Modern.az

Hacıbala Abutalıbovun mərhum şair Qabilə verdiyi torpağı qanunsuz zəbt ediblər

Hacıbala Abutalıbovun mərhum şair Qabilə verdiyi torpağı qanunsuz zəbt ediblər

Mədəni̇yyət

10 Aprel 2013, 16:16



Azərbaycanın mərhum Xalq şairi Qabil İmamverdiyevin ailəsinə məxsus 12 torpaq sahəsi qanunsuz olaraq zəbt olunub. Bu barədə Modern.az saytına mərhum şairin oğlu Mahir İmamverdiyev məlumat verib. M.İmamverdiyev bildirib ki, 2005-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xüsusi göstərişiylə  şair Qabilə ayrılmış 12 sot torpaq sahəsi geri alınacağı təqdirdə onu 4 yazıçıya bağışlayacaq.

”3 iyun 2005-ci il tarixində atama - Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, Xalq şairi, “Şöhrət” və “İstiqlal” ordenli şair Qabilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xüsusi göstərişiylə, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin sərəncamı ilə 34955 saylı müqaviləyə əsasən, Ləhiş ərazisində 5707 nömrəli, 0,12 hektarlıq bağ sahəsi ayrılıb. Həmin yer xalq artisti Polad Bülbüloğlu və Konstitusiya Məhkəməsinin hakimlərinə verilən torpaqlarla yanaşıdır. Amma bizə verilən torpaq sahəsi qanunsuz olaraq kənar adamlar tərəfindən zəbt olunub. Kim tərəfindən? Soruşmayın. Əgər Qabilin torpağını zəbt edibsə, deməli çox böyük adamdır”-deyə Mahir İmamverdiyev Modern.az-a bildirib.   

O daha sonra Modern.az saytı vasitəsilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anara, AYB-nin 1-ci katibi Fikrət Qocaya, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu və Rəşad Məcidə müraciət edib:

”Üzümü Yazıçılar Birliyinin rəhbərliyinə tuturam. Əlinizdəki rıçaqlardan istifadə edib Qabilə bir vaxtlar mənsub olan torpağı geri alın.
Qabilin yeganə varisi mən – Mahir Qabil oğlu İmamverdiyev sizə bəyan edirəm ki, o torpağı geri alıb 4 nəfər yazıçı - Ədalət Əsgəroğlu, Əkbər Qoşalı, Aydınxan və Qan Turalı arasında (hərəyə 3 sot) bölün.
Əgər torpağı qanunsuz qəsb edən adam adının hallanmasını və torpağın qaytarılmasını istəməsə, biabır olmamaq üçün, onda əvəzində bu dörd yazıçının hərəsinə ikiotaqlı ev bağışlamalıdır.
Əks təqdirdə... jurnalistəm, jurnalistlər də mənim dostumdur”.

Mahir İmamverdiyevin sözlərinə görə, o torpaq ayrılanda atası ilə gedib baxıblar, amma sonralar baş qarışıq olduğundan əraziyə baş çəkməyi unudub.

”O zaman bizim torpaqla üzbəüz ərazidə şair Vaqif Səmədoğlu üçün bağ tikirdilər. Sonra gəldik bağın sənədini götürdük. Ondan sonra ora ayağımız da dəyməyib. Atam xəstələndi. O hayda deyildik. Atam öləndən sonra bildim ki, torpasq sahəsi hələ atamın sağlığında ikən zəbt olunub. Bir dəfə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Haclbala Abutalıbova yaxınlaşdım ki, bəs torpağı zəbt ediblər. Dedi ki, "nardaranlılar belədir də, vaxtında dedim ki, gəlin sizə Novxanıda yer verim. Aton qulaq asmadı". Bununla da söhbət bağlandı. Mən də sonra problemin arxasınca sürünmədim. İnan ki, indi də o ərazidə heç gözüm də qalmayıb. Səmimi deyirəm. Sadəcə bu günlərdə Modern.az-da mərhum şair Ağa Laçınlının ailəsinə məxsusu torpağın başqaları tərəfindən zəbt olunduğu barədə yazını oxuyanda öz problemim yadıma düşdü.
İndi qanunla bizə məxsusu 12 sor ərazi niyə özgələrin əlində qalmalıdır, qoy alıb versinlər evi olmayan yazıçılara”-deyə M.İmamverdiyev vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı