Modern.az

Paşa Əlioğlu: “Əlyazmaları Şərqdən Qərbə daşıyan missionerlər idi” - MÜSAHİBƏ

Paşa Əlioğlu: “Əlyazmaları Şərqdən Qərbə daşıyan missionerlər idi” - MÜSAHİBƏ

Ədəbi̇yyat

22 İyun 2013, 10:24

Modern.az xaricdə saxlanılan əlyazmalar , onların aşkarlanması və ölkəmizə gətirilmə məsələsi ilə bağlı yeni polemikaya başlayıb. Həmin polemikanın məntiqi davamı olaraq AMEA-nın Füzuli adına Əlyazmalar İnsitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə müsahibəni təqdim edirik.

– Azərbaycana aid nadir əlyazmaların bu gün də xarici ölkələrdə saxlanması, bura gətirilməməsi tarixi irsimizə necə təsir edir? 

– İstər Azərbaycan mədəniyyət, istərsə də ədəbiyyat tarixi yalnız bizdə olan materiallarla məhdudlaşmır. Biz bununla elm, ədəbiyyat və mədəniyyət tariximizi yaza bilmərik. Hazırda Əlyazmalar İnstitutunda on iki mindən çox əlyazma qorunub saxlanılır. Amma bunlar təbii ki, kifayət deyil. İndiyə qədər yazılanlar da tək Bakıda yox, bütün dünyada saxlanılan materialların əsasında yazılıb. Hətta Sovet dövründə də biz xaricdə saxlanılan əlyazmalardan istifadə edirdik. Baxmayaraq ki, o vaxt vəziyyət daha çətin idi və ora-bura gediş- gəliş demək olar ki, qadağan olunmuşdu. Amma indi tam sərbəstlikdir və gediş-gəlişlə bağlı qadağalar aradan qalxıb. Belə bir dönəmdə biz tez-tez xarici ölkələrə getmək və tariximizi,  ədəbiyyatımızı daha müfəssəl yazmaq imkanına malikik.

– Mahiyyətində Azərbaycan tarixini, ədəbiyyatını elmini gizlədən bu əlyazmalar bu gün dünya kitabxana, muzeylərində necə dəyərləndirilir?

– Mən sizə tam məsuliyyətimlə deyirəm: dünyada elə bir Şərq əlyazmasının saxlandığı kitabxana yoxdur ki, orda Azərbaycana aid material olmasın. İstər Qərbdən, məsələn, Berlin, Drezden, Paris, Vatikan, London, Dublin, Sarayevo, eləcə də bütün Avropa ölkələrindən , Şərqin bütün elm ocaqlarından, hətta ABŞ- dan belə əlyazmalar almağa başlamışıq. Harda müsəlman-Şərq əlyazmaları kolleksiyası varsa, orda mütləq bizim də abidəmiz var.

Şöbə müdirimiz, professor Azadə Musayeva 3 cildlik ”Xarici ölkələrdə saxlanılan Azərbaycan əlyazmalarının kataloqu Şərq əlyazmaları kataloqu əsasında“ adlı bir kitab tərtib edib. Orda da bir on minə yaxın kitabın adı çəkilir. Amma bu, tarixi irsimizin çox az hissəsini əhatə edir. Bizim dünyadakı əlyazmalarımızın sayını hətta dəqiq demək də olmaz. Mən XVİİ əsr Səfəvilər dövrü Azərbaycan ədəbiyyatı mövzusunda tədqiqat aparmışam. Orada bütün İran, Türkiyə, Almaniya, İngiltərə və digər ölkələrdə saxlanılan əlyazmaların surətindən istifadə etmişəm.

Səfəvilər demişkən, o dövrün şairi Mürtəzqulu xan Zəfərin əsərin əsəri İngiltərənin Kembric Universitetində tapılıb. Necə oldu ki, bir Azərbaycan – Şərq aliminin əsəri uzun əsrlər boyu Kembricdə qalır və məhz, indi tapılır?

– Bunun çox səbəbi var. Əvvəla, o zaman indi alışdığımız anlamda sərhəd yox idi. Hər kim hardan gəlib, harasa gedə bilərdi. İstədiyi işi görə, həmçinin ticarət edə bilərdilər. Şərq ölkələrində indinin indisində əlyazmalar açıq bazarda satılır. Görün o vaxtı bu necə olub?! O vaxtı bütün Şərq bazarlarında Təbrizdə, eləcə də Şimali Azərbaycan bazarlarında xeyli əlyazmalar satılırdı. Əlyazmaları köçürüb satmaqla öz dolanışığını təmin edən adamlar var idi. Bunlar katiblər, xəttatlar və bu əlyazmaları ərsəyə gətirən müxtəlif peşə adamları idi. Deməli, bunun birinci səbəbi əlyazmaların xüsusi ticarət məhsulu olması idi. İkincisi isə, belə cür deyim var: “əlyazmalar böyük paytaxtları çevirir”. O anlamda ki, bir ölkə digər ölkəni istila edərsə, öncə ən dəyərli sərvət kimi onun əlyazmaların ələ keçirməyə çalışır. Ən bahalı, ən keyfiyyətli əlyazmalar saraylarda olardı. İşğal edən ölkə digər bahalı qənimətlə yanaşı, əlyazmaları da özləri ilə aparırdılar. Məsələn, İstanbul, Təbriz, Sankt-Peterburq, Paris, London imperiya paytaxtları  olub. Burda əlyazmalar daha çoxdu. Çünki imperiyalar daha çox işğal edirdilər və əlyazmaları da özləri ilə bu şəhərlərə aparırdılar.

– Amma danılmaz tarixi fakt var: XVI-XVII əsrdə Azərbaycan alimləri, şairləri Hindistana mühacirət edirdilər. Amma Hindistanın özü isə sonradan İngiltərə tərəfindən fəth olundu. Əlyazmalarımızın bu gün Londonda, Oksford və Kembricdə qalmasının səbəbi o deyil ki ?

– Bu da səbəblərdən biridir. Amma ən güclü arqument deyil. Məsələn, “Dədə-Qorqud” dastanı  necə gedib Berlinə çıxa bildi? O vaxtın böyük imperiyası Osmanlıya ingilisin, almanın gəlişi-gedişi adi bir hal idi. Ora həmin ölkələrdən xüsusi missionerlər gəlirdi. Bu missionerlərin əsas işi də məhz , nadir əlyazmaları toplamaq idi. Çünki həmin dönəmdə Qərbdə yeni olaraq oriyentalistika adıyla şərqşünaslıq elmi yaranmışdı. Onların da ilkin işi nadir şərq əlyazmaları toplamaq idi. Düzdür, Hindistan XIX əsrə kimi tam fəth olundu. İngilislər ordan çox şeyi oğurladılar. Nəinki əlyazmalar, hətta Tac-Mahalı da daşıyıb aparmaq istəyirdilər. Bu məlum məsələdir. Amma bu da əsərlərin gedib ora çıxması üçün yeganə vasitə deyildi. İranın özündən də Səfəvilərin, Nadir şahın, Qacarın dövründə də götürə bilərdilər. Bu tamamilə mümkün bir iş idi.

– Bəzi nəhəng kitabxanalarda bizim əlyazmalara münasibət birmənalı deyil. Məsələn , Saltıkov Şedrin kitabxanasında Azərbaycana aid olan əlyazmalar kataloq halına da salınmayıb. Bu fakta münasibətiniz?

– Mən orda işləmişəm, bu kitabxana Şərq ölkələrinə aid kartoteka var idi. Sovet dövründə bu kartotekalar hazırlanmışdı. Onda belə çıxır ki, onlar mükəmməl tərtib olunmayıb. Yəqin onu deyən mütəxəssislər elə bir kitab axtarıb ki, o həmin kartotekada olmayıb.

Oksfordda da çox dəyərli nüsxələr var. Onlar araşdırılsa Azərbaycan fəlsəfə tarixinə çox böyük töhfə verə bilər. Məsələn, Yusif Qarabağini göstərmək olar. Siz bu istiqamətdə araşdırma aparırsız?

– Yusif Qarabaği orta əsrlərdə Səfəvilər  zamanı mühacirət edərək Səmərqənd, Buxara kimi şəhərlərdə yaşayıb. Daha sonra orda Kubrəviyyə təriqətini qəbul edərək onun ən görkəmli nümayəndələrindən biri olub. Orada da dəfn olunub. Onun bəzi əsərləri bizdə tədqiq olunub və dilimizə çevrilib.

Amma cəmi bir cildi tərcümə edilib...

– Bəli, Məsiağa Məhəmmədi onu tərcümə edib. O, hətta özbək ensiklopediyasına düşən bir şəxsdir. Onun adı bilirsiz ki, hətta Bakıxanovun “Gülüstani İrəm” əsərində də var. Adı bizə tam yad olan birisi deyil. Amma Qarabaği bu siyahıda tək də deyil. Bizim başqa alim , şair və mütəfəkkirlərimiz çoxdu. Seyid Yəhya Bakuvinin yubileyi keçirilmək planı var. Amma onun ortada olan, araşdırılan əsəri çox azdır. Biz də bu çatışmazlığı aradan qaldırmağa çalışacayıq. Amma bu işlər xeyli zaman tələb edən məsələlərdi.

Məsələn bu siyahıya başqa kimləri aid edə bilərik?

– Bunlar bir deyil, beş deyil. Saib Təbrizinin əsərlərinin 120 min beyti farscadır. Əsərlərinin çox az bir qismi dilimizə tərcümə edilib. Amma o dünya miqyaslı bir şairdir. 1993-cü ildə YUNESCO onun yubileyini qeyd edib. Ana dilində şeirləri cəmi 18 şeiri var. Filosoflarımızın isə, özü də tanınmış filosoflarımızın əsərləri çox az tədqiq və tərcümə edilib. Məsələn , Bəhmənyarın neçə əsəri tərcümə olunub ? Çox az. Elə bilirsiz ki, Tusinin bütün əsərləri tərcümə olunub ? Xeyr! Onun 200-ə yaxın əsəri var. Sührəverdinin neçə əsəri çap olunub. Əlbəttə ki, çox az.

– Bu filosofların tədqiqində çətinlik nədən ibarətdir?

– Çətin prosesdi. Əlyazma ilə işləmək asan iş deyil. Dili bilməklə məsələ həll olunmur. Mütəxəssis o dövrün fəlsəfi tarixini də bilməlidir. Sözü öz əsl mahiyyətində işlətməyi bacarmalı, onun dərin məna qatlarına mənasında işlənməlidir. Bütün bunlar hamısı isə zaman tələb edən məsələlərdi. 

– Bu sahədə nə kimi işlər görülüb?

– İstər sovet, istərsə də müstəqillik dövründə görülən işlər var. Sadəcə biz bu işlərin genişlənməsini istəyiriksə, buna xüsusi diqqət yetirməli və alimlərin qayğısıana qalmalıdır.Gəncləri də bu işə cəlb etmək lazımdır. Bizim nəsil elədir ki, biz sovet dövründən bu işlə məşğuıuq. Yolumuzdan dönən deyilik. Amma indi gənclərin bu sahəyə gəlməsi üçün şərait yaradılmalıdır.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü