Modern.az

Ümid qaynaqlı şeirlər

Ümid qaynaqlı şeirlər

Mədəni̇yyət

11 Avqust 2012, 13:42

(Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabı haqqında)

Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabı onun insana, xalqa inamının ifadəsidir. İnsan ruhən özüylə birdir, əgər bir olmasa, yaşaya bilməz. İnsan ruhən təbiətlə birdir, Vətənlə birdir, bəşərlə birdir.
Kitabda insanın Vətənlə vəhdəti, özünəinamdan yaranan inadlı döyüşkənliyi var:

Yaddaşından silinib
Düşməninə nifrətin.
Bir özünü ram eylə,
Bir görünsün qüdrətin.
Qoy kənara rəhmini
Vur yağını, vur, Vətən!
Qalx haqqın savaşına,
Qalx, ayağa dur, Vətən!

Yadlığın çeşidləri çoxdur. Yadlığın qaynağı isə özündən – milli kimliyindən, beləliklə də torpağından, Vətənindən ayrılmış kəslərdir. Elçin Mirzəbəylinin şeirləri yadlıqların, özgəliklərin içimizdə oturuşmasına, davamlığına qarşıdır:

Gün çıxıb:
Sən hələ yuxulardasan,
Ömrü yuxularda talan məmləkət.
Dünyanın küncündə solan məmləkət,
Salam, məmləkət!

İnsan özünün müqəddəsliyini anladığı dərəcədə Vətənin, torpağın da dəyərini bilir. İnsan anlayır ki, torpaq sadəcə, torpaq deyil, müqəddəsləşən məkandır.

Elçin Mirzəbəylinin şeirlərində ümid var – qaranlıqları yaran:

Yarıb neçə-neçə qaranlıqları –
Ruhundan yol alan bir gündüzü var.
Fəth edib əlçatmaz ucalıqları!
Hər yerdə,
Hər yerdə Türkün sözü var.

Buradakı Türk obrazı təsadüfi olmayıb, insaniliyin, bəşəriliyin rəmzinə çevrilmək haqqı qazanır — özünün insansevərliyi, bəşərsevərliyi ilə.
Türk İnsançılığı gərəkdir dünyaya — birsifətliyi, mərdliyi, halallığı ilə…
Azadlıq-qaçılmaz insani ehtiyacdır. Fərd xalq mahiyyətinə çatırsa-azaddır.
Yalnız azad olan var olandır. Azadlıq insanın öz inamına, idrakına, mənəviyyatına, iradəsinə yetməsidir. Özünün insani imkanlarını aşkarlayan – xalqına da layiq olur, onu var edir:

Azad gəzə bilərmi,
Qul olan torpağında?

Elçin Mirzəbəylinin hələ ki, bitməyən — parçalanmış, paralanmış Azərbaycan dərdi var. Bu dərdin ifadəsi onun şeirlərində, publisistik yazılarında davamlıdır, ağlamağa, məzlumluğa, zarımağa qarşıdır:

Mən ki, səni bütöv sevdim,
Təbrizimdən Bakıyadək,
… Xəzərinə «göz yaşlarım»,
Arazına «qanım» dedim.

İnam odur ki, o, heç vaxt qırılmır, sarsılmır. Elçin Mirzəbəyli fitrətindən güc alır. Millətə sevgi insanı daxilən böyüdür, yenilməz edir. İnsan Vətəninə sonsuz sevgisini amala çevirir:

Dilimin adı da yalnız Türkdür, Türk!
Amalım Dünyanın özündən böyük!

Vətənə tapınmaqdan böyük səadət yoxdur. Əslində Vətən – İnsanın özüdür.
Elçin Mirzəbəylinin şeirlərində Türklüyün vəsfi canlıdır, yaşarıdır.

Söz-əməl birliyinə ardıcıl yetməyimiz gərək. Bu mənada onun «Türklük şeirlərdədir» qayğısını anlamaq çətin deyil. Bəli, əgər bundan sonra da sözdən o yana gedə bilməsək, ruhda, əməldə bütöv var ola bilməyəcəyik.
Elçin Mirzəbəylinin şeirlərində ümid gördüm, nikbinlik gördüm. Ümid — çağımızda ən qıt olandır. Balaca ümidlərlə isə yetərlənə bilmərik. Yalnız böyük ümidlə var ola bilərik. İnsanilik Ümidi — bizi yaradar, var edər. Bu şeirlərdə onun özüylə üz-üzə qalması, özündən umduğu dərəcədə də başqalarından umması var.
Özünü görən, tanıyan Tanrını da içində görür, bununla da ona yiyə durur əslində:

Səninlə elçisiz, vəkilsiz danışan,
Məbədsiz, kitabsız danışan,
Ruhunun zərrəsi ruhundan yaranan,
… Sənin tənha olmaq qorxundan yaranan,
Türkəm, həmin türkəm, dəyişməmişəm.

İnsandan qıraqda ilahilik yoxdur. Şeirlərindən hiss olunur ki, gəncliyindən bəri Elçin Mirzəbəyli özünü aşkarladıqca, özüylə doğmalaşdıqca ilahiliyə də doğmalaşıb, türk sevgisindən Tanrı obrazına daha da ərkli olub. Bu sevgi ona yenilməz milli ruh sorağı, təsdiqi gətirir, minillərin o tayındakı əcdadlarımızla ruhən bağlayır:

Nə cənnət bilirəm, nə də cəhənnəm,
Mənə bir sən vardın,
Bir içim vardı.

Mənalı düşüncə tərzi mənalı özünüifadə tərzi yaradır, mənalı gerçək yaşamda insani duyğular təsdiq olunur, şeiriyyətə davamlı sevgini təsdiq edir.

Bu gün Azərbaycan poeziyasında özgə ruhlu, özgə nəfəsli şeirlər hədsiz artıb. Əslində belə nümunələr artıq milli poeziya nümunələri sayıla bilməz: hər cür antiinsani cəhətləri gerçəkdən «fəxarətlə» şeirə, nəsrə, publisistikaya gətirib örnəkləşmək iddiasında olmaq — bugünün balaca zövqündə ilişib qalmaqdır.
Belələri var olmurlar.
Elçin Mirzəbəylinin sevgi şeirlərində də davamlı ciddiyyət var:

Dəyməz bu dünyanın ən uca eşqi
Sevdamın bir qırıq daşına, dəyməz.

İnsan müqəddəsliyini gözdən salanlarla döyüşmək lazımdır.
Yurd müqəddəsliyini gözdən salanlarla döyüşmək lazımdır – ardıcıl, aramsız, qəti.

Bugünü sabahlaşdırmaq gərəkdir. Cismən bu gündə mövcud olub Sabahda yaşamaq, yüzillərdir haqqında danışılan, insanlı, yetkin xalqlı idealı mücərrədlikdən çıxarıb gerçəkliyə gətirmək eşqiylə yaşamaq — xoşbəxtlikdir.

Sabah — fərddən başlayır.
Ümidin təməli inamdır. İnanırsan ki, umursan, inanırsan ki, mübarizə aparırsan, inandığın dərəcədə yaradırsan ağlında Vətənini, ona tükənməz sevgini. Vətən — yetkin fərdlərdən başlayır, onlarda da təsdiq olunur.
Vətənsiz — İnsan yoxdur. İnsansız — Vətən yoxdur.

Elçin Mirzəbəyli səmimiyyətlə özünü, Vətəndəkiləri qınamağı, ummağı bacarır. Ummaq və istədiyin milli, insani tələbə doğru yol getmək. Dayanmamaq, sarsılmamaq, qırılmamaq…

«Poz bu sükutu» kitabında bütöv ruhlu, bütöv tarixli, bütöv mədəniyyətli insan, Vətən həsrəti yaşayır – duyğu-əməl birliyində yaşanmalı, gerçəkləşdirilməli.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü