Modern.az

Kino zallarında hansı filmlərə baxırıq? - Sorğu

Kino zallarında hansı filmlərə baxırıq? - Sorğu

Mədəni̇yyət

21 Noyabr 2013, 11:20

Son dönəmlər Bakıda kinoteatrların təmiri, o cümlədən Nizami Kino Mərkəzinin açılışı, habelə iri alış-veriş mərkəzlərində kino salonlarının istifadəyə verilməsi salonda kino izlənməsinə təsir göstəribmi?

Modern.az-ın sorğusu bu suala cavab axtarışıdır.


Gənc jurnalist Arzu Məmmədova
: “Yeni film gəldikcə kinoteatra gedirəm. “Alatoranlıq seriyası”dan olan, Vahid Mustafayevin müharibə mövzusunda çəkdiyi, Türkiyədən gətirilən filmlərə daha çox gedirəm. Bu filmlər ayağımızı kinoteatra açıb. Təkcə kino üçün yox, “Parni iz Baku” və Cem Yılmazın konsertlərinin video versiyalarına baxmaq üçün də getmişəm. Əlbəttə, onsuz da filmlərin çoxunu internetdə izləyirik. Amma kinoteatr zövqə qulluqdur. Özümü arada bundan məhrum etmirəm. Orda insanlarla bərabər, yaranan başqa bir enerji olur. Böyük ekranda səs və görüntü keyfiyyəti də bir başqadır. Bir neçə saatlığa özünü özəl hiss edirsən. Son getdiyim film də “Mahmud və Məryəm” idi”.

İbtidai sinif müəllimi Nailə Muradlı: “Son zamanlar heç getmirəm, təkbaşına getmək ləzzət eləmir. Amma internetdə filmlərə çox baxıram. Bioqrafik, dram, tarixi, sənədli filmlərə baxmağı xoşlayıram. Son baxdığım filmlərdən “Skafandr və kəpənək” , Steven Spilberqin “Savaş atı”nı çox bəyəndim”.


“Film fiction” jurnalının yazar, dizayner və tərtibatçısı Fuad Alqayev
: “Kinoteatra bəzən gedirəm. İnternetdə daha çox baxıram. Əlbəttə, kinoteatrda baxmaq ayrı zövqdür. Filmə kinoteatrda baxarlar. Böyük ekran, keyfiyyətli səs sisteminin yerini kompüterdə baxmaq verə bilməz. Amma məcburiyyətdən internetdə baxmalı oluram. Daha çox festival filmləri olanda, təsadüfən kinoteatrlarımızda göstəriləndə gedirəm. Onlar da çox izləyəni olmadığı üçün seansdan tez çıxarılır. Baxdığım filmlərdən “Samsara”nı bəyənmişəm. Sənədli film idi. Hətta iki dəfə gedib baxmışam. Üçüncü dəfə gedəndə artıq seansda yox idi. Amma sonuncu dəfə “Kelebeğin rüyası”na getmişəm, bəyənməmişəm.
İnternetdə də kütləsi az olduğu üçün kinoteatrlarda o qədər də göstərilməyən “art house”, yəni sənət filmlərinə baxıram”.


“Azadİnform”un əməkdaşı Leyla Məhərrəmova
: “Mən evdə oturub baxmağı üstün tuturam. Həm də kinoya vaxt tapmıram. Bir də kinoya baxanda səbirsizlənirəm. Tez bitməyini istəyirəm. Romantik filmləri çox xoşlayıram. Məsələn, “One day” (“Bir gün”) , “Remember me” (“Xatırla məni”), “Sweet november” (“Şirin noyabr”). Psixoloji filmlərdən isə “Black swan” (“Qara ququşu”) filmini çox xoşlamışdım”.


Qərb Universiteti, menecment fakültəsinin tələbəsi Tural Məmmədli
: “Axırıncı dəfə “Kelebegin rüyası” filminə baxmağa getmişəm. Əslində, çox film izləyən biriyəm. Amma kinoteatrlarda filmlər daha çox rusca olur. Türkcə olanlar da yaxşı filmlər olmur. Ona görə internetdən izləyirəm. Əsasən, dram, arada komediya filmlərinə üstünlük verirəm. “The reader” (“Qiraətçi”), “Anayurt Oteli”, “Masumiyet”, “Yazgı”, “Mary and Max” və.s  filmləri sevirəm”.


İTİ-nin əməkdaşı Sünbül Zalova
: “Bilmirəm axırıncı dəfə nə vaxt getmişəm. Kinoteatrdan çox vaxt olanda uşağı Kukla teatrına aparıram”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü