Modern.az

Əbdül Mahmudov İsgəndər Həmidovla Rasim Balayevin davasından danışdı: "Doğrudan da dava düşmüşdü"

Əbdül Mahmudov İsgəndər Həmidovla Rasim Balayevin davasından danışdı: "Doğrudan da dava düşmüşdü"

Mədəni̇yyət

19 Fevral 2013, 16:18

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun kino çəkilişi zamanı xalq artisti Rasim Balayevi guya, döyməsi barədə mübahisəyə kinorejissor Əbdül Mahmudov da qarışdı.
“Firəngiz” filmində düşmüş dava barəsində Modern.az-a açıqlamasında rejissor hadisənin baş verdiyini təsdiqlədi. Ə.Mahmudov filmin Kəlbəcərdə, “İstisu” istirahət zonasında çəkildiyini  bildirdi.

“Bu, 1972-ci ildə olmuş əhvalatdır. O zaman filmin bir hissəsini Kəlbəcərin “İstisi” istirahət zonasında çəkirdik. Orada SSRİ-nin hər bölgəsindən insanlar, o cümlədən cavan qızlar, xüsusən nazənin rus xanımları gəlirdi. Çəkiliş heyətinin üzvləri orada darıxmamaq üçün rəqs gecələri təşkil edirdi. Onda yerli adamlarla texniki heyət arasında qız üstündə dava düşdü. Həmin gün “Gəlin qayası” adlandırılan yerdə axşam çəkilişlərini edirdik, ona görə gec qayıtmışdıq. İsgəndər Həmidov həmin vaxt orada istirahət edirdi və ya vəzifə borcundan irəli gələrək, ya yerli adam, sözü keçən ağsaqqal kimi davanı sakitləşdirmişdi. Biz gələndə artıq İsgəndər Həmidov hər iki tərəfin adamlarını yığaraq barışıq elan edib, qonaqlıq verirdi”.

Ə.Mahmudov davanın elə də böyük olmadığını və kiminsə döyülmədiyini vurğuladı. “Sadəcə çəkiliş heyətindəki işıqçı yerli adamla dalaşmışdı və uşaqlar müdafiəyə qalxmışı, şillə-təpik olmuşdu. Amma böyük dava, qan axıdılması söhbəti olmayıb”.

Qeyd edək ki, “Firəngiz” filmi 1975-ci ildə tamaşaçılara təqdim edilib. Filmin rejissorları Əbdül Mahmudov, Ənvər Əbluc olub. Filmdə Vəfa Fətullayeva, Rasim Balayev, Şahmar Ələkbərov, Əliyev, Sadıq Həsənzadə, Muxtar Maniyev iştirak edib.

Qeyd edək ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov Rasim balayevi döyməsi barədə “Reytinq”  qəzetinə qalmaqallı müsahibə verib. İ.Həmidov bildirib: “Mən Rasim Balayev kimi adamlara başqa prizmadan baxıram. Bu adam "rol"a girib, hələ də çıxa bilmir. Bir dəfə Rasim Balayev əlində toppuz, üzü tük içərisində "Dədə Qorqud" filminin çəkilişindən gəlirdi. Mübahisəmiz düşdü, bir yumruq vurdum, girdi "Qaz-24" avtomobilinin altına, çıxa bilmədi. Saçından tutub avtomobilin altından çıxardım. Toppuzuna da bir təpik vurdum, qalxdı göyə, o vaxtdan bu günə kimi hələ özünə gələ bilmir. Mən onlara həyatın tullantıları kimi baxıram”. 

R.Balayev isə "teleqraf.com"a açıqlamasında İ.Həmidova belə cavab verib: “Onu həyatda cəmi bir dəfə görmüşəm. Məmməd Arazın yas yerində. Balamın canı, onunla üz-üzə belə gəlməmişəm. Guya məni vurub girmişəm “Qaz-24”-ün altına. O mənim qıçım boydadır. Bir dənə qoyaram, yox olar. Hələ indi qocalmışam. O vaxt Babəki, Beyrəyi oynayan vaxtlarım idi. Deyir, Rasimi vurdum, düşdü maşının altına, saçından yapışıb çıxardım, əlindəki toppuza da bir təpik vurdum. Mən toppuzla gəzən adamam? Çəkiliş qurtaranda toppuzu da qoyursan bazaya da. Özün ilə aparmırsan axı... 
... İsgəndər Həmidov mənim yarım boydadır. Bir yumuruq qoysam, kifayətdir. O kimdir ki, məni döyüb maşının altına salsın. Gərək, “Qaz-24”-ü qaldırasan ki, mən onun altına girəm. Özü də məni  bir yumuruqla vurub maşının altına salıb. Bu adam yuxu görüb, nədir?".

Aytən Əliyeva
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir