Modern.az

“Eurovison 2012”yə baxmağa gələn əcnəbiləri necə təəccübləndirmək olar? – Jurnalistlərin cavabı

“Eurovison 2012”yə baxmağa gələn əcnəbiləri necə təəccübləndirmək olar? – Jurnalistlərin cavabı

21 May 2012, 18:13


“Eurovison 2012” Mahnı Müsabiqəsi ərəfəsində ölkəmizə 42 ölkənin nümayəndələri, jurnalistlər gəlib. Onlara Azərbaycan həqiqətlərini çatdırmaq baxımından jurnalistlərin də öhdəsinə müəyyən iş düşür. “Bakı Kristal Zalı”ndakı Mətbuat Mərkəzində xarici jurnalistlərlə ünsiyyətdə olan Azərbaycanın mətbuat işçiləri bu istiqamtdə nəsə edə bilərlər.
Ölkəmizə gələn əcnəbi jurnalistləri, eləcə də turistləri necə heyrətləndirmək olar? Bu mövzu ətrafında Modern.az bəzi KİV nümayəndələrinin fikirlərini öyrənib.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, kimsəni heyrətləndirməyə cəhd göstərmək lazım deyil.
“Elə özümüz kimi, olduğumuz kimi görünsək, hamı heyrətlənəcək”. Artıq tədbirlər planının ictimaiyyətə təqdim olunduğunu bildirən jurnalist “Azərbaycan mədəniyyətinin təqdim olunması, tanıdılması üçün bütün mümkün imkanlardan istifadə olunacaq” deyə qeyd edib.

E.Mirzəbəyli deyib ki, Azərbaycana gələn hər bir turistin, təmsilçinin öz dünyagörüşü var. “Birini musiqi, digərini rəsm, bir başqasını heykəltəraşlıq, yaxud memarlıq maraqlandırır. Buna görə də insanlara sadəcə istədiyi istiqamətlə tanış olmaq imkanı yaratmaq lazımdı. O zaman hər kəz öz zövqünə uyğun nə isə tapacaq və özü üçün tamamilə fərqli Azərbaycan kəşf edəcək”.

Müstəqil jurnalist Elnur Eltürk bildirib ki, hər şeydən öncə turistlərə öz qonaqpərvərliyimizi və mədəniyyətimizi göstərməliyik.
“Elə etməliyik ki, onlar öz ölkələrinə qayıdanda xoş təəssüratlarını bölüşsünlər. Bu ölkəmizin tanınmasına böyük təsir edə bilər”. Jurnalistin sözlərinə görə, qonaqları tarixi diyarlarımızla tanış etməliyik, çünki əcnəbilər belə yerlərə baxmaqda maraqlıdırlar.
“Qobustan muzeyindən tutmuş müxtəlif muzeylərə qədər onları tanış etməliyik və ölkəmiz haqqında təəssüratları artsın. Onlar görməlidirlər ki, ön Asiyanın ən qədim sakinləri Azərbaycanda yaşayıblar. Bu onlar üçün çox maraqlı olacaq. Çünki, bu haqda Avropada məlumat demək olar ki, zəifdir. Biz bu addımı atmaqla, ermənilərin ölkəmiz haqqında formalaşdırdıqları yalançı mifi dağıda bilərik” deyə E.Eltürk vurğulayıb.

Jurnalist təkliflə də çıxış edib. O, qeyd edib ki,  mədəniyyətimizin tərkib hissəsi olan muğam və aşıq musiqisini, xalq oyunlarını açıq havada təşkil etmək olar.

“Qafqazinfo”nun əməkdaşı Nigar Məmmədli isə qeyd edib ki, Azərbaycan mətbəxini əcnəbi qonaqlara tanıda bilərik. Onun sözlərinə görə, Azərbaycanın gəzməli yerlərinə avtobus turları təşkil etməklə ölkəmizi çox gözəl tanıda bilərik.

“Üç Nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, bacarsaq, Ermənistanın Azərbaycana qarşı tarix boyu törətdiyi əməlləri, vəhşilikləri göstərə bilsək, onları çox təəcübləndirə bilərik.

Jurnalist “əlimizdə elə faktlar var ki, xarici jurnalistlər bunu görsə, əlbəttə təəcüblənərlər, amma  bunları yazıb dünyaya çatıdırarlar, ya yox bunu deyə bilmərəm” deyə qeyd edib. E. Muradlının sözlərinə görə, onun üçün təəccüblü şey ancaq budur. “Onların qarşısında rəqs edəsi deyilik ki” o, deyə əlavə edib.

“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılovun fikrincə, əcnəbi qonaqları ancaq ölkəmizin zəngin mədəniyyəti, tarixi, adət-ənənələri, sənətkarlıq nümunələri və ən nəhayət füsunkar təbiətə malik ərazilərə heyrətləndirmək olar.
“Düzdür son illərin quruculuq nişanəsi sayılan 4-5 ulduzlu otellər, müasir tikililər də diqqət çəkicidir. Amma əcnəbiləri, xüsusən də inkişaf etmiş ölkələrdən gələn turistləri bunlarla təəccübləndirmək olmaz. Çünki bu yeniliklər, necə deyərlər Avropadan, Qərbdən bizə gəlmədir” deyə əlavə edib.

“Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı hesab edir ki,  Azərbaycanda heç bir vətəndaş və qrup tədbirlə bağlı ölkəmizə gələn əcnəbiləri, o cümlədən də jurnalistləri heyrətləndirməyi qarşısına məqsəd qoymamalıdır. Qonaqları rahat buraxmaq, onları öz problemlərimizlə yükləməmək lazımdır. 
“Onlar onsuz da Azərbaycan otellərinin qiymətinə, restoran xidmətinin biabırçılığına, ictimai nəqliyyatdakı çirkli sürücülərə heyrətlənəcəklər” deyə jurnalist vurğulayıb.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü