Modern.az

Ulduz falı: həqiqət, manipulyasiya, yaxud zombiləşdirmə... - MARAQLI

Ulduz falı: həqiqət, manipulyasiya, yaxud zombiləşdirmə... - MARAQLI

Mədəni̇yyət

14 Avqust 2012, 11:22

KİV, münəccim və psixoloq rəyləri

Bəzi insanlar həyatlarını ulduz falının üzərində qurub. Bu, müasir dövrdə danılmaz həqiqətdir. “Ulduz xəstələri” gün başlayan kimi internetdən, yaxud qəzetlərin sonuncu  səhifəsini oxumaqla, öz bürcləri haqqında informasiya əldə edirlər. Bürclərlə bağlı televiziyada məlumat gedərkən onu izləmədən evdən çıxmırlar. Beləliklə, əldə etdikləri informasiyanın tələsinə düşərək günün gedişatını bürcün xəbərlərinə uyğun olaraq qururlar.

“Qonaq getmək olmaz... Yeni sevgili tapmaq lazımdır... Maliyyə durumunuz pisləşəcək... Sağlamlığınızda problemlər olacaq” və s. istər müsbət, istərsə də neqativ informasiyanın gün boyu təsir dairəsində qalıb, özünə qapanmış bir qrup insan düşünək. Onlar insan kimi nələrdən məhrum oldular: mən deyim, ilk olaraq azad iradə və azad düşüncədən. Qul təsiri bağışlayan bu insanlar neytrallaşaraq təsirsiz vasitəyə çevrilirlər ki, onlar idarə olunan şüursuz zombidən başqa bir şeyə bənzəmirlər. 

Maraqlıdır ki, ulduz fallarını tərtib edənlər şəxslər bürclər haqqında proqnozları verdikdən sonra öz şüarların səsləndirirlər: “Unutmayın ki, aydan da ulduzdan da üstün Tanrıdır”. Son cümlə adamı istər-istəməz qıcıqlandırır. Əgər taleyi Tanrı müəyyən edirsə, ulduzlar nə iş sahibidir?

Modern.az yerli qəzet və saytlarda bürclər haqqında fərqli proqnoz və məlumatların izinə düşərək bunun səbəbini araşdırıb. Bir neçə qəzetdən və mütəxəssislərdən münasibət öyrənib.

“Azadlıq” qəzetinin əməkdaşı Elşən Şirinov qəzetdə dərc olunan gündəlik ulduz falını Rusiya və Türkiyə saytlarından götürüldüyünü və əcnəbi saytlarda ulduz fallarının düzlüyünə ümid etdiklərini bildirib. “Azərbaycanda bu işlə kimlərin məşğul olduğunu və nə dərəcədə düzgün proqnoz verdiklərini deyə bilmərəm, lakin istinad etdiyimiz mənbələrə inanırıq. Təcrübə də əcnəbi saytlarda verilən ulduz fallarının həqiqətə yaxınlığını təsdiqləyir. Azərbaycanda ulduz falına nə dərəcədə ehtiyac varmı? Var. 40 qəpik verib qəzet alan oxucu həm ulduz falına baxmaq, həm idman, həm siyasi, həm də mədəniyyət xəbərlərini oxumaq istəyir. Biz də oxucunun bu tələbatını qarşılamağa çalışırıq. Bu gün Azərbaycan cəmiyyətində əksəriyyət qəzeti alan kimi ilk növbədə ulduz falına baxır. Bu günə kimi bürclərlə bağlı problemimiz olmayıb, məlumatlar reallığı əks etdirib. Ən azından oxucularımızın bürclərlə bağlı narazılığı olmayıb”.

“Kaspi” qəzetinin redaktoru İlham Quliyev isə Azərbaycanda bu sahədə peşəkar qıtlığının yaşandığını dedi. “Biz ulduz falını bu sahə üzrə ixtisaslaşmış bir saytdan əldə edirik. Neçə illərdir biz bu təcrübədən yararlanırıq. Arada ulduz falının dərcini dayandırdıq. Lakin bu oxucularımızın sayına və narazılığına səbəb oldu. Ulduz falını bərpa etməyə məcbur olduq. Astroloqların xətrinə dəyməsin, amma bizdə bu sahə ilə peşəkar səviyyədə məşğul olanlar yoxdur. Bu səbəbdən yerli mütəxəssislərdən kimə müraciət edəcəyimizə tərəddüd edirik. Daha çox rus mənbələrindən istifadə edirik. Oxucularımız da bizdə dərc olunan ulduz fallarının reallığa yaxın olduğundan razıdırlar. Biz də onların fikirlərinə hörmət edərək eyni mənbədən istifadə edirik”.

“Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyev həmkarından fərqli olaraq, insanların gələcəkdə ümumiyyətlə, ulduz falından imtina edəcəklərini bildirdi. ”Əsasən Rusiya və Türkiyə saytlarından yararlanırıq. Biz bir dəfə cəhd etdik ki, yerli astroloqlardan biri ilə müqavilə bağlayaq, lakin sonradan razılığa gələ bilmədiyimiz məqamlar oldu və bu əməkdaşlıq baş tutmadı. Mənə elə gəlir ki yaxın gələcəkdə çox güman ki, cari ilin axırına kimi ulduz falı yığışdırılacaq. İnsanlar daha ona maraq göstərmirlər. Artıq qəzetlərin əksəriyyətində ulduz yer ayrılmır”.

İndiki söz ulduz fallarından düşüb, münəccimlərin də fikirlərini dinləməyə ehtiyac var. KİV oxucuları və redaksiya əməkdaşlarının yerli mütəxəssislərdən şikayətini onlar necə qəbul edir?

Münəccim Firudin Qurbansoy Bakının havasının ulduzlara baxmağa imkan vermədiyindən şikayətləndi: “Səyyarələrarası qanunauyğunluqları, onların yerdəyişməsini biləndən sonra nəticə çıxarmaq, mövcud rəmzi mənaları sözlə ifadə etmək mümkündür. Məsələn, fərz edək ki, hər hansısa səyyarə hər hansısa bir bürcün içindədir. Merkuri Əkizlər bürcündədir. Bu insanlara heç nə ifadə eləmir. Lakin münəccim deyə bilər ki, Əkizlər bürcündə maliyyə problemləri yoxdur, işlər qaydasında gedir. Həmçinin digər iki hava ünsürü, yəni Tərəzi və Dolça bürclərində də eyni durumdadır. Bunun şərhi münəccimin boynuna düşür. Əslində ulduz falı fərdi xarakter daşıyır. Çünki eyni bürc altında doğulan insanlar fərqli məkan və tarixlərdə, hətta fərqli saatlarda doğulur. Bu anlamda hər kəsin fərdi ulduz falının olması daha məqbul sayılardı. Lakin biri də var ümumi fal. Burada biz səyyarələrin yerdəyişməsini əsas götürərək öz sözümüzü deyirik. Fərdi olaraq müşahidə aparmaq üçün şəraitimiz olmadığından biz astroloqların tərtib etdikləri cədvəllərə əsasən hesablamalar apararaq ulduz falını tərtib edirik. Bakı şəraitində ulduzlara baxmırıq. Çünki hava çox çirklidir, ikincisi də Bakıda hava ilin çox hissəsi buludlu, ya da yarım buludlu olur. Bu da müşahidə üçün o qədər də əlverişli deyil”.

Tanınmış münəccim onu da vurğulamağı unutmadı ki, dırnaqarası münəccimlər yazdıqları sayıqlamalarla bu işə kölgə salırlar. “İnsanların savadlı astroloq və münəccimlərin yazılarına, öncəgörmələrinə inanmasında və onları izləməsində pis heç nə yoxdur. Lakin bəziləri sayaqlamalar yazaraq insanları aldadır. Bu yolverilməzdir. Ulduz falının KİV-də olması məsləhətdir. Lakin əksər qəzet redaktorları bunun üçün əlavə vəsait ayırmamaq üçün onu internetdən götürürlər. Halbuki ulduz falı birbaşa riyazi hesablamalar üzərində tərtib olunduğundan məkandan çox asılıdır. Burada məkan rəqəm, ölçü fərqi deməkdir. Ona görə də Rusiyada tərtib olunan ulduz falını Azərbaycana şamil etmək olmaz. Hətta Rusiyanın ərazisinin böyüklüyündən irəli gələrək 12 cür ulduz falı hazırlamaq olar. Bizdə KİV-in təqdim etdiyi variantlar fərqli sayt və ölkələrdən götürüldüyü üçün üst-üstə düşmür, kəskin fərqlər ortaya çıxır. Yaxşı olar ki, Azərbaycanda bununla bağlı bir mərkəz yaradılsın və münasib bir şəxsin tabeliyinə verilsin. Azərbaycan KİV-i də bu mərkəzin məlumatlarını yayaraq sadalanan neqativ halları da aradan qaldırmış olar”.

Psixoloq Elnur Rüstəmov ulduz falını dünyagörüşü zəif olan insanlar üçün zombi maşını hesab edir: “O bizim təhtəlşüurumuzda ta qədimdən kök salıb. Qədimdə şamanlar, rəmmallar var idi. şahların yanında münəccimlər. Bu gün isə ulduz falı, bürclər və s. nə ad veririksə verək, bu işin sivil formasıdır. Psixologiyada belə bir istiqamət var NLP (Nero Lingvistik Proqramlianma). Yəni insanın duyğu və hissləri vasitəsi ilə insani proqramlaşdırmaq deməkdir. Əslində ulduz fallarında da eynilə bu proses baş verir. Məsələn, “İks” bürc haqqında deyilir ki, “Bu gün sizin üçün uğurlu gün olacaq. Hansı işə əl qoysanız, baş tutacaq”. Və bu təsirə düşən şəxs bütün günü bu hala köklənir və nəticə deyilən proqnoza uyğun olur. Və yaxud da əksinə”.

E. Rüstəmov “qoroskop” asılılığının fəsadları böyük ola bilər. “Ümumiyyətlə, bu gün elə insanlar var ki, gündəlik həyat tərzini ulduz falı üzərində quraraq onun müstəvisində hərəkət edirlər. Bunu qorxulu tərəfi nədən ibarətdir? Fikir versəniz, görəcəksiniz ki, bəzən ulduz fallarında konkret yönəltmələr olur. Məsələn, sabah “İqrek” bürcü altında olan insanlar heç bir işlə məşğul olmasınlar”. Bunu necə qiymətləndirmək olar. Bunun məsuliyyətini kim daşıyır? Necə yəni heç bir işlə məşğul olmayın? Bunun sosial məsuliyyəti dərk edilməlidir? Ulduz falının təsirinə düşmə daha çox rayonlarda bir tendensiya xarakteri daşıyır. İnsanlar var ki, səhər tezdən televiziyadan ulduz falını izləməmiş evdən çıxmır. Bu insanın özünü, düşüncəsini proqramlaşdırmaqdan başqa bir şey deyil.

Ola bilsin ki, bunun elmi tərəflərini izah etsinlər. Amma təqdim olunan tərəf publikaya hesablanmış tərəfdir. Burada ehtiyatlı olmaq lazımdır ki, insanlar həyatlarını sırf bunun üzərində quraraq zombiyə çevrilməsinlər. Çünki bunun fəsadları böyük ola bilər. İnsanlar maarifləndikcə bundan uzaqlaşacaqlar analitik düşüncə tərzi olan cəmiyyət özü bundan imtina etməlidir. Qəzet, internet səhifəsində yer alan proqnoz kiminsə sayaqlaması və ya ötən illərin yazısı da ola bilər, istənilən halda təsirə düşən şəxs özünü ona kökləyib proqnoza uyğun nəticə əldə edəcək” .

Elçin Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü