" qəzetində idman jurnalisti kimi fəaliyyət göstərdim. Orada isə idman yarışlarından xəbər hazırlayırdım. İkinci kursdan jurnalistikanın müxtəlif sahələrinə aid xeyli təlimlərə qatılmışam və bu təlimlərdə çox şey öyrəndim. O zamanlar "İrəli" İctimai Birliyində Media Akademiyası layihəsi vardı. Bu layihə mənim üçün qatıldığım  ən faydalı təlimlərdən biridir. Orada 3-4 ay ərzində İlhamə Novruzova, İlhamiyyə Rza, DJ Tural kimi peşəkarlardan dərs almışıq. Həmçinin, təcrübi olaraq da xeyli çalışmamız olub. Elə orada ağlıma gəldi ki, özüm xəbər saytı yaradıb, xəbər yazıb, hərəkətdə olum.

3-cü kursda  “exobaku.com” adlı sayt yaratdım. İndi tanınmış saytlarda çalışan gənc jurnalistlərin bəziləri ilə sayta xəbərlər, köşə yazıları yazırdıq. O zaman onlar da tələbə idilər. Universitetdə yazmağa həvəsi olan hər kəsə yardım edib, yazısını verirdik. Eyni zamanda, Tələbə Həmkarlar İttifaqı Komitəsi də bizə çox dəstək olurdu. Hətta tədbir keçirməməmiz üçün universitetin akt zalını da bizə həvalə edirdilər. Həmçinin, müəllimlərimiz Knyaz Aslan, Elməddin Behbud, rəhmətlik İsmayıl Vəliyev bizə çox dəstək olub, yol göstəriblər. O illərdə tez-tez APA informasiya agentliyinə də üz tutub Vüsalə Mahirqızı ilə görüşürdük. Vüsalə xanım bizə hər zaman qapısını açıb, yol göstərir, məsləhətlər verirdi. Onların  məsləhətləri bizə jurnalistikanı daha da sevdirirdi. Elə imzam olan "Rais" də müəllimimin adıdır. Rais müəllim də mənə çox yardım edib. Təəssüf ki, tez vəfat etdi və adını əbədiləşdirmək qərarına gəldim, “Əli Rais” imzası ilə yazmağa başladım.


“Rauf bəyin hər cümləsi, hər iradı məktəbdir”

Əli Rais tələbəlikdən sonra hərbi xidmətə gedib, qayıtdıqdan həmən sonra isə “hafta.az” saytının ("Həftə içi" qəzetinin saytı) siyasət şöbəsində çalışıb:


“O ərəfədə artıq ətrafımda olan hər kəs yeni işə başlamışdı, yeni mərhələdə idi. Ona görə də saytımızı bağlayası olduq. 2 il “hafta.az” saytına çalışdım və redaktorumuz Səbinə Əvəzqızından çox şey öyrəndim. Səbinə xanım təkcə mənə deyil, oradakı bütün gənclərə dəstək olurdu. Bildiyini öyrədib, yol göstərirdi. Ora mənim üçün bir məktəb oldu.

Məktəb anlayışını orta nəslin jurnalistləri daha çox "Yeni Müsavat" haqqında deyirlər. Haqlıdırlar. Ancaq onlar üçün məktəb olan biz gənc nəsil üçün deyərdim ki, ali məktəbdir, magistr pilləsidir. Mən də qərara gəldim ki, burada jurnalistikanın "magistr təhsilini" alam. Beləliklə 2015-ci ildə Rauf Arifoğluna müraciət edib, "Yeni Müsavat"da işləmək istədiyimi söylədim. Öncə onu da deyim ki, hələ tələbəlik illərindən bu qəzetin fəaliyyətini yaxından izləyib, əməkdaşlarının bacarığına qibtə edirdim.

Rauf bəy istəyimi qəbul edib, qəzetdə çalışmağıma imkan yaratdı və bununla da jurnalistika fəaliyyətimdə yeni, maraqlı dövr başladı. Burada çox şey öyrəndim. Rauf bəyin hər cümləsi, hər iradı məktəbdir. Xoşbəxtlikdən onunla  tədbirlərdə tez-tez oluram və orada da ondan daha çox öyrənmə şansım olur. Eyni zamanda Azər Ayxan, Nazim Sabiroğlu, Elçin Xalidbəyli, Xalid Kazımlı, Zahid Səfəroğlu, Elşən Balaxanski, Kənan Rövşənoğlu, Elşad Paşasoy, Etibar Seyidağa və adını çəkmədiyim digər peşəkar imzalarla birlikdə çalışmaq təbii ki, böyük avantajdır. 3 il ərzində bu insanlardan çox şey öyrənmişəm. "Yeni Müsavat"çılar təkcə yaxşı  iş yoldaşı deyil, həm də gözəl dostdurlar. Məsələn, şəxsən mən bir problemlə üzləşən zaman dərhal Azər bəyin yanına gedib, ondan kömək, məsləhət alıram. O da hər zaman dəstək olur. Sağ olsun”.

“Gecə mərmilər qaldığımız evin üstündən keçirdi”

Gənc həmkarımızın sözlərinə görə, “Yeni Müsavat”da iş günü saat 11-də planlaşdırma  iclası ilə başlayır və ardınca verilən mövzular üzrə fəaliyyət davam edir:

“Təbii ki, gündəlik hadisə olan zaman əraziyə yollanırıq. Mən "Yeni Müsavat"ın ən çox bu yönünü sevirəm. Çalışıram ki, hadisə baş verən zaman ora mən gedim. Çünki hadisə yerlərində öyrənəcək çox şey olur. Ümümiyyətlə, məncə yaşın bu çağında jurnalistikada kabinetə qapanmamalısan. Ölkəmiz kiçik, hadisələr yalnız Bakı ilə məhdudlaşsa da, bölgələrdə də nə isə baş verən zaman ora getməyə çalışıram. Ən çox zövq aldığım iş də elə budur. "Yeni Müsavat" da çətin günüm deyərdim ki, olmayıb. Məncə çətinlik məsələsi hər kəsin baxış bucağından asılıdır. Hansısa işin çətinliyini yox, onu necə həll etməli olduğumu düşünürəm.

Maraqlı anlara gəlincə isə bu, çox olub. Ancaq mənim üçün ən yadda qalan hadisə 2016-cı ilin aprel ayında, atəşkəsin pozulduğu ərəfədə Tərtərdə gecələdiyim, reportaj hazırladığım gündür. Həmin günü Tərtərdə ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində 50-dən çox ev zərər görmüşdü. Gecə mərmilər qaldığımız evin üstündən keçirdi. Məhəmməd Türkmənlə Qapanlıya qədər gedib reportaj hazırlamışdıq. O gün hər mənada çox yaddaqalan oldu.

Ümumiyyətlə, "Yeni Müsavat"da çalışmaq həm də böyük bir məsuliyyətdir. Bu məsuliyyətimi dərk edib, üzərimdə çox işləyirəm, daim gündəmi izləyirəm ki, çətinə düşməyim”.

“Mənə görə jurnalistika hər sahədən üstündür”

Əli Raisin fikrincə, Azərbaycan mediasının çatışmayan tərəfi çoxdur:


“Düzdür, getdikcə bu sahədə addımlar atılır, ildən-ilə inkişaf edirik. Ancaq yenə də dəyişiləcək şeylər çoxdur. Jurnalistikanın inkişafı da sözsüz ki, sahələrin, qurumların, ümumilikdə cəmiyyətin inkişafından asılıdır. Düşünürəm ki, illər keçdikcə bu çoxşaxəli inkişafı görəcəyik. Ötən il Ankarada 1 ay “Anadolu” xəbər agentliyində kurs keçdim. Orada müşahidə etdim ki, yerli jurnalistlər bizim jurnalistlərdən hətta zəif və ya eyni səvəyyədədirlər. Ancaq şərait, texnika baxımından onlar çox üstündürlər. Ümid edirəm ki, bizdə də elə olacaq.

Gələcəkdə istərdim ki, xarici ölkə mediasında çalışım. Bunun üçün təbii ki, çox çalışmaq, dil öyrənmək, inkişaf etmək lazımdır. Qismət olarsa, bu arzuma da çataram. Mənə görə jurnalistika hər sahədən üstündür. Çünki yeri gələndə hər kəsi sorğulamaq, gördüyü işi dartışmaq bizim işimizdir. Necə deyərlər, qələm bizim əlimizdədir. Qələm isə qılıncdan da itidir deyiblər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı