Modern.az

“Fransız məşuqəsi”ylə başlanan, ölümlə bitən dostluq...

“Fransız məşuqəsi”ylə başlanan, ölümlə bitən dostluq...

Ədəbi̇yyat

2 Oktyabr 2013, 18:49

Mahir Qabiloğlu


Az.TV-nin “Xəbərlər” proqramında işləyirdim. Mili Elmlər Akademiyasına çəkilişə tez-tez gedirdim. Zala bitişik bir otaq da vardı. İclas uzun çəkəndə ora keçib, çay içirdik. Divan-kresloda oturub söhbətlər edər, tədbirin bitməsini gözləyirdik. Belə söhbətlərin birində bizə ucaboylu, eynəkli, Azərbaycan dilində bir az çətinliklə danışan (o saat bilinirdi ki, rus dilində təhsil alıb) 35-36 yaşlı bir nəfər də qoşuldu. Adı Rövşən idi. Söhbət əsnasında dedi ki, dünən Fransadan qayıdıb və bu səfərdən çox təsirlənib. Özlüyümdə fikirləşdim ki, insanlara xüsusi münasibətdən danışacaq, iqtisadi inkişafı tərifləyəcək. Necə deyərlər hamıdan eşitdiyimiz şeylər. Amma belə olmadı.

Dedi ki, Parisin küçələrində gəzirdik. Bir də gördük yürüş-mitinq var. Hamısı da qadın və uşaqlar. Əllərində transparantlar, nəsə qışqırıb, tələb edirlər. Tərcüməçidən soruşduq ki, bunlar nə istəyir? Dedi ki, bunlar hamısı məşuqələrdir. Məşuqlarından olan uşaqlarla küçələrə çıxıblar ki, bəs nikahsız ərimiz öləndən sonra bizə də miras çatmalıdır. Biz onlara arvadlarından da yaxşı baxmışıq, qayğıyla yanaşmışıq, dünyaya övlad gətirmişik. İndi nikahımız yoxdursa mirasdan məhrum olmalıyıq? Qanunlara dəyişiklik edilməlidir.

O vaxtlar mitinqlər tez-tez keçirilirdi. Axırda müxalifət üçün “Motodrom”da yer də ayırmışdılar. Rövşən müəllim söhbətini davam etdirərək dedi ki, beynəlxalq konfransdakı çıxışım zamanı Azərbaycandakı siyasi-iqtisadi vəziyyətdən danışdım. “Motodrom” deyilən ərazinin müxalifətin ixtiyarına verildiyini dedi. Cümləmin nöqtəsini qoyduğumu gördüm. Bütün zal ayağa qalxdı və başladı əl çalmağa. Özüm də məəttəl qaldım. Çıxışımı bitirib əyləşdim yerimə. Amma yenə məni fikir götürmüşdü. Axı, mən nə dedim ki, zal ayağa qalxaraq əl çaldı. Özü də Fransada, özü də az tanınan Azərbaycanı təmsil edən bir alimə.

İclas qurtarandan sonra tanıdığım bir nəfərdən soruşdum ki, bunlar axı məni niyə belə alqışladılar? Avropa miqyası üçün bu çox böyük şeydir ki, ““Motodrom” müxalifətin ixtiyarına verilib?”. Dostum cavab verdi ki, xaricdə mitinqlər postsovet məkanındakı kimi deyil. Mitinqə camaatı cəlb etmək üçün müğənnilər çağırırlar, hədiyyələr verirlər, xüsusi tamaşalar göstərirlər. Siz deyəndə ki, “Motodrom” müxalifətin ixtiyarına verilib, onlar bunu öz səviyyələrində qəbul etdilər. Yəni ki, müxalifət liderləri “Motodrom”dakı mitinqə kartinqdə, motosikletdə, idman avtomobillərində gələcəklər. Yəni qeyri-adi bir şey və bununla da camaatın diqqətini mitinqə cəlb edəcəklər. Avropada hələ ki, belə bir şey olmayıb. Ona görə də Azərbaycan iqtidarının “Motodrom”u mitinq üçün ayırmaq addımı qeyri-adi bir şey kimi alqışlandı. Bunlar haradan bilsinlər ki, “Motodrom” sadəcə olaraq meriya tərəfindən  mitinqə ayrılmış quru bir ərazidir.



Rövşən müəllimin danışdıqlarına biz də güldük. Lakin maraqlı həmsöhbət bizi ovsunlamışdı. Fransız məşuqələri ilə başlanan ilk söhbətimiz bununla da başa çatdı. Heç yaxından tanış da ola bilmədik. Sonda biz televiziya işçilərinə minnətdarlığını bildirdi ki, “sağ olun, harada görürsünüz, məni çəkib efirdə göstərirsiniz”.


Sonralar bildim ki, alimdir, adı Rövşən Mustafayevdir. Azərbaycanda ilk dəfə yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktorudur. “Dirçəliş-XXI əsr” və “Vozrojdenie-XXI vek” jurnallarının baş redaktorudur.

Üstündən bir müddət keçmişdi. Yenidən Akademiyada görüşdük. Əlaqə telefonumu istədi. Dedi ki, “artıq mən Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılan İnsan Hüquqları İnstitutunun direktoruyam. Müxtəlif tədbirlər keçirəcəyəm. Sizi də dəvət etmək istəyirəm ki, işıqlandırasınız. Daha doğrusu istəyirəm ki, Mahir, sən gələsən”.

İlk tədbiri Azərbaycanda ombudsman təsisatının yaradılmasıyla bağlı oldu. Demə yeni təsisatla bağlı qanun layihəsini hazırlamaq bu instituta tapşırılıbmış. Gəldim. Akademiya şəhərciyində 2 mərtəbəli, qəzalı bir binaya daxil olduq. 25 kvadrat metrlik bir otaqda Avropa Şurasından gələn bir qonaqla görüş keçirilirdi. Rövşən müəllim söhbətə başladı və birdən orada iştirak edən jurnalistlərə müraciət etdi ki, bəs qonaq üçün maraqlıdır ki, Siz ombudsman təsisatının yaradılmasına necə münasibət bəsləyirsiniz? Rövşən müəllim mənə də söz verdi. Dedim ki, indi də Azərbaycanda ombudsman var. Ombudsman biz jurnalistlərik. Kimi incidirlər həmən qaçırlar üstümüzə. Biz də çəkib veririk efirə, hökumət də lazımi tədbirlər görür. Ombudsman yaradılsaydı, camaat da bilərdi ki, hara, kimə müraciət etsin.

Bu Rövşən müəllimi yaman tutmuşdu. Yeni fikirli insan idi axı. Ondan sonra münasibətlər yaxınlaşdı. Günlərin bir günü xəbər tutdu ki, bəs mən şair Qabilin oğluyam. Ondan sonra münasibətimiz daha da doğmalaşdı. Demə o da tanınmış jurnalist, atamın böyük hörmət bəslədiyi publisist Faiq Mustafayevin oğluymuş. Necə deyərlər atalarımız dost olubsa, biz də qardaş olmalıyıq.

Bundan sonra mən təkcə çəkilişlər etmirdim. Rövşən Mustafayevin alim, direktor, naşir, hətta inşaatçı kimi fəaliyyətinin şahidinə çevrilirdim. Bəli, inşaatçı kimi də. Rövşən müəllim başda olmaqla İnsan Hüquqları İnstitutunun bütün kollektivi elm ocağının binasının tikintisində hətta fəhləlik də edirdilər.

Rövşən müəllim təkcə öz institutunun tədbirlərinə məni dəvət etmirdi, hansı tədbirə dəvət edirdilərsə, mənə zəng vururdu. Bir dəfə də zəng vurdu ki, bəs qonaqlarım gəlib, onları Milli Məclis sədrinin 1-ci müavini Arif Rəhimzadə də qəbul edəcək. Sən gələrsən çəkməyə, - deyə ərklə əlavə etdi də... Oraya da “Xəbərlər”dən Sakit Ocaqlını təhkim etmişdilər. Dedim ki, Sakit sən çək, amma bir yerdə yazarıq. Ombudsman təsisatıyla bağlıdır görüş, incəlikləri bilirəm. Elə də oldu Sakit getdi çəkdi, qayıtdı. Elə yazmağa oturmuşduq ki, prezident çəkilişi çıxdı. Sakiti də ora göndərdilər. Qeydlərin də mənə verdi ki, bəs özün tək yaz, montaj da elə, mən getdim. Mən də Rövşən müəllimin zövqünü bilən adam kimi, süjeti hazırladım. Material efirə getdi. Zəng elədi ki, Sakit sağ olsun. Amma Mahir, sənə çatmaz. Sənin ruhun o materialda yox idi.

Rövşən Mustafayev və onun başçılıq etdiyi institut 1999-2009-cu illər arasında böyük layihələr həyata keçirdi. Özü də kiçik kollektivlə. Özü də Azərbaycanda yeni olan insan hüquqları sahəsində. Azərbaycana gələn Avropa Şurası, ATƏT, BMT, NATO və digər beynəlxalq təşkilatların nümayəndələri hökmən İnsan Hüquqları İnstitutuna gəlirdilər. Gələndə necə gəlirdilər və Rövşən müəllimlə görüşdən hansı təəssüratla və heyrətlə ayrılırdılar onu mən daha çox başa düşürdüm. “Heyrət” sözünü elə-belə işlətmədim.

Günlərin bir günü yenə də görüş idi. Qonaqlar gecikirdi. Penitensiar sahədə vəziyyətlə bağlı gəlmişdilər. Müxalifət liderləriylə görüşdən sonra İnsan Hüquqları İnstitutuna gəlməliydilər. Təsəvvür edirsiniz də orada onlara nələr deyəcəkdilər. Gəl indi ağ parçadan qara ləkəni sil. Yaxud da ki, vəziyyəti öz xeyrinə dəyiş. Rövşən müəllim fikirli görünürdü. Soruşdum ki, nə olub? Dedi ki, bəs bunlar 5-6 görüş keçiriblər. İndi mən onlara nə deməliyəm ki, fikirlərini, daha doğrusu təəssüratlarını dəyişdirə bilim, ya nə iləsə heyrətləndirim. 200 faiz onlara deyiblər ki, dövlət institutuyuq, mən də iqtidar. İndi özün görəcəksən ki, bura proqramlarına “quş” qoymaq üçün gəlirlər, yəni xala-xətrin qalmasın. Onlara əleyhimizə nəsə yazmaq üçün hər şeyi çatdırıblar. 


Qonaqlar gəldi. Rövşən müəllim xarici ekspertləri ağızlarını açmağa da qoymadı. “Nə danışacağam! Boş-boş danışmaqdan nə çıxar? Beynəlxalq təşkilat deyilsiniz? Gəlin birgə tədbirlər keçirək. Maarifləndirək camaatı. Yoxsa ki, gəldiz, danışdız, getdiz. Bir dənə də raport hazırlayacaqsınız. Elə bilirsiniz ki, bununla da iş bitir?”. Qonaqlar çaş-baş qalmışdılar. Daş qayaya rast gəlmişdi. Nədən başlayacaqdılar... onu da yaddan çıxarmışdılar. Rövşən müəllim isə davam edirdi: “Bizim institutun devizi belədir: “Biz işgəncələrə “Yox!” deyirik”. Gəlin birlikdə belə bir plakat buraxaq. Sonra cəzaçəkmə müəssisələrində məhkumların, türmə rəislərinin, Ədliyyə Nazirliyinin iştirakı ilə birgə seminarlar keçirək. Onlara hüquq-vəzifələrini başa salaq. Beynəlxalq təcrübəni aşılayaq. Polis Akademiyasında “İnsan hüquqları” dərsləri təşkil edək. Kafedra yaradaq”.

Qonaqlar nə danışacaqlarını bilmirdilər. Rövşən müəllim ağıl və bacarığı ilə, diplomatik şəkildə qonaqları pat eləmişdi. Sonda isə hökmən Azərbaycan qonaqpərvərliyi? “Bu gün filan restoranda qonağımsınız”.

Mənim bilmədiyim bu priyomlarla Rövşən müəllim həm də institutun beynəlxalq əlaqələrini genişləndirdi. Yeni elmi kadrlar yetişdi. Rus dilində “19-21-ci əsrlərdə erməni terrorçu və bandit dəstələrinin bəşəriyyətə qarşı cinayətləri” adlı qısa xronoloji ensiklopediyası meydana gəldi. Bu nəşr  Milli Təhlükəsizlik Nazirliyinin mükafatına layiq görüldü. Təqdimat mərasimində Rövşən müəllimə söz verildi. Fikirləşdim ki, nəsə “dejurnu”, yəni ənənəvi minnətdarlıq, təşəkkür sözləri deyəcək. Amma bir cümlə dedi: “Mən həyat yoldaşım Aytən xanıma minnətdaram”.

Arzuları böyük idi: Ona etmad göstərilsəydi və ombudsman seçilsəydi... Yaxud da elmi təşkilatları yeni yaradılan İctimai Televiziyada təmsil etsəydi neçə-neçə layihələrə imza atacağını artıq açıqlamışdı. İdeyaları arzu deyildi. Startda dayanan konkret layihələr idi. Və bunların hamısının televiziya versiyalarında mənə də yer var idi.  


Az vaxt ərzində çox ilklərə imza atdı. Azərbaycanın ilk siyasi elmlər doktoru oldu. Azərbaycanın ilk İnsan Hüquqları İnstitutunu qurdu. Azərbaycanda ilk dəfə türmədə məhbuslarla nəzarətçiləri yanaşı otuzduraraq onlar üçün seminarlar keçirdi. Azərbaycanda ilk dəfə bir qurum kimi “Ombudsman haqqında” qanun layihəsi hazırlayaraq, Milli Məclis qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Bunlar hələ mən bildiklərim, şahid olduqlarımdır.

Atam rəhmətə getmişdi. İnstituta - yanına gəldim. Bir vəzifəli adama əlimin çatmadığını dedim. Durdu ayağa, məni otuzdurdu yerində. 4 nömrə hökumət telefonunu qoydu qabağıma. Kitabçanı da verdi ki, nömrələr buradadır. Day soruşmadı ki, kimə zəng edirsən, niyə edirsən? Həmin adamı yerində tapmadım. Çağırdı köməkçisini ki, Mahir müəllim nə vaxt gəlsə, aç otağı hökumət telefonundan zəng edəcək. Bu mənim üçün milyon idi.

Ölümünə 5-6 ay qalmışdı. Əlbəttə ki mən nəinki bunu, xəstə olduğunu da bilmirdim. Zəng edəndə deyiridilər ki, “xaricdədir”. Fikirləşirdim ki, yəqin hansısa konfransdadır. Ara-sıra zəng etsəm də, görüşə bilmirdim. Düzün desəm incimişdim də. Tədbirlər də keçirmirdi. Bir gün isə zəng elədi ki, dur gəl yanıma. İnstituta girəndə Musa müəllimlə, Araz Qurbanovla görüşdüm. İncikliyimi onlara da dedim. Dedilər ki, bəs xəbərin yoxdur? Rövşən müəllim xaricdə müalicə olunurdu. İndi bir az babatdı. Yəqin səni də narahat etmək istəməyib. Otağına girdim. Qucaqlayıb öpdü məni. Çay gətizdirdi. Cibimə pul basdı. Etiraz elədim. Dedi ki, bu qardaş payıdır. Belə çıxır ki, nə vaxtsa mən dünyada olmayanda, oğlum yanına gəlsə, sən belə etməyəcəksən? Güldüm. Ayrılanda dözmədim soruşdum: “Axı, nə olub, Rövşən müəllim? Nə kömək? Bəlkə mən də həkim tanıyıram”. Güldü. Bircə söz dedi: “Mahir, qapını döydülər. Açdım. Gördüm ki, qocalıqdır”. İndi başa düşürəm ki, qocalıq yox, ölüm demək istəyirmiş. Sadəcə məni təsirləndirmək istəməyib. 49 yaşlı da qoca olar?!

Ölümünə az qalmış bir də zəng etdim. Qızım Suğranın toyu idi. Dəvətnaməni vermək istəyirdim. Dedim yanına gəlmək istəyirəm. Dedi ki, gəl. İnstituta gəldim, hamıyla görüşdüm. Həmişə gələndə birbaşa otağına girirdim. Köməkçi bu dəfə dedi ki, gözlə, telefonla danışır. Bir işçi girdi yanına, çıxdı. O biri girdi, çıxdı. 20 dəqiqə gözlədim. Qəbul etmədi. Kor-peşiman uzaqlaşdım. Dəvətnaməni də qəbul otağında qoymadım. Dedim ki, zəng edər ki, bəs hara getdin? Qayıt. Onda şəxsən özünə verərəm. Qəbul otağında qoysam hörmətsizlik olar. Zəng də etmədi. Bir müddətdən sonra eşitdim ki, xaricdə əməliyyat keçirib. Əməliyyat isə uğurlu olmayıb.

Atamın bir dostu xəstəydi. “Xərçəng” idi. Ümidsiz idi. Yanına kimsə dəyməyə gələndə üzünə tənzif örtürmüş ki, onu bu şəkildə görməsinlər. Yaddaşlarda əvvəlki kimi qalsın. Rövşən müəllim də yəqin bunu bilirmiş. O dediyi kimi də oldu: Yaddaşımda həmişəlik cavan, sağlam, enerjili, ağıllı, təcrübəli, gözəl həyat yoldaşı, qeyrətli oğul, qayğıkeş ata, təmənnasız, həmişəyaşar dost  kimi qaldı. Tanışlığımız “fransız məşuqələri” ilə başlandı, ölüm isə ona nöqtə qoydu.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü