Modern.az

Hansı nazirlik öz işçilərinə pulsuz mənzil verə bilir?

Hansı nazirlik öz işçilərinə pulsuz mənzil verə bilir?

Ölkə

26 Aprel 2012, 17:09


Azərbaycanda işçilərin dövlət hesabına mənzillə təmin olunması, pulsuz yaşayış binalarının tikilməsi uzaq keçmişqə qalıb. İndi çox az sayda dövlət qurumu var ki, öz işçilərinin mənzil şəraitini yaxşılaşdırmaq istiqamətində hansısa addım atır. Modern.az-ın əməkdaşı dövlət qurumları ilə əlaqə saxlayaraq onlardan hansının öz əməkdaşlarının mənzil şəraitini yaxşılaşdırmaq üçün çalışdığını araşdırıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, bu dövlət qurumu öz işçiləri üçün yaşayış binası tikmir və perspektivdə də bununla bağlı hər hansı plan yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da onlarda belə bir tikintinin aparılmadığını bildirib.

Nəqliyyat Nazirliyinin Katiblik müdiri Namiq Həsənov bildirib ki, Sovet dövründə dəmiryolçular üçün ev tikilib, növbəli əsaslarla işçilərə verilirdi. Lakin indi bu yoxdur.
“Nazirlik 2003-cü ildən fəaliyyət göstərir və heç bir ev tikməyib. Bizim nazirlik tərəfindən işçilərə mənzil verilməyib”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov isə əksinə, bildirib ki, bu dövlət orqanı özünün evsiz işçilərinə mənzil verib: “4-5 il bundan əvvəl bizim nazirlik Sulutəpədə bina tikərək, öz işçilərinə paylayıb”.

Müdafiə Sənayesi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfəq Kərimova nazirlik tərəfindən evsiz işçilər üçün bina tikilmədiyini deyib.
“ Nazirlik tərəfindən işçilərə ev tikilməyib və hazırda heç bir belə iş aparılmır. Nazirliyimizdən işçiyə mənzil verilməsi halı da olmayıb”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə nazirliyin işçiləri üçün yaşayış binasının tikildiyini deyib:
“Xarici İşlər Nazirliyinin yaxınlığında nazirliyin təşəbbüsü ilə yaşayış binası tikilir. Bina XİN-in Həmkarlar İttifaqının irəli sürdüyü təklif əsasında inşa edilir. Tikintisi davam edən bina bu ilin yay mövsümündə işçilərin istifadəsinə veriləcək. Çox yüksək səviyyədə inşa edilən yaşayış evi nazirliyin işçilərinə güzəştli şərtlərlə veriləcək. Bina nazirliyin əməkdaşlarının sosial təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulub”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, nazirliyin bina tikmək üçün büdcədə vəsaiti yoxdur:
“Yaxın illərdə ev tikilməsi nəzərdə tutulmur. Cənab prezident Milli Olimpiya Komitəsinin üzvlərinə ev verib ki, onların arasında nazirliyin işçiləri də var. Onlar idmanda qazandığı uğurlara görə Prezident tərəfindən mükafatlandırılıb. Nazirlik tərəfindən isə heç bir işçiyə ev verilməyib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev də onlarda belə bir tikintinin getmədiyini deyib:
“Yaxın illərdə belə bir tikinti nəzərdə tutulmur. Nazirlikdə çalışan işçilərə ev verilməyib”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) isə mənzil növbəsində olan əməkdaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə “Neftçi” Mənzil Tikinti Kooperativi (MTK) təsis edilib. Koperativ hazırda bir neçı yaşayış binası tikir. MTK-ya üzv qəbul edilən neft-qaz işçiləri mənzil uçotuna 1984-cü ilədək götürülübsə, onun üçün mənzilin dəyərinin 70 %-i ARDNŞ, 30 %-i isə özü tərəfindən ödənilir. Sonrakı illərdə uçota dayananlara gəlincə, bu faiz dərəcəsi ARDNŞ tərəfindən ödəniləcək hissədən hər il üçün 2 % azalır və işçi tərəfindən ödəniləcək hissədə artır. Nəticədə 2008-ci ildə mənzil uçotuna dayanmış işçi MTK-ya üzv qəbul edilərkən mənzilin ümumi dəyərinin 20 %-i ARDNŞ, 80 %-i isə onun özü tərəfindən ödənilməli olur. 2012-ci ilin əvvəlinə ARDNŞ üzrə 6238 işçi mənzil növbəsindədir. Onların 5743 nəfəri Bakı şəhəri üzrə, 495 nəfəri isə respublikanın müxtəlif şəhər və rayonları üzrə uçota götürülüb. Gələcəkdə ARDNŞ üzrə mənzil uçotunda olmayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin də “Neftçi” MTK tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, sovet dönəmində bişçilərə pulsuz ev verilsə də, bu iş 1993-cü ildən dayandırılıb:
“İndi nazirlik tərəfindən hər hansı yaşayış binası tikilmir. Heç bir işçiyə mənzil vermək mümkün deyil”.

Təhsil Nazirliyinin mətbuat xidmətində bu qurumun evsiz əməkdaşları üçün yaşayış binasının tilikməsi barədə məlumat olmayıb.

Digər nazirliklərdən də ümidverici xəbər verilmədi...

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü