Modern.az

Rayonlar haqqındakı mahnılar - “Bərdə” mahnısı necə yarandı?

Rayonlar haqqındakı mahnılar - “Bərdə” mahnısı necə yarandı?

Mədəni̇yyət

24 Avqust 2012, 11:43

Modern.az bölgələrlə bağlı olan mahnıların yaranması prosesini araşdırmaqda davam edir. Bu dəfə söhbət “Bərdə” mahnısının necə yaranmasından gedəcək.

Dirijor-bəstəkar Çingiz Ağayev “Bərdə” mahnısının necə ərsəyə gəlməsindən söhbət açdı:  

“Bərdə mənim doğma şəhərimdir. Mənim bu yerlərə və bu torpaqda yaşayan hər bir insanına böyük hörmətim var. Bərdə gözəl şəhər olmaqla yanaşı, həm də onun adına çoxlu musiqilər də bəstələnib. Mən bu yerin gözəlliklərini vəsf etmək naminə Bərdə haqqında “Gözəl Bərdə” adlı bir mahnı da yazmışam. Amma, bu mahnı çox uzun illər arxivdə qalıb desəm yanılmaram. Hətta bu mahnını yazdığım tarixi belə xatırlamıram. Sovet dövründə bu cür mahnıların geniş şəkildə işıqlandırılmasına belə icazə verilmirdi. Hər hansı nailiyyət, yazılan şerlər, bəstələnən musiqilər başqaları tərəfindən narahatçılığa səbəb olurdu və qarşılanma tərzi də bir başqa cür idi. Ona görə də, sakitcə məktəb tədbirlərində, hərbi hissələrdə ifa edilirdi. Daha sonralar mən bu mahnının üzərində yenidən işləməyə başladım. Amma hansısa müğənniyə bu mahnını ifa etmək üçün təqdim etməmişəm. Bəlkə də təvazökar insan olduğuma görə bu mahnını heç bir ifaçıya oxumağa verməmişəm. Əslində, Bərdə haqqında yazdığım bu mahnını məktəbimizin şagirdləri oxuyublar. Daha sonralar, “Ağ çiçəyim” ansamblının ifasında bu mahnı səsləndirilib. Bu mahnını solo ifada yalnız Pərvaz İbrahimli oxuyub. O, bu mahnını çox kiçik yaşlarından ifa edib. Hətta Pərvaz səkkiz yaşında olan zaman mərhum Heydər Əliyev Bərdəyə kompleksin açılışına gələndə o, bu mahnını ifa etmişdi. Bərdə camaatı da onu çox gözəl qarşılamışdı. Mən Bərdənin gözəlliklərini əks etdirən və hər kəs tərəfindən sevgiylə qarşılanan belə bir mahnı ərsəyə gətirdiyimə görə bugünkü gündə də çox sevinirəm”.  

Muğam müsabiqəsinin laureatı Pərvaz İbrahimli “Bərdə” mahnısının ona hətta kiçik yaşlarında gətirdiyi uğurundan danışdı:

“Çingiz Ağayev həm dirijor, həm də bəstəkar kimi böyük hörmət qazanıb. Onun başqa çox gözəl bəstələri var. Amma o, indiyə kimi bu bəstələri işıq üzünə çıxartmayıb. Bəlkə də mən Bərdə haqqında bu mahnını ifa etməsəydim, o, heç vaxt başqa müğənniyə onu oxuması üçün təqdim etməzdi. Bu mahnı bəstələnəndən sonra, məktəbimizin şagirdləri tərəfindən səsləndirilib. Amma solo ifada bu mahnını yalnız mən oxumuşam. Elə bu gözəl bəstəni Bərdə camaatına sevdirən də, onu hər kəs tərəfindən rəğbətlə qarşılanmasına səbəb də mən olmuşam. Çünki bu mahnını mən lap kiçik yaşlarımdan oxumuşam. Bu mahnını ilk dəfə ifa edəndə mənim hardasa dörd yaşım olardı. Hətta bu video çəkilişləri mən indiyə kimi də saxlayıram. Rayon tədbirlərində, hərbi hissələrdə bu mahnını ifa edirdim. Bir dəfə hərbi hissədə hərbçilər qarşısında bu mahnını ifa edəndə, boyum çatmadığına görə stolun üstünə belə çıxmışdım. Bərdəni gözəlliklərini vəsf edən bu mahnını ifa etmək mənim üçün böyük bir şərəfdir. Mənim ifamda “Gözəl Bərdə” mahnısı hər kəs tərəfindən çox bəyənildi və hətta bütün tədbirlərdə məndən onu ifa etməyimi də istəyirdilər. Bərdə camaatının çox böyük sevgi ilə dinlədiyi bu mahnı mənə hələ balaca yaşlarımdan uğur gətirib”.

Pərvin Arzuqızı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü