Modern.az

Azərbaycanda 31 gündə 36 intihar - STATİSTİKA

Azərbaycanda 31 gündə 36 intihar - STATİSTİKA

Ölkə

6 Fevral 2012, 13:22


Yanvar ayında özünü öldürənlərin üçü məktəblidir

2012-ci ilin ilk ayında Azərbaycanda 36 intihar hadisəsi qeydə alınıb. Modern.az saytı rəsmi mənbələrin açıqladığı məlumatlara istinadən bildirir ki, ay ərzində 3 məktəbli və yeniyetmə (iki oğlan, bir qız) özünü öldürüb.

Siyəzən rayonunda 16 yaşlı Namiq Natiq oğlu Hüseynov yaşadığı evin çardağında özünü asıb. Masallı rayonu, Köhnə Zuand kənd sakini, 15 yaşlı Nuranə Şahbazova yaşadığı evdə özünü asıb. Binəqədi rayonunun Xocəsən qəsəbəsində yaşayan, 16 yaşlı İsmayıl Gülqədəm oğlu Vəliyev yaşadığı evdə özünü asıb. Bu üç intiharın hansı səbəblərdən baş verdiyi açıqlanmayıb.

2012-ci ilin ilk intihar hadisəsi Tovuz rayonunda baş verib. Ayın 1-də Qəribli kənd sakini Fərmayıl Hacıyev sərxoş vəziyyətdə özünü ov tüfəngindən atəş açaraq güllələyib. Həmin gün Ağdam rayonundan məcburi köçkün, Bərdə rayon Meşəçilik İnstitutunun binasında məskunlaşan 40  yaşlı Yavər Əhmədov da üzərinə yandırıcı maddə tökərək, özünə od vurub. Ağır xəsarətlər alan məcburi köçkün əvvəlcə Mingəçevir şəhər xəstəxanasına, oradan Bakıya 5 saylı şəhər xəstəxanasına gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, yanvarın 5-də dünyasını dəyişib.

Ay ərzində qeydə alınan özünə qəsdlərin 5-i Şimal bölgəsində baş verib. Onlardan biri məktəblidir. İntihar edənlərin ikisi Xaçmaz sakinidir. Ötən ay 7 nəfər həyatına qəsdə cəhd edib, bunların 4-ü kişi, 3-ü qadın olub. 62 yaşlı Qusar sakini Nizami Burziyev Bakıda bıçaqla sinəsinə xəsarət yetirərək intihara cəhd edib.

Yanvar ayında Cənub bölgəsində 4 özünəqəsd faktı qeydə alınıb və bunlardan birini də Masallı rayonunda məktəbli törədib. Lənkəranda iki kişi intihar edib.

Zərdab rayonunun Təzəkənd kəndində 83 yaşlı Nurməmməd Nuriyev özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Qoca kişinin hansı səbəbdən intihar etməsi dəqiq məlum olmasa da, mərhumun mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyi, müalicə olunsa da, bunun heç bir effekt vermədiyi bildirilib. Qonşularının dediklərinə görə, mərhum müalicə üçün maddi vəsait tapmaqda da çətinlik çəkirmiş.

Nişanlıların müəammalı özünəqəsdi

Şabran rayon sakini, 23 yaşlı Saməddin Quliyev sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilən S.Quliyevi həkimlər cəmi 4 saat həyatda saxlaya biliblər.

Mərhumun özünü hansı səbəbdən öldürməsi məlum deyil. Nişanlı gəncin bir müddət sonra toyunun olacağı bildirilib.

Qax rayonu Ləkit-Kötüklü kənd sakini, 23 yaşlı Coşqun Rəhimov rayonun Süskən kəndi ərazisindəki meşə zolağında özünü ağacdan asaraq intihar edib.

C. Rəhimovun hansı səbəbdən intihar etdiyi məlum deyil. O, Bakı şəhərində fəaliyyət göstərən plastik qapı-pəncərə sexlərinin birində çalışırmış. Bir neçə gün əvvəl rayona gələrək sevdiyi qızla nişanlanıb. İntihar etməzdən əvvəl C. Rəhimov nişanlısının mobil telefonuna “Cənnətdə görüşərik” mesajı göndərib.

Xaçmaz rayonu, Çığatay kənd sakini, 23 yaşlı Fuad İsmayılovun özünü asaraq intihar etməsinin səbəbləri açıqlanmasa da, ilkin ehtimallara görə, cavan oğlan hadisədən öncə valideynləri ilə mübahisə edib.

Sumqayıt şəhər sakini, 30 yaşlı İlqar Rəhimov özünü yaşadığı doqquz mərtəbəli binanın damında asıb. Onun da özünə qəsdinin səbəbləri barədə dəqiq bir məlumat olmasa da, mərhumun narkotik vasitələrin aldəçisi olduğu bildirilib.

Ailəsi dağılan qız və iki aylıq körpənin anası özünü asıb

Tərtər rayonu, Bayandur kənd sakini, 18 yaşlı Nərmin Quliyevanın itkin düşmüş meyitini ailə üzvləri qonşuluqda yaşayan nənəsinin həyətindəki tikilidə asılmış vəziyyətdə tapıblar. 

Mərhum qadın bir müddət əvvəl ailə qursa da, az sonra boşanaraq ata evinə qayıdıb. Elə həmin vaxtdan N.Quliyeva depressiyada olub. Onun özünü öldürməsinin dəqiq səbəbləri isə məlum deyil.

Bərdə rayonunun Mirzalıbəyli kəndində 26 yaşlı gəlin intihar edib. 2 aylıq körpə qız anası olan Gülnar Ramazanova özünü yaşadığı evin həyətindəki meynə çardağından şal ilə asıb. Onun doğuş zamanı psixi travma aldığı və Bərdə Rayon Mərkəzi Xəstəxanasında psixi pozuntulu xəstə kimi qeydiyyatda olduğu bildirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü