Modern.az

Bəstəkar Aygün Səmədzadə insanları ittiham, heyvanları müdafiə etdi - FOTO

Bəstəkar Aygün Səmədzadə insanları ittiham, heyvanları müdafiə etdi - FOTO

5 Mart 2014, 00:33

Tanınmış bəstəkar Aygün Səmədzadə heyvanlar müdafiəsinə qalxaraq, insanları onlara laqeydlikdə günahlandırıb. Modern.az-ın məlumatına görə, A.Səmədzadə sosial şəbəkədə paylaşdığı fikirlərlə heyvanları müdafiə edib. Yeri gəlmişkən, A.Səmədzadənin bu addımı təsadüfi deyil, heyvanlara xüsusi sevgi bəsləyən bəsəkar öz evində müxtəlif cinsdən olan xeyli it saxlayır. Bir müddət öncə onun Facebook-da paylaşdığı bir şəkil böyük marağa və müzakirələrə səbə olmuşdu. Buna görə bəstəkarı qınayanlar da, meüdafiə edənlər də tapıldı..

Modern.az saytı A.Səmədzadənin paylaşdığı fikirləri və fotoşəkli təqdim edir:

"Bu sətirlər bəlkə də çoxlarına qəribə gələcək. Bəziləri "eee, yenə it-pişik söhbəti" deyib agız da büzəcək... İnanmıram ki, yazdıqlarım məhz bu adamların içində nəyisə dəyişər, amma nə bilmək olar? Nə isə... Heyvanları nə qədər sevdiyimi çoxları bilir, bəziləri həmrəydi mənimlə, bəzilərinisə bu sevgi qıcıqlandırır hətta. Bəli, onları sevirəm, onlara bəzən adamlardan daha çox güvənirəm və sairə. Yer kürəsi və canlılar mövzusu məni hər zaman düşündürüb. İçimdə çoxlu suallar yaradıb Yer və canlıların qarşılıqlı münasibəti. Bu yaxınlarda isə oglum mənə bir kitab verdi. Dedi, bu əsəri oxu, həyata münasibətin tamam dəyişəcək. Etiraf edim ki, bu əsəri daha erkən oxumalıydım. Bəlkə də çoxunuz oxumusuz. Nə isə...

Təxminən, belə bir təsvirlə başlayan alleqorik əsər. Artıq müəyyən yaşa çatmış bir heyvan həyətdə olan bütün mal-qaranı, toyuq-cücəni, it-pişiyi başına yıgıb insan haqda çıxış edir və mən oxuya-oxuya yazılan hər sözə haqq qazandırıram. Və bir daha əmin oluram ki, dogrudan da insanın ən yaxşısı belə canlıların ən vəhşisi, tənbəli və xeyirverməzidir. İnsan dünyaya gəldiyi gündən dünyaya meydan oxuyur. Yalnız ziyan vurur. Təbiətdən qidalanır. Təbiətə divan tutur - qırır, dagıdır, zəhərləyir. Deyə bilərsiz, bəs elmi kəşflər, sənət, musiqi, ədəbiyyat və sairə? Bütün bunlar da yalnız insanın özü üçündür axı, ruhu, beyni üçündür. Yəni yalnız insan üçündür. İnsan binalar tikir, abidələr ucaldır, şəhərlər-yollar salır, daş, dəmir, agac, torpaq qoymur, hamısından nəsə umur.

Daim heyvanlardan şikayətçidir - "hər yeri ilan basdı, nə bilim, siçan tutdu, tülkü-canavar qapdı" deyir. Anlamır ki, özü hər an, hər saat heyvanların ərazilərini zəbt edir, dağları, meşələri, səhraları tutur. Sonra da "İtlər niyə hürür? Pişik niyə miyoldayır? İnəklər niyə az süd verdi? Toyuq niyə 5 əvəzinə 1 yumurtladı?" deyə soruşur. Arının balını yeyir, sancsa öldürür. Atı, eşşəyi, dəvəni, fili əziyyət verərək ölənə qədər işlədir. Nə bilim, yarışlarda qaçırdır, arenada oynadır, öldürür yeyir. Və dərk etmir ki, təbiətdən bu qədər almaga ona kim haqq verib? Nədən şikayətçidir? Yer üzündə yaşamaq haqqına bütün canlılar eyni dərəcədə malikdir. Ömrün müddətini Allah bilir, amma insan yaşamaq haqqını digər canlılardan bu qədər ala bilməz!

İnsan rahatlığı üçün bütün canlılardan istifadə edir. Bəs özü bunun əvəzində təbiətə ziyandan başqa nə verir? Mənimlə mübahisə etmək istəyənlər də ola bilər, dini kitablardan misallar gətirmək fikrinə düşənlər də ola bilər. Bütün yazdıqlarıma biganə qalanlar da. Amma mən düşünürəm ki, bəlkə də insan meymundan bu dərəcədə fərqlənmək həvəsində olmasaydı, dünya daha gözəl, rahat fırlanardı...

Bir sözlə, əsrlərin, qərinələrin mükəmməlləşdirdiyi eqoist insan, dünya təkcə sənin deyil! Belə getsə insan və ya heyvan olduğunun fərqində belə olmayacaqsan!

Qeyd edim ki, Orvelin "Animal Farm" hekayəsinin ilk səhifələrindən aldıgım təəssürat bu idi. Əsərin sonrakı inkişafı insan və heyvan məvhumlarının daha fəlsəfi-psixoloji açılışına aparır”.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü