Modern.az

“Əgər mən baş rejissor təyin olunsam...” - Bəhram Osmanov

“Əgər mən baş rejissor təyin olunsam...” - Bəhram Osmanov

Mədəni̇yyət

6 Avqust 2012, 11:56

“Rəsmi əmri görmədən bu haqda danışmaq istəmirəm”

Mədəniyyət və Turizm Nazirliyi bir sıra şəxsləri pensiya yaşı çatması ilə əlaqədar tutduğu vəzifələrdən azad edib. Kadr dəyişiklikləri Gənc Tamaşaçılar Teatrından da yan keçməyib. Keçmiş baş rejissor Cənnət Səlimova istefaya göndərilib. Onun yerini rejissor Bəhram Osmanovun tutacağı söylənilir. Bəli, məhz söylənilir. Çünki...

– Baş rejissor təyinatım barədə əmr rəsmi olaraq mənə verilməyib. Bu barədə yalnız söhbətlər var. Rəsmi əmri görmədən bu haqda danışmaq istəmirəm.

– Gəlin hələlik nəzəri olaraq danışaq. Tutalım, bu xəbər həqiqətdir. Sizin üçün Gənc Tamaşaçılar teatrına baş rejissor təyin olunmaq gözlənilməz olardımı?

– Bəli, mənim üçün bu teatra baş rejissor təyin olunmaq gözlənilməz olardı. Bunu təsəvvür belə etməzdim. Xəbər doğrudursa, bu, mənə qarşı olan çox böyük inamdır. Çünki 1991-ci ildən bu günə qədər Gənc Tamaşaçılar Teatrında  fasilələrlə işləmişəm və onlarla çox sıx əlaqələrim olub. Hətta bu  teatrda 6 tamaşaya quruluş vermişəm. Halbuki gəncliyim Milli Dram Teatrında keçib. Gənc Tamaşaçılar Teatrında isə ştatlı kimi yox, dəvətli rejissor kimi çalışıram. İki il bundan əvvəl Azərbaycan Dövlət Dram Teatrından ayrılmışam və burda dəvətli rejissor olaraq işləyirəm. Mənim həyatımda, yaradıcılığımda təsadüflər çoxdur. Milli Dram Teatrının rejissoru işləməyim də bu təsadüflərin biridir. Mən hərbi xidmətdə olarkən, hətta sovet vaxtı Mərkəzi Komitədə ideoloji şöbənin müdiri barəmdə xoş yazılar yazıb. O yazılar mənə yoldaşlarım tərəfindən göndərilmişdi.  Hərbi xidmətdən qayıtdıqdan sonra Milli Dram Teatrının mərhum direktoru Həsənağa Turabov köməklik etsə də, dəstəkçilərimdən ən böyüyü əvvəllər teatrda sərəncamçı direktor işləyən mədəniyyət nazirinin müavini Ədalət Vəliyev olub. Yəni bütün bu məsələlərin həyata keçməsi onun iştirakı ilə bilavasitə bağlı idi. O sadəcə olaraq, mənim imzamı eşitmişdi və hətta məni tanımaya-tanımaya bütün bu məsələləri öz yoluna qoymuşdu. Mən inanmazdım ki, mənim “Şüşə heyvanxana” pyesi əsasında hazırladığım tamaşa o dövrün Azərbaycan teatrında belə səs-küyə səbəb olacaq. Bir çox teatrlar bu tamaşaya əfsanə kimi baxır, eyni zamanda teatra mütəmadi gedən insanlar bu tamaşanı əfsanə kimi xatırlayır.

Gənc Tamaşaçılar Teatrı ilə işbirliyiniz haqqında nələri deyə bilərsiniz?

– Mən bundan sonraki fəaliyyətimi həmin teatrda davam elətdirmək fikrindəyəm. “Mən qadınam” əsəri, eyni zamanda Sumqayıt Dövlət Dram Teatrında Şirməmməd Nəzərlinin “Yusifin qəmi” adlı pyesi hazırlığı başa çatmaq üzrədir. Mənim sağlamlığım və fiziki gücüm buna imkan verir ki, bütün bu işlərimi öz yoluna qoyum.  

– Gənc Tamaşaçılar Teatrı üç ayrı-ayrı teatrın birləşməsidir. Cənnət Səlimovanın baş rejissor olduğu dönəmdə vahid komanda anlayışını bərqərar etmək alınmadı. Siz necə, üç ayrı-ayrı qrupdan vahid komanda düzəldə biləcəksinizmi?

– Mən teatrı, təbii ki, baş rejissor kimi təyin olunacağamsa, yalnız vahid formada görürəm. 3 il müddətində bu teatrda “Viktoriya” pyesini hazırlamışam, eyni zamanda “Hacı Qara” pyesini bərpa etmişəm. Amma o qruplaşmaları görməmişəm, hiss etməmişəm. Gənc Tamaşaçılar Teatrı ən uzunömürlü teatrlardan biridir. Bu teatrın gələn il 85 yaşı tamam olur və bu teatr üçün kifayət qədər çox yaşdır. Teatrda 20 il ərzində özünəməxsus yaradıcılığı ilə məşğul olan insanlar var ki, onların da hər biri teatr yaratmaq arzusunda olub. Bura   Loğman Kərimov, Azərpaşa Nemətov, Ağakişi Kazımov kimi insanların adlarını çəkmək olar.  

– Sizcə, bu qruplaşmaları üz-üzə qoyan nə idi?

– Mən bir şeyi deyə bilərəm, baş rejissordan yalnız işləmək tələb olunur.

– Sizcə, teatrda əvəzolunmaz insanlar varmı?

– Mən deyərdim ki, bizim dövrümüzün öz aktyor kumirləri olub, indiki cavanlarında öz aktyor kumirləri var. Keçmişlə bu günü müqayisə etsək, bunu asanlıqla görə bilərik, yəni bugünkü gənclər o dövrün peşəkarlarını əvəz edə bilməzlər.  

– Cənnət Səlimova müsahibələrinin birində demişdi ki, mənim gedişimlə bu teatr öləcək...

– İnsanlar gəldi-gedərdi, sənət isə həmişə yaşayacaq.

– “Mehdi Məmmədov” məktəbi deyilən bir anlayış vardı. İndi heç bir rejissorun adı ilə bağlı o ifadəni eşitmək olmur

– Mənim təhsil aldığım vaxtlarda Mehdi Məmmədov kafedra müdiri işləyib. O, dünyasını dəyişənə qədər əlaqələrimiz daima olub. Mehdi Məmmədovun pedaqoji fəaliyyəti 45 ildirsə, onun peşəkar teatr fəaliyyəti 17 ildir. Deməli, bu, mif artıq yox edilib. Bir həyat ömrü üçün mənə elə gəlir ki, bu tamaşalar yetərincə kifayət edir. Mehdi Məmmədov Gəncə Dövlət Dram Teatrını yaradıb, 1941-ci ildə Milli Dram Teatrında və Rus Dram Teatrında işləyib. Onun işləri əvəzolunmazdır. M. Məmmədovun hər teatrda bir tamaşası olub, amma o tamaşaların hər biri bütöv bir ensiklopediyadır.

– Başqa “ensiklopediyalar” varmı?

– Tofiq Kazımovun, Ədil İsgəndərovun adını da çəkə bilərəm. Bu gün biz 21-ci əsrdə yaşayırıq. Gənclərimizdə də başqa bir fikir, düşüncə tərzi formalaşıb. 30-40 ci illərdə cavan qız, cavan oğlan rolunu 50 yaşında aktyor, aktrisa oynayırdı və gənclərimizdə bunu qəbul edirdilər. Bu dövr cavanları isə hətta “Romeo və Cülyetta”da öz yaşında olan aktyor və aktrisaların təqdimatında görmək istəyirlər.

– Teatrların əksərində baş rejissor-direktor qarşıdurması yaşanır. Baş rejissor kimi təsdiqlənsəniz...

– Mübariz Həmidov da, İsrafil İsrafilov da yetərincə tanınan direktorlardır və onlar teatrın inkişafı üçün əllərindən gələni edirlər.  

– Deyək ki, əmriniz verildi. Nədən başlayacaqsınız?

– İşlərim çoxdur. Yanvar ayında türk dramaturqu Toyqun Olmanın “21-15 nömrəli qatar” pyesi  üzərində işləyəcəm və bu pyes təkcə teatrın deyil, eyni zamanda mənim düşüncələrimlə də bağlıdır. Gənc Tamaşaçılar Teatrında hazırlayacağım tamaşalar teatr üçün çox əhəmiyyətli olduğu qədər, onun inkişafına böyük təkan verə bilər. Bura eyni zamanda rus, Azərbaycan rejissorları da dəvət edilib. Bəzi insanlar düşünürlər ki, mütləq teatr yaş kateqoriyalarına cavab verməlidir, amma mənim nəzərimdə bu belə olmamalıdır. Bu da bir ənənədir, bu ənənəni birdən-birə pozmaq mümkün deyil. Müəyyən vaxt keçdikcə bu məsələlərdə öz həllini tapacaq.

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü